• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Lavrovun səfəri göstərdi ki...” - Müsahibə

“Lavrovun səfəri göstərdi ki...” - Müsahibə

- Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana son səfərini necə dəyərləndirirsiniz?

- Bilindiyi kimi, Sergey Lavrov Bakıda təmaslarını İrəvana səfərini başa vurduqdan sonra davam etdirib. Rəsmi məlumatlara görə, Azərbaycan və Ermənistan səfər Moskvanın bu ölkələrlə diplomatik münasibətlərinin 20 illiyi ilə bağlıdır. Lakin istər Ermənistanda, istərsə də Azərbaycanda Rusiya xarici siyasət idarəsi rəhbərinin kifayət qədər kritik əhəmiyyət kəsb edən mövzular ətrafında danışıqlar aparacağı əvvəldən bilinirdi.

Bakıya gəlişindən əvvəl Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbəndyanla danışıqlardan sonra mətbuat qarşısında Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanın qoşulmağa hazırlaşdığı “Transxəzər” qaz kəməri layihəsinə dair bəyanatlar verdi.

Aprelin 3-də Bakı danışıqlarında Dağlıq Qarabağ məsələsinin nizamlanması yenə müzakirə mövzularından biri oldu. Lavrovun fikrincə, status-kvo nə Azərbaycanın, nə də xarici aləmə çıxış əldə etmək istəyən Ermənistanın maraqlarına cavab verir. Lavrov həmçinin BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi fikri ilə də razılaşmadı. Bu zaman o, qeyri-dəqiq faktlar göstərdi. Ümumiyyətlə, Lavrov problemin güc yolu ilə həllinə qarşı çıxdı.

Lavrovun sözlərindən anlaşıldı ki, Rusiya Qarabağın işğalına dair BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsini dəstəkləmir. Təsadüfi deyil ki, məhz bu fikirlərdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarına etiraz etdi. O bildirdi ki, qətnamələrinin “qüvvədə olma müddəti” yoxdur, onlar yerinə yetirilməlidirlər.

Fikrimcə, Moskva yenidən regionu tam nəzarəti altına almağa çalışır. Məhz bu səbəbdən Sergey Lavrov Xəzər hövzəsindən istifadə məsələlərinə xarici oyunçuların müdaxiləsini yolverilməz adlandırdı. Lavrov xarici oyunçuların, bu halda Avropa İttifaqının Xəzəryanı dövlətlərə hörmətlə yanaşmalı olduğu qənaətini vurğuladı.

Rusiya XİN başçısının ölkəmizi “Transxəzər” kəmərindən uzaq durmağa çağırması onun səfərinin əsl məqsədinə üzə çıxardı. Deməli, Kreml bölgədəki vəziyyətdən ciddi şəkildə narahatdır. Bir sözlə, Rusiya regiondan çəkilmək istəmir, buraları hələ də öz “arxa bağçası” olaraq görməyə davam edir.

Qeyd edək ki, xarici işlər nazirlərinin görüşündə Qəbələ RLS-in Rusiya tərəfindən icarəsi haqqında sazişin müddətinin uzadılması üzrə danışıqları prosesinin sürətləndirilməsi məsələsinə də toxunulub. Həmçinin görüşdə Xəzərin hüquqi statusu ilə bağlı məsələlər, ticarətin inkişafı, federal mərkəzlərlə əlaqələrin inkişafı, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

- Bəzi ekspertlər səfəri İranla bağlı əlaqələndirirlər. Siz necə düşünürsünüz, Rusiyanın İran məsələsində Azərbaycana hansısa təzyiqlər etməsi mümkündürmü?

- Azərbaycan coğrafi mövqeyi səbəbindən Rusiya Federasiyası, Ermənistan və İranın əhatəsindədir. Rusiya və İran özlərinin mənfəətləri istiqamətində Xəzər dənizində başqa neft istehsalçılarının olmasını və Qərb ölkələrinin bu sahədə söz yiyəsinə çevrilməsini istəmirlər. Rusiya XİN başçısının ölkəmizi “Transxəzər” kəmərindən uzaq durmağa çağırışı bunu bir daha təsdiqləyir.

Bundan başqa Azərbaycanın İsraillə 1,6 milyardlıq silah sövdələşməsi həm Rusiyanı, həm də İranı qıcıqlandırıb. Çünki Rusiya Azərbaycanı silah bazarı kimi itirmək istəmir. İran isə İsraili özünə düşmən görür. Daha sonra İran İslam Respublikası ilə əlaqəli olduğu iddia edilən bəzi şəxslərin İsrail rejiminə qarşı hücum planlaşdırması ittihamı ilə Bakıda həbs olunmmasına İran sərt reaksiya vermişdi.

Dünya mətbuatında Azərbaycanın hərbi hava bazalarına İsrail rejiminin girişinə icazə verildiyini xəbərləri ikili əlaqələri ciddi şəkildə zədələyəcək məsələlərdir. Hərçənd ABŞ səlahiyyətliləri ortada «yazılı bir şey» olduğuna inanmadıqlarını, ancaq İsrail rejiminin qırıcılarının bir hücumdan sonra Azərbaycana eniş icazəsini istəməsi və bu icazəni alacağı istiqamətində şübhələrinin olmadığını söyləyirlər.

Digər tərəfdən xəbərin dərcindən dərhal sonra rəsmi Bakı bu iddiaları təkzib etdi və Azərbaycanın öz torpaqlarından İran, Türkiyə, Rusiya və Gürcüstana istiqamətlənmiş hər hansı bir hərəkətə icazə verməyəcəyini bəyan etdi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın Türkiyə və Qərb yönümlü bir siyasət izləməsi, İranla əlaqələri hər zaman gərgin tutur.

Əslində, bu cür şəraitin yaranmasının səbəblərindən biri bəzi Qərb ölkələrinin Rusiyanın addımlarına zəif reaksiya verməsidir. Rusiya bu cür siyasətinə qarşılıq görmədiyi üçün təzyiqlərini daha da artırmaqdadır.

- Bəs, Vladimir Putin dönəmində Azərbaycan-Rusiya əlaqələri yeni müstəviyə keçə bilərmi?

- Rusiyanın Qafqaz bölgəsində silahlı güc nümayişi Qərb tərəfindən daha liberal lider kimi dəyərləndirilən Medvedevin prezidentliyi zamanı gerçəkləşdi. Prezident kürsüsünə daha qətiyyətli Vladimir Putin qayıdışı problemlərə yanaşma tərzini daha da sərtləşdirəcək. Zənnimcə, bölgədəki problemləri hazırkı vəziyyətdə saxlamaq artıq mümkünsüz görünür.

Əgər Putinin sərt daxili siyasəti xarici siyasətə də proyeksiya olunsa, Rusiya keçmiş SSRİ ərazisində mövcud olan bütün münaqişələrin donunun açılmasına maraq göstərəcək. Lakin Rusiyanın Cənubi Qafqazda belə bir militarist konsepsiya ilə iştirakı üçün artıq çox az əsas var.

Konkret olaraq Vladimir Putin dönəmində Azərbaycan-Rusiya əlaqələrinə gəlincə, bir sıra məsələlərdə ölkələrin maraqlarının zidd olmasına baxmayaraq bu əlaqələrin daha da inkişaf edəcəyinə inanıram. Çünki bu ölkələrin bir-birinə geopolitik olaraq ehtiyaci var.

- Bu il Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa fəallığı gözlənilirmi?

- Sergey Lavrovun səfərindən Qarabağ münaqişəsinin həllində Rusiyanin mövgeyinin dəyişmədiyini hiss etmək mümkündür və bunun da Azərbaycana yalnız mənfi istiqamətdə təsir göstərəcəyini qeyd edə bilərəm.

Elnur Eltürk

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR