• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Aydın Mirzəzadə: “Çox deyirdilər Eynulla Fətullayevin komandası var...” - MÜSAHİBƏ

Aydın Mirzəzadə: “Çox deyirdilər Eynulla Fətullayevin komandası var...” - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.Az-ın suallarını cavablandırıb.

- “Eurovision” mahnı müsabiqəsi ərəfəsində bir çox beynəlxalq təşkilatların hesabatları, xarici mətbuatda Azərbaycanla bağlı tənqidi yazılar, diplomatik missiyaların müxalifət liderləri ilə görüşləri müxalif düşərgədə Qərbin onlarla işləmək istədiyi, onları dəstəklədiyi fikrini oyatdı. Bəs mahnı müsabiqəsindən sonra baş verənlər hansı fikir yürütməyə əsas verir?

- Qərb, o cümlədən beynəlxalq təşkilatlar Azərbaycan dövləti və cəmiyyəti ilə işləmək, əməkdaşlıq etmək istəyini həmişə ortaya qoyub. Bunu Azərbaycan vətəndaşı da kifayət qədər yaxşı görür və başa düşür. Sadəcə, müxalifətin radikal qanadı Avropanın, bütövlükdə Qərbin ancaq onları tanıdığı, onların məlumatları əsasında işlədiyi barədə cəmiyyətdə səhv təəssürat yaratmağa çalışırdı. Bu təəssüratın qurbanı da ilk növbədə özləri oldu.

- ABŞ dövlət katibi Hillari Klinton Gürcüstandan fərqli olaraq Azərbaycanda müxalifətlə görüşmədi...

- Hillari Klintonun müxalifət liderlərini qəbul etməməsi, eləcə də son günlər müxalifət daxilində baş verən proseslər onların cəmiyyəti aldatdığı və özlərinin hansı vəziyyətə düşdüyünü göstərir. Bir qayda olaraq Avropa Şurası Parlament Assambleyasının onların məlumatlarına istinad etməsi ilə bağlı fikir formalaşdırmağa çalışırlar. Ancaq dünən AŞPA məruzəçilərinin mətbuat konfransında Azərbaycanda gedən proseslərə real qiymət vermələri bu beynəlxalq qurumun həm müxalifətdən, həm də iqtidardan kənar müstəqil fəaliyyət göstərməsini bir daha sübut edir.

Diqqətiniz keçmiş “Gündəlik Azərbaycan” qəzetinin işçiləri arasında gedən polemikaya yönəltmək istəyirəm. Jurnalistlərdən biri Norveçdə olarkən qarşılaşdığı bir faktla, yəni Eynulla Fətullayevin bu ölkədə tanınmadığı haqqında informasiya verdi. Bunlar özü göstərir ki, bu və ya digər beynəlxalq təşkilatın, hansısa ölkənin onları müdafiə etməsi barəsində verdiyi bəyanatlar quru sözdən başqa bir şey deyil. Beynəlxalq ictimaiyyət də, ayrı-ayrı dövlətlər də Azərbaycan hakimiyyəti, cəmiyyəti ilə işləyir. Onlar nə iqtidarın, nə də müxalifətin yanındadır. Onlar hansısa bir siyasi qüvvənin dəstəkçisi olmaq fikrindən çox uzaqdırlar. Onlar Azərbaycan reallığını qəbul edirlər.

- İddia edilir ki, müxalifət düşərgəsində baş verən məhvolma prosesi yeni siyasi qüvvələrin meydana çıxmasını şərtləndirir. Bu barədə sizin fikriniz necədir?

- Prinsipcə, bu çoxdan proqnozlaşdırılır və Azərbaycan siyasi həyatında konstruktiv müxalifətin meydana gəlməsi müşahidə edilir. Bu tezis 2005-ci il parlament seçkilərində də özünü göstərdi. Zaman keçdikcə bu tezisin reallıq olduğu görünür.

İndiki radikal müxalifət vaxtilə müxalifətin əsas qanadı idi. Amma indi həmin düşərgə nəinki cəmiyyətdə, hətta yaxın tərəfdarları arasında da nüfuzdan düşür. Bu gün parlament müxalifəti var, cəmiyyətdə demokratik baxışları, proseslərə özünün yeni təfəkkürü ilə yanaşan bir müxalifət var. Bununla belə, ümumilikdə müxalifətin ətrafında böyük qüvvənin olacağı da inandırıcı deyil. Müxalifət o zaman güclü olur ki, iqtidar zəif olsun, vəzifəsini yerinə yetirə bilməsin, daxili və xarici siyasətdə uğursuzluğa düçar olsun. Bu olmadığına görə aydındır ki, müxalifət narazıların tribunası ola bilmir.

-Hesab edirsinizmi ki, Qərbin özü də güclü bir müxalifətin olmasında maraqlıdır?

- Qərb heç şübhəsiz ki, demokratik Azərbaycanın olmasında maraqlıdır. Bu olduqda onun hansısa bir siyasi qüvvəyə dəstək verməsinə ehtiyac qalmır.

- Müxalifət düşərgəsində ciddi müzakirə olunan vahid namizəd məsələsinə münasibətiniz necədir?

- Hesab edirəm ki, növbəti boş söhbətlərdir. Müxalifətin heç vaxt vahid namizədi olmayıb. İş orasındadır ki, hər biri vahid namizəd deyəndə öz partiyasının liderini başa düşür. İddialar, eyni zamanda konfliktlər o qədər dərindir ki, nəinki ümumilikdə müxalifətin, bir-birinə yaxın olan müxalif siyasi partiyaların belə, vahid namizəd irəli sürməsi gerçəkləşmir.

- Müxalifət partiyalarının rəhbərləri Azərbaycanda səfərdə olan ATƏT sədri Eymon Gilmor ilə görüşündə Seçki Məcəlləsinə dəyişikliklər edilməsinin vacibliyini dilə gətiriblər...

- Müxalifət istədiyi məsələni gündəmə gətirə və müzakirə edə bilər. Demokratiya odur ki, hər kəs özünün mövqeyini ortaya qoyur. Konkret olaraq həmin təklifin həyata keçirilməsi üçün böyük qüvvə, parlamentdə çoxluğa malik olmaq lazımdır. Cəmiyyətin əksəriyyəti təklifi dəstəkləməlidir. On nəfərin hansısa bir ideya irəli sürməsi normal bir haldır. Amma on nəfər öz fikri məcburi şəkildə on milyona qəbul etdirə bilməz.

- Həmin görüşdə iştirak edən parlament müxalifəti isə parlamentdə fraksiyanın yaradılmasının mümkün olmadığı, qanunvericilikdə bununla bağlı məhdudiyyətlər olduğunu bildirib. Məhdudiyyətlər varmı?

- Qanunvericilikdə bununla bağlı məhdudiyyətlər yox, normativlər var. Hesab edirəm ki, mənim kollegiyam məsələyə bir qədər yanlış yanaşır. Parlament fraksiyasının yaradılması üçün parlamentdə azı 25 nəfərin bir araya gəlməsi kifayətdir. Müxalifət hətta bunun beş nəfərə endirilməsini tələb edir. Bu isə fraksiya deyil, kiçik bir qrup olur. Fraksiyanın həm məzmunu, həm də funksiyaları çox fərqlidir. Fraksiya alternativ layihə, alternativ məruzə ilə çıxış edir. Təsəvvür edin ki, hər beş nəfərdən ibarət fraksiya yaradılarsa, parlament iclasları sonu görünməyən bir söhbət məclisinə çevriləcək.

- Bəzi müxalifət liderlərinin Əli İnsanovun azad olunması üçün Avropa Məhkəməsinə müraciətinə münasibətiniz necədir?

- Avropa Məhkəməsi siyasi məsələlərə baxmır, hüquqi məsələləri aydınlaşdırır. Onlar yaxşı bilirlər ki, bu müraciətin heç bir nəticəsi olmayacaq. Bu, bir qrup insanların siyasi mövqeyidir.

Eynulla Fətullayev və onun işçiləri bir komanda idi. Lakin bu gün mətbuatda bir-birlərinə ağır sözlər deyirlər. Bu insanlar üçün siyasi bir hərəkat anlayışı mövcud deyil və bu insanların səmimiyyətinə də inanmıram. Bu gün dost olan insanlar, sabah bir-birinin ünvanına təhqir edici sözlər deyirlər. Bu addım cəmiyyətə onları bir daha tanımağa imkan verdi.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR