• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nüsrət Kəsəmənlinin xanımı: "Onun sevdiyi qıza..." - FOTOLAR

Nüsrət Kəsəmənlinin xanımı: "Onun sevdiyi qıza..." - FOTOLAR

Rəhilə xanımla müsahibəyə getməmişdən öncə onun və onların tarixçəsi barədə bəzi məlumatım var idi.

Məsələn:

Bir-birilərinə rast gəlmədən öncə həyatlarının müəyyən hissəsi oxşar imiş: belə ki, hər ikisi nənə və babalarının himayəsində böyüyüb.

Universitetdə tanış olublar. Rəhilə xanım birinci, Nüsrət Kəsəmənli dördüncü kurs tələbəsi imiş. Rəhilə xanımdan savayı hər kəs Nüsrətin ona olan sevgisindən xəbərdar imiş. Günlərin bir günü bir oğlan əlində şeir yazılmış kağız parçası Rəhilənin yanına gəlir və yazını köçürməyi xahiş edir. Səhəri gün isə Nüsrət gəlib kağızı alanda Rəhilə başa düşür ki, bu oğlan tanınmış gənc şair imiş. Nüsrət o qədər utanırmış ki, Rəhiləyə hisslərini telefonla etiraf edib: “Bir gün məni telefona çağırdılar, xəttin o başında Nüsrətin imiş. Danışdı, nə danışdı (gülür). Sən demə mənim üzümə baxmağa utanırmış, ona görə də hisslərini telefonla deməyi qərara alıb”.

Rəhilə xanımın anası bu evliliyə narazı olsa da qız prinsipial imiş. Və günlərin bir günü, bütün çətinliklərə sinə gərərək, bu ailə qurulur.

Ardını isə nəğməkar şair, xalqın şairi Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənlinin dilindən eşidəcəksiniz. Rəhilə xanım böyük şairin “dostlarına” və dostlarına sözünü Teleqraf.com vasitəsilə dedi.

11 ildən sonra

Evim “Space” telekanalının yanındadır. Oradan işimə- Bakı Dövlət Universitetinə gələnə qədər hələ də yolboyu Nüsrətlə danışıram. O yolda bir o olur, bir mən. Ona ən çox da bunu deyirəm: “Nüsrət yadındadır, axı deyirdim ki, bunu belə eləməliyik, eləmədik”. Doğrudur, Nüsrətin elə hərəkətləri olurdu ki, hər qadın ona dözə bilməzdi. Amma mən güzəştə getməyə çalışırdım. Çox vaxt bir-birimizə sözü zarafatla deyərdik. Çoxları soruşur ki, evə gec gəlməyinə necə dözürdün? O mənə qarşı heç vaxt pis olmayıb. Elə hal olmayıb ki, ailəsinə qayğı göstərməsin, bizi diqqətsiz qoysun və mən buna dözüm, inanın, belə olmayıb. Bizdə münasibətlər qarşılıqlı olub. Əvvəldən bir-birimizə necə söz vermişdiksə, sona qədər də ikimiz sözümüzə əməl etdik. “Mən həddindən artıq kasıb oğlanam, evim yoxdur, tələbəlik illərini hansı evdə kirayədə qalmışamsa, ailəmi də ora aparacam. Amma istedadıma güvənirəm, inanıram ki, gələcəkdə mənim vəziyyətim yaxşı olacaq. Bütün varlığımı ailəmə sərf edəcəm, artıq hərəkətim olmayacaq. Ailə mənim başımın tacıdır”- demişdi və buna da əməl etdi. Mən ona inandım və yanılmadım. Elə ki, görürdüm evə əsəbi gəlib, süfrəni, yeməyini hazırlayıb, eyvana çıxırdım. Əsəbi soyuyandan sonra özü yanıma gəlirdi.

Hara gedirdisə getsin, arxayın idim ki, məndən artıq ona baxan olmayacaq. Hərlənib, fırlanıb, gəlib dayanacaq yanımda. Haradan və saat neçədə gəlməyinin fərqi yox idi, qapıdan içəri girən kimi mətbəxə keçib, qazanın qapağını qaldırardı. Mütləq süfrə açardım, bərabər yeyərdik, sonra yatardı.

Nişanlı vaxtı, elə ailəli olanda o qədər söz deyənlər, işimizə qarışanlar var idi ki... Hətta üstümə gələnlər də olurdu. Fikirləşirdim ki, bunlar kimdir ki, mənim işimə qarışırlar. Görünür bunlar nəyəsə nail olmayıblar, yandıqlarından aranı qarışdırmağa çalışırlar. Amma görsünlər ki, belə bir insanla ailə qurmaq olar, gözəl həyat sürmək də olar. Mən bunu da sübut etdim.

Nüsrətin ilk məhəbbəti

Bilirdim, onun Sevda adında istədiyi qız var. Qız da onu çox istəyirdi. O qız da Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsində oxuyurdu. Bu hadisə məndən öncə olmuşdu. Amma hiss edirdim ki, o qız üçün çox narahat idi, ilk sevgisini itirdiyinə görə bir yerdə bərqərar ola bilmirdi. Artıq ailəli idik, uşaqlarımız böyümüşdü, eşitdim ki, Sevda ağır xəstəliyə tutulub. Bunu Nüsrətə dedim və təklif etdim ki, xəstəxanaya yanına getsin, hal-əhval tutsun. Sonra hər axşam onu maşınla gəzdirirdi, evə gələndə mənə danışırdı. Bir dəfə Moskvaya gedirdi, Nüsrətə dedim ki, Sevdadan soruşsun, bəlkə oradan ürəyi nəsə istəyir. Şokoladlı zefir istəmişdi. Nüsrət Moskvadan qayıtdı, amma zefir yadından çıxdı. Anamın vasitəsilə Moskvadan zefir gətizdirdim və verdim Nüsrətə ki, apar bunu Sevdaya. Sevda çox ağır xəstə idi və tez rəhmətə getdi.

O vəfat edəndə qızın anası məni çağırtdırdı. Əlindəkiləri mənə uzatdı, “Sevda xahiş edib ki, bu hədiyyəni və yaylığı sizə verim. Rəhilə çox gözəl qız imiş, mən onu düzgün başa düşməmişəm”, dedi. O qızın şəklini indiyə kimi Nüsrətin stolunun üstündə saxlamışam. Mənə elə gəlir ki, bu hərəkətimlə Nüsrətin xatirəsini şad edirəm.

Ata kimi

O özü çox ağır həyat keçirmişdi, ona görə bütün diqqətini, istəyini uşaqlarına yönəltmişdi. O uşaqlarına ata deyildi, kiçik qardaş, dost idi. Etiraf edirəm ki, Nüsrətlə əsas və yeganə mübahisəmiz məhz uşaqlara görə olurdu. Uşaqlar da onunla necə istəyirdilər, elə də rəftar edirdilər. Elə zarafatlaşırdılar ki... Aralarında çox səmimi münasibət var idi.

Nüsrətin xəstəliyinin belə ağırlaşmağının əsas səbəblərindən biri də Arazın başına gələnlər idi. İnanın, maşınla yol gedirdik, az qalırdı maşınlara çırpılaq. Guya, yola baxırdı, amma fikri tamam başqa yerdə idi. Uşaqlar da onu çox istəyirdilər. Heç yadımdan çıxmır, İranda xəstəxanada idik, Nüsrətin vəziyyəti birdən-birə dəyişdi, Rəşad başını necə divara vurdusa, neçə yerdən qan axdı.

Qəfilmi gəldi, yoxsa... ?

Nüsrətin böyrəkləri xəstə idi. Hiss edirdim ki, xəstəliyi ağırdır, amma heç cür inana, qəbul edə bilmirdim. Elə bilirdim ayağa qalxacaq. Əməliyyata da böyük ümidim var idi. Amma əksinə oldu, əməliyyatdan sonra halı birdən-birə dəyişdi. Vəziyyəti ağırlaşanda dövlət tərəfindən dedilər ki, hansı ölkəyə istəyirsənsə ora da göndərək. Nüsrət İranı seçdi. Deyirdi ordakı insanlar məni tanıyır. İnanın, onu orda çox sevirdilər, xəstə ola –ola onu konfranslara, tələbələrlə görüşlərə aparırdılar. Xəstəxanaya girmək qadağan olsa da, hər səhər oyanırdıq ki, pəncərəmizin qabağı, şüşələr balaca güllərlə bəzədilib. Həkimlər əllərindən gələni etdilər, amma görünür gecikmişdik. Qəribəsi odur ki, mən xəstəxanada ola-ola onun öldüyünü iki gündən sonra öyrənmişəm. İki gün qapının arxasında həkimlərdən cavab gözləyə-gözləyə çarəsiz durmuşam. İki günün tamamında axşam vaxtı mənə dedilər ki, sabah sizi Azərbaycana yola salırıq. Onda belə elə bilirdim ki, Nüsrətin hal düzəlib, vətənə qayıdırıq. Səhər bizi yola salacaqları maşına baxıb, içəridə tabut görəndə hər şeyi anladım və gözləri doldu. Necə ki, mənə olan sevgisini məndən başqa hər kəs bilirdi, eləcə də ölümü məndən başqa hər kəsə agah imiş. Onun ölümü məni ruhən tamam çökdürdü. Hər şeydən əlim üzüldü. Bircə, uşaqlara baxanda deyirəm ki, onlar üçün yaşamaq, onlara kömək etmək lazımdır. Nüsrətdən sonra şeirlərini icazəsiz çap edən nəşriyyatlarla məhkəmə çəkişmələrimiz oldu. Biri hətta sənəd gətirmişdi ki, 2005-ci ildə Nüsrət müəllim kitabının çap olunması üçün bizə pul ödəyib. Mən də dedim ki, Nüsrət 2003-cü ildə rəhmətə gedib, evinə bir qəpik də göndərməyib, bu qədər pulu sənə necə göndərib? Xeyli kitablarını çap etdirdim.

Xalq şairi adını almayan xalq şairi

Bu onun üçün problem deyildi. Özü də deyirdi ki, mənim ən böyük fəxri fərmanım xalqın sevgisidir. Bu, bəsimdir. Elə şair var ki, çox sinəsinə döyür, amma bir kəs onun şeirinin adını belə bilmir. Amma Nüsrət poeziyaya möhürünü vurub. 2004-cü ildə “Xalq qazeti” qəzetində Prezidentin sərəncamını indiyə qədər saxlamışam. Soruşun niyə? Çünki orada bir cümlə var:”Azərbaycan ədəbiyyatı və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində kiril qrafikası ilə çap olunmuş əsərlər latın qrafikası ilə yenidən nəşr olunsun və kütləvi şəkildə yayımı həyata keçirilirsin, gələcək nəsillərə çatdırılsın”. Bu siyahıda Nüsrətin də adı var. Mənə bundan artıq nə lazım idi? Prezident artıq bunun ən klassik tərifini verib. Bir də ki, ömür vəfa etmədi, əgər Nüsrət 60-70 yaş yaşasaydı, bütün titulları alacaqdı.

“Dostları”

Dost dediklərinin adını çəkməyin, çox xahiş edirəm. Mən Nüsrətlə tanış olanda onun ətrafında dost dediyi iki adam var idi. Onlar bir-birilərindən uzaq duranda dünya dağılardı. Gecə -gündüz bilmirdilər, heç əkizlər bir-birilərinə belə yaxın olmazdılar ki, onlar yaxın idilər. Hətta ezamiyyətə gedəndə belə arayış kağızlarını bir-birilərinin vaxtına uyğun alardılar. Şənbə-bazar günləri Nüsrət ailəsi-bizimlə birgə olanda belə iki dostu zəng vursa, onu harasa çağırsa, mütləq gedərdi. Süfrə başından durub onlarla görüşə gedərdi və bir-birilərindən ayrı tikə yeməzdilər. Amma mən sonra başa düşdüm ki, onlar elə süfrə dostları imiş. Bu 11 ilin içində onların yadına düşmədi ki, dost dediyimiz adamın məzarı varmı, yoxmu, haradadır? Yaxud ağır xəstə yatdığı 2 il ərzində birinin də nə zəngini gördüm, nə də qapıdan içəri girdiyini... Bu baş versəydi, Nüsrət sevinərdi ki, ailəmin yanında dostlarıma görə peşman olmadım. Yanılmışdı, peşman olmuşdu- bunu onun ailəsi və ona yaxın olan mən açıq-ayın hiss edirdik. Bir dəfə onunla söhbətimizdə “Nüsrət, peşmançılıq çəkirsənmi?” dedim. Bilirdi nəyi nəzərdə tuturam. “Mən peşmançılığı heç vaxt dilimə gətirmirəm. Çünki peşmançılıq mənim üçün ikinci məğlubiyyətdir”, dedi. Onunla oturub- duranlar bilir mən cümləni necə işlədirəm, Nüsrətin bu cümləsi onlara çox tanış gələcək. Mən onun dostlarının çox vəfasız olduğunu gördüm. Deyirlər, uman yerdən küsərlər. And olsun balalarımın canına mən ummadım da, küsmədim də. Zorla istək olmaz. Bizim ailə ilə maraqlanmayıb, yaxşı ediblər. İstəməyib maraqlanmayıblar. Buna görə kimisə mühakimə etmək olmaz. Amma siz heç dostluğunuzu da göstərmədiniz. Mənə ən çox təsir edən məqam o oldu ki, Nüsrət iki il xəstə yatdı, o iki nəfərdən birini onun başının üstündə görmədim. Nüsrəti tanıyan biri kimi deyirəm: Nüsrət küsəndə qəlbi sınmır, çilik-çilik olur. O sizin salama “əleykim salam” demədi. Mən kiminsə yanında ünvanınıza pis nəsə deməmişəm. Amma sizin elədiyiniz dostluqdan deyildi. Nüsrətin sözü olmasın “Yox ol, uzaqlarda duman tək, çən tək”. Və “Oyatma, mürgülü xatirələri”. Kimləri nəzərdə tuturam, bunu özləri yaxşı bilir.

Və dostları

Nüsrət dostlarından tamam tədric olunmamışdı. O xəstə yatanda o qədər insan evimizə gəlirdi ki, inanın, bütün günü ayaqüstə olurduq. Heç yadımdan çıxmır, Zəlimxan Yaqubdan elə yaxşılıqlar gördüm ki, sadəcə deyə bilmirəm. Onu ancaq əmi, dayı edə bilərdi bizim ailəyə. Müğənnilərin həmişə bizə münasibəti yaxşı olub. Birini o birindən ayıra bilmirəm. Nazənin, Nazpəri, Nüşabə eləcə də digərləri hər tədbirlərimizdə, şənliklərimizə canla-başla iştirak ediblər. Adlarını çəkmədiyim neçə-neçə insanın çox əziyyəti var. Hətta sonra elə insanlar bizə kömək elədilər ki, bunun hamısını biz Nüsrətin yoxluğunda gördük, hiss etdik, yaşadıq. Mən elə onlara əsl dost deyirəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR