“Şimali azərbaycanlılar Güney Azərbaycan təşkilatlarının dağılmasına səbəb olacaq”
Bizi izləyin

Nida.az

“Şimali azərbaycanlılar Güney Azərbaycan təşkilatlarının dağılmasına səbəb olacaq”

“Şimali azərbaycanlılar Güney Azərbaycan təşkilatlarının dağılmasına səbəb olacaq”

Bu ilin martın 15-də Danimarkanın Kopenhagen şəhərində mühacirətdə olan Güney Azərbaycan təşkilatları bir araya gələrək Güney Azərbaycan Parlamenti yaratmaq haqqında qərar qəbul ediblər. Lakin dünyanın müxtəlif yerlərində yaşayan güneyli soydaşlarımız bunu birmənalı qarşılamır. Publika.Az mühacirətdə yaşayan güneyli siyasi fəal İşıq Sönməzin bu məsələlərlə bağlı birlik.se saytına müsahibəsini ixtisarla təqdim edir.

- Bu gün siyasi təşkilatların fəaliyyəti qeyri-demokratik cəmiyyətlərdə necədir və nə ilə fərqlənir?

- Demokratik cəmiyyətlərdən fərqli olaraq qeyri-demokratik cəmiyyətlərdə siyasi mövqe tutma məsələsində bir çox siyasi partiyalar, dərnəklər ortaqlıq edə bilməzlər. Xalqın azad səsverməsi ilə hansısa bir partiya, yaxud şəxs qalib gələ bilər. qalib gəlmiş şəxs digər siyasi və ictimai təşkilatların ortaqlığına, yəni hakimiyyətin təşkilində, ölkənin idarə olunmasında onlara imkan vermirsə, bu, diktatorluğa və cəmiyyətin siyasi baxımdan geri qalmasına yol açır. Qeyri-demokratik quruluşlar sərhəd tanımaz. Belə qeyri-demokratik hakimiyyətlərə misal kimi kommunist-Rusiya, Çin, nasional-sosialist-Hitler Almaniyası, yaxud da din donuna bürünmüş hakimiyyətləri göstərmək olar. Deməli siyasi partiyaların təmsilçiliyi ilə xalq hakimiyyəti olan demokratik nizamdan artıq demokratik ola bilməz.

Farslığı əsas götürmüş İran islam Resıpublikası da bu deyilənlər baxımından tarix yazıb. Bildiyimiz kimi, İranda “İslam hakimiyyəti”- bəli, yoxsa xeyr” səsverməsi ilə “farslıq hakimiyyəti” yaradılıb.

“Dünya ictimaiyyəti Güney Azərbaycan Parlamentini tanımaz”

- Mühacirətdə yaradılan Güney Azərbaycan Parlamenti haqda nə deyə bilərsiniz?

-Hakimiyyət və dövlətçiliyi bir ağac hesab etsək, parlament da bu ağacın əsas qollarından biri sayılır. Buna görə də Güney Azərbaycan Parlamenti ifadəsi ortaya qoyularkən Güney Azərbaycan Dövlətçilik məsələsi ortaya çıxır. Güney Azərbaycan torpaqları bu gün fars istismarçılığına məruz qalıb. Orda Azərbaycan dili və mədəniyyəti əsasında hakimiyyət qurmaq imkanı yoxdur. Eləcə də oradakı türk xalqının bu təşkilata seçimlər aparmasına, onların xaricə gəlməsinə imkan verilmir. Buna görə də dünya ictimaiyyəti bu qurumu xalq iradəsi olmadığı üçün hüquqi baxımdan qanunverici orqan kimi tanımaz. Ən yaxşı halda bu qurum xaricdə Güney Azərbaycanın siyasi təşkilatları və şəxslərindən təşkil olunmuş siyasi qurum sayılacaq. Bu qurum tarixdəki siyasi təşkilatlar kateqoriyasından “Cəbhə”, “Milli Şura”, yoxsa “Milli Qurultay” sayılmalıdır. Vaxtilə Milli Şura Azərbaycan adına kiçik siyasi qruplar tərəfindən yaradılıb, lakin Milli Şura adı bu gün dondurulduğu üçün bəlkə də çarəsizlik üzündən bir-biri ilə dil tapa bilməyən Güney Azərbaycan təşkilat məsulları bu ada sığınmalı olublar. Beləliklə Güney Azərbaycan Mühacir Parlamenti 2014-cü ilin 15 martında ortaya çıxıb. Bunun necə bir təşkilat olub-olmadığı isə hələlik bəlli deyil. Məlumatlara görə bu ilin mayında Güney Azərbaycanın siyasi təşkilatları bir araya gələrək bu qurumu rəsmən yaradacaqlar. Lakin buna baxmayaraq, keçmişdə Milli Qurultay adı yerinə Dünya Azərbaycanlıları Konqresi və Güney Azərbaycanlılar Konqresi deyildiyi üçün yeni qurulan bu təşkilatın adı Güney Azərbaycan Mühacirlər Qurultayı olsa daha düzgün olardı.



-Parlament konkret olaraq hansı məsələləri həll etmək üçün lazımdır?

- Dediyim kimi, buna Güney Azərbaycan Mühacirlər Qurultayı adı verilməlidir və hansısa səhv, yaxud mənəm-mənəmlik üzündən qanadlara bölünərsə Güney Azərbaycan parlamenti anlayışı belə hallardan uzaq olmalıdır. Bu qurum- Güney Azərbaycan Mühacirlər Qurultayı deyək- lazımi zamanlarda Güney Azərbaycan türklərinin siyasi təşkilatlarının nümayəndəsi olaraq Güney Azərbaycan milli və siyasi məsələlərinə dair yetkili və təmsilçi kimi çıxış etməlidir.

“Parlament adının bu yeni təşkilata verilməsini doğru hesab etmirəm”

-Kopenhagendə baş tutmuş bu təşəbbüslə bağlı son günlər tənqidi fikirlər səsləndirilir. Sizin yanaşmanız necədir?

- Bu tənqidlər baş verə biləcək yanlışların qarşısı almağa hesablanırsa, siyasi təşkilat özünü buna açıq tutmalı və normalı qəbul etməlidir. Buna baxmayaraq, “Azəriha” adlı paniranist və faşist qruplara bağlı axınlar da Güney Azərbaycan milli fəallarının bir araya gəlməsində narahatlıq keçirirlər. Onlar təxribat xarakterli yazılar yazaraq Azərbaycan milli hərəkatını şantaj etməklə məşğuldur. Bunu başa düşmək çətin deyil.

-Bunun Vətəndən kənarda yaradılması seçki məsələsini çətinə salır və qarşı tərəflər “parlamenti millət seçər” fikirlərini irəli sürəcək. Bununla bağlı nə deyə bilərsiniz?

- Parlament adı olduqca böyükdür. Güney Azərbaycan təşkilatları da gəncdirlər və bir-birinə inam məsələsində çətinliklər var. Həmçinin bunun üçün böyük miqdarda maliyyə lazımdır. Buna görə də parlament adını bu yeni təşkilata verilməsini doğru hesab etmirəm.

“Bu bəyanatın da ilk olaraq Quzey Azərbaycan mediasında yayılması xoş qarşılanmamalıdır”

- Xaricdə fəaliyyət göstərənlərin bu məsləhətləşmələrdə iştirak etməməsi də əsas tənqidlərdən biridir. Bu müzakirələrin məhdud insanların iştirakı ilə keçirilməsi nə dərəcədə doğrudur?

-Məncə orda iştirak edən siyasi təşkilatlar daha çox barışıq üçün bir araya gəlmişdilər. Bir qoltuqda iki qarpız tutmaq imkansız olduğu kimi təşkilatların da tələsik barışığa getməsi və Güney Azərbaycan Mühacir parlamenti yaratdıq deyə bəyanat vermələri, bu bəyanatın da ilk olaraq Güney Azərbaycan mühacir mətbuatında deyil, Quzey Azərbaycan mediasında yayılması xoş qarşılanmamalıdır. Bəyanatdan oxuyuruq: “...15 Mart 2014-cü ildə Danimarkanin paytaxti Kopenhaqen şəhərində toplaşan Güney Azərbaycan siyasi muhacirləri Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını elan edir və Güney Azərbaycan dövlətinin hüquqi statusunu müəyyən edilməsi məsuliyyətini də Mühacir Parlamenti öz üzərinə götürür”.

Bəyanatda olduğu kimi “biz Parlament yaratmışıq” deyə çıxış etmək, altından imza qoymaq, sonra “biz yalnız təşəbbüs və hazıqlıq qrupuyuq” demək Güney Azərbaycan ictimaiyyətini aldatmaq və bəlkə də özləri bilmədən milli hərəkat arasında etimadsızlıq mühiti yaratmaq kimidir. İmzalarının boyası qurumadan dediklərini inkar edənlər keçmişdə xaricdəki Güney Azərbaycan təşkilatları arasında məşhur olan dərəbəylik dfavranışlarının Azərbaycan Milli Hərəkatına bir daha daşımaq istəyirlər ki, bu da bağışlanmazdır.



-Şimali azərbaycanlıların parlamentin qurulmasına rol alması mənfi, yoxsa müsbət təsir göstərə bilər?

- Azərbaycan türkləri bir millət sayılmalarına baxmayaraq Rusiya və İran arasında tarixi savaşlar istər hüquqi, istərsə də dfaktiki olaraq Azəırbaycan türklərini bölünmüş bir millət edib. Bu ikiyə bölünmüş millətin övladları fərqli siyasi hakimiyyətlərə tabe olduqları üçün fərqli zamanlarda fərqli hərəkətlər etməyi özlərinə daha uyğun bilirlər. Hesab edirəm ki, Quzey azərbaycanlıların Güney Azərbaycan Parlamentində təmsil olunmaq istəyi Quzey Azərbaycanda iqtidar və müxalifət arasındakı anlaşılmazlığı, qarşıdurmanı bura da gətirəcək və bu da Güney Azərbaycan təşkilatlarının dağılmasına səbəb olacaq şərait yaracaq. Keçmişdə DAK adlı təşkilatda baş verən xoşagəlməz olaylar buna misaldır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm