Sahib Alıyev: “Məhkəmə sahəsində şəffaflığa ehtiyac var” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Sahib Alıyev: “Məhkəmə sahəsində şəffaflığa ehtiyac var” - MÜSAHİBƏ

Hesabatda Azərbaycanda insan haqları sahəsində 3 əsas problem – birincisi, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının pozulması, ikincisi, icra hakimiyyəti orqanlarının məhkəmə hakimiyyəti üzərində hədsiz təsirləri, üçüncüsü isə insanların mülkiyyət hüquqlarının pozulması qeydə alınıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, bitərəf deputat Sahib Alıyev Publika.Az-a müsahibəsində hesabatın Azərbaycana aid hissəsini dəyərləndirib.

- Hesabatda Azərbaycanda insan haqlarının pozulduğu bildirilir. Bununla bağlı nə deyə bilərsiniz?

- İnsan haqları qorunması sahəsində çatışmazlıqlar bütün dünya üçün xarakterikdir. Harada insan varsa orada insan haqları ilə bağlı problemlər olacaq. Problemlər Amerikada da var. Azərbaycanda insan haqlarının pozulması məsələsindən söhbət gedirsə, öncə haqqı tapdanmış milyonlarla qaçqın və məcburi köçkünlərin məsələsi gündəmə çıxmalıdır. Bu yöndə böyük dövlətlərin, o cümlədən ATƏT-in Minsk Qrupunun üzvü olan ABŞ-ın öhdəliyi var. Bu öhdəlik yerinə yetirilməlidir.

- Sənəddə Azərbaycanla bağlı 3 əsas problemin mövcud olduğu bildirilir. Bunların üzərində ayrı-ayrılıqda dayanmağınızı istərdik.

- Bəlli olduğu kimi, kütləvi aksiyaların keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti konkret yerlər ayırıb. Hesab edirəm ki, Azərbaycanda sərbəst toplaşma azadlığının məhdudlaşdırılması məsələsi problem səviyyədə deyil. Qanunsuz aksiyaların qarşısının alınmasına gəldikdə, çox uzağa getmək lazım deyil. Bir neçə ay öncə biz ABŞ hüquq-mühafizə orqanlarının qanunsuz aksiyaların qarşısını necə aldığını və lazım gələndə aksiya iştirakçıları ilə necə amansız davrandığını gördük.

- Sənəddə digər problem kimi vətəndaşların mülkiyyət hüquqlarının pozulması göstərilib...

- Hesabatda Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərindən bəhs edilib. Bu ərazilər sənəddə işğal olunmuş ərazilər adlandırılıb və açıq şəkildə bildirilib ki, həmin ərazilər Ermənistanın dəstəyi ilə işğal altında saxlanılır. Əgər söhbət mülkiyyət hüquqlarının pozulmasından gedirsə, mənə elə gəlir, öncə bu məsələ qabardılmalıdır.

Çünki həmin ərazilərdən məcburən köçürülmüş yüz minlərlə insanın evləri yerlə-yeksan edilib. Onlar buna görə işğalçı qüvvələrdən bir qəpik də olsun kompensasiya almayıblar. Çox təəssüf ki, bu, müzakirə mövzusu deyil.

O ki qaldı konkret olaraq həm bu hesabatda yer alan, həm də Qərbdəki ayrı-ayrı media orqanlarında Azərbaycanda mülkiyyət hüquqlarının pozulması məsələsinə, hər kəsə aydındır ki, total şəkildə pozuntu faktı yoxdur. Hər kəs gözəl bilir ki, dövlət mülkiyyəti özününküləşdirərkən insanlara kompensasiya ödəyib.

Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, burada mülkiyyət dövlət ehtiyacları üçün alınarkən ədalətli prinsiplər əsas götürür. Eyni zamanda mən kiçik istisnalar olduğunu da, yerlərdə məmur özbaşnalıqlarını, bürokratiyanı da istisna etmirəm.

Lakin yenə qeyd etmək istəyirəm ki, mülkiyyət sahəsində total pozuntular baş verməyib. Bunu bir irad kimi irəli sürmək düzgün deyil. Bütövlükdə götürdükdə, deməliyəm ki, bu məsələ Dövlət Departamentinin hesabatına salınacaq məsələ deyildi.

- Hesabatda icra hakimiyyəti orqanlarının məhkəmə hakimiyyəti üzərində hədsiz təsirlərinin olması qabardılıb...

- Azərbaycanda hakimiyyətin qolları arasında bölgü aparılıb. Məndə Dövlət Departamentini haqlı çıxaran fakt yoxdur. Ümumiyyətlə, ABŞ Dövlət Departamentinin bütün postsovet ölkələrinə dair hesabatlarında məhkəmə hakimiyyəti ilə bağlı iradlar yer alır.

Bununla yanaşı mən təbii ki, Azərbaycanda məhkəmə hakimiyyətinin gücləndirilməsinə, burada proseslərin daha şəffaf olmasına ehtiyac görürəm. Bununla bağlı son vaxtlar bir-birinin ardınca xeyli qanunvericilik aktları və qanunlara düzəlişlər qəbul edilib. Məqsəd həm məhkəmələrin özlərinin fəaliyyətinin gücləndirilməsi, həm də şəffaflığın təmin edilməsidir.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm