Cövhər Dudayev: “Mən əslən Qarabulaq türküyəm"
Bizi izləyin

Nida.az

Cövhər Dudayev: “Mən əslən Qarabulaq türküyəm"

Cövhər Dudayev: “Mən əslən Qarabulaq türküyəm"

Ağası Hun. Peşəkar jurnalist. Çeçenistan, Osetiya, Qarabağ müharibələrinin qaranlıq üzünü çəkdiyi fotolarla, hazırladığı video reportajlarla işıqlandıran işıqlı adamdır. Bir neçə il AZTV-də reportyor kimi çalışıb. Türkiyənin TGRT kanalı ilə əməkdaşlıq edib. İndi Ankarada yaşayır.

Vəhabilik ərəb millətçiliyidir

- Ağası bəy, uzun illərdir vətəndən uzaqlarda yaşayırsınız. Azərbaycan qürbətdən necə görsənir?


-
Mən Moldovada da yaşamışam, bir müddət. Moldovanlar 90-nıncı illərə kimi o qədər assimilyasiyaya məruz qalmışdı ki, dillərini unutmaq ərəfəsində idilər. Əhalinin az qala yetmiş faizi rus dilində danışırdı. Amma Moldova müstəqil olandan sonra, bu məsələ ön plana çəkilərək, moldovan dili möhkəmləndirildi. Rumıniya onlara çox dəstək verdi. Dilin üzərindən oyanış getdi, moldovanlar özlərini dərk etməyə başladı. Məsələn, moldovanlar danışarkən rus sözləri işlədən soydaşlarına ucuz bir insan kimi baxırlar. İndi Türkiyədə yaşayıram, hərdən yerli telekanallarımıza baxanda dəhşətə gəlirəm. Efirə çıxanlar dilimizi rus sözləriylə zibilləyirlər. Ruslar içən millətdir, onların genefondunda əyyaşlıq var. Bir də görürsən axşamlar rus araqlarının reklamlarını elə bəzəyirlər ki, adam mat qalır. Moldova televiziyalarında mən belə şeylərə rast gəlməmişəm. Dünyada ən ucuz araq Azərbaycandadır. İnsanlarımızı zorla içirdirlər. Mən deyərdim ki, bu, tamamilə təxribatdır. Bir tərəfdən də vəhabilik. Vəhabiliyin müsəlmançılıqla əlaqəsi yoxdur. Vəhabilik ərəb milliyyətçiliyidir. Digər tərəfdən də başqa dini cərəyanlar. Bütün bunlar Azərbaycan dövlətçiliyinə qarşı ciddi təhlükədir. Suriyada döyüşən həmvətənlərimiz orda türkmənlərə qarşı döyüşürlər. İki qardaş bir-birini öldürür. Bir sıra təşkilatlar və dini cərəyanlar millətimizi zombiləşdirmək istəyir. Bunun bariz numunəsi Suriyada biri-birinə qarşı vuruşan azərbaycanlılardır.

Ən amansız müharibə - Qarabağ

- Qarabağ savaşında peşəkar jurnalist kimi döyüşlərin ən qaynar nöqtələrindən reportajlar hazırladığınızı bilirəm. Bir az bu barədə danışaq.

-
Mən çox müharibələr görmüşəm. Dünyada ən amansız müharibə Çeçenistan müharibəsi hesab olunur. Fəqət mənimçün ən amansız və ən dəhşətli müharibə Qarabağ müharibəsidir. Çeçenistan müharibəsindən dəfələrlə dəhşətli, dəfələrlə amansız. Qarabağda baş verənlər Çeçenistanda baş versəydi, bilmirəm nələr olardı. Təsəvvür edin ki, Qroznu bir neçə dəfə işğal olunsa da, əhali şəhərdə yaşamağa davam edirdi, ruslar işğal edəndə də çeçenlərin nəzarətində olanda da. Amma Qarabağda işğal edilən rayonların heç birində bir dənə də olsun sağ insan qalmırdı. Ermənilər hamını öldürürdülər. Bu, etnik təmizləmədir. Heç faşistlər ermənilər qədər qəddar olmayıb.

Xocalını dünyaya ilk çatdıran jurnalist


- Xocalı faciəsinin ilk dəfə dünyaya çatdırılmasında sizin adınız hallanır. Bu, nə dərəcədə doğrudur?

- Dostum İrfan Sapmazla danışdıq ki, gedək Qarabağa. O zaman Xocalı mühasirədə idi, heç bir xəbər ala bilmirdik. İrfanın bir video kamerası vardı. Mən də fotoaparatımı götürdüm, getdik Ağdama. Gecə ikən xəbər aldıq ki, Xocalını yandırırlar. Tez İrfanla piyada getdik Xocalıya. O yadımdadır ki, kim əlinə nə keçdi götürüb üz tuturdu Xocalıya tərəf. Gördüm bir neçə nəfər Xocalıya gedir. Amma aralarında yalnız bir nəfərdə tüfəng var. Dedim, qardaş bir tüfənglə hara gedirsiniz belə? Dedi ki, mən ölsəm, o birilər götürəcək tüfəngi. Ümumiyyətlə, bizim millətdə vətənpərvərlik hissi çox güclüdür. Səhər üzü Qaraqaya deyilən yerə çatdıq. Orda könüllülər həm ermənilərlə döyüşürdülər, həm də mühasirədən çıxan xocalıları erməni güllə-boranından qoruyurdular. Ah-vay göyə yüksəlirdi. Gözümüzün qarşısında mühasirədən çıxanlar ermənilər tərəfindən güllələnirdi. Təsəvvür elə ki, mühasirədən çıxan uşaqlar öz əsgərlərimizi də görüb qorxurdular. Çəkiliş vaxtı kameranın batareyası bitdi. Mən başladım fotoaparatla şəkillər çəkməyə. Sonra İrfana dedim ki, burada dayanmağın mənası yoxdur, bunu tez Bakıya çatdırmaq lazımdır. Rəhmətlik Çingizin çəkdiyi kadrlar Xocalı faciəsindən iki gün sonra çəkilən kadrlardır. O, faciədə ölənləri çəkmişdi.

Mən o zaman AZTV-də işləyirdim. Ənvər Qafarlı sədr müavini idi. Gəldim AzTV-yə, dedim ki, Xocalıda qırğın olub, çəkmişik, bunu tez yaymaq lazımdır. Kaseti də verdim ona. Mənə nə desə yaxşıdı? “Sən təxribatçısan, Xocalıda qırğın-filan olmayıb!”

Tez əlimi atıb kaseti aldım əlindən. Gördüm belə mümkün olmayacaq, kaseti verdik TRT-yə. Səhf etmirəmsə, hadisədən iki gün sonra TRT bu xəbəri dünyaya yaydı. Əllidən çox ölkə göstərdi mənim çəkdiyim kadırları. Hələ o zaman Azərbaycan hakimiyyəti bu xəbər barədə heç bir məlumat yaymamışdı.

- Ağası bəy, Çeçenistan Rusiya müharibəsi zamanı Cövhər Dudayevdən müsahibə almışınız, səhf etmirəmsə. Bu, necə oldu, Cövhər Dudayev Azərbaycan və azərbaycanlılar haqda nə düşünürdü?

- Cövhər Dudayevdən hazırladığım reportajda o belə bir fikir söylədi Azərbaycanlılar haqda: “Azərbaycanın mentaliteti, millətinin cəsarəti, əlverişli coğrafi şəraiti, təbii sərvətləri çeçenlərdə olsaydı, mən dünyaya hökm edərdim”.

Cövhər Dudayev Azərbaycanın gələcəyinə çox ümid bəsləyirdi. Azərbaycanı çox sevirdi. Mən onunla çox görüşmüşəm. Bir dəfə SSRİ-nin keçmiş daxili qoşunlar komandiri general Sufyan Behbayev, Bahəddin Ehtiyacov - üçümüz birlikdə Cövhər Dudayevlə görüşdük. Dudayev gözəl bir söhbət elədi. Dedi ki, mən Qarabulaqlıyam. Azərbaycanda və bir neçə türkdilli ərazilərdə Qarabulaq adlı kəndlər çoxdur. Eləcə də bu adda Çeçenistanda da həm tayfa, həm də kəndlər var. Dudayev dedi ki, mənim pasportumda çeçen yazılıb, qardaşımın pasportunda inquş. Amma mən əslən Qarabulaq türküyəm. Ancaq mən türk olduğumu indi açıq şəkildə bəyan edə bilmərəm. Bu, gələcəyin işidir.

Diqqət etsəniz, Dudayevə qədər boz qurd emblemi olmayıb Çeçenistanda. O, hakimiyyətə gələn kimi rus telekanallarını Çeçenistanda ləğv elədi. Hətta rus cizgi filmlərini də qadağan etdi. İlk dəfə insanın təhtəlşüurunu zəhərləyən 25-ci kadr haqda da danışan məhz Cövhər Dudayev oldu. O deyirdi ki, çeçen uşaqları “donuz balası” cizgi filminə baxmalı deyil. Onun bir çıxışı heç yadımdan çıxmaz. Çeçenlərə səslənərək deyirdi: “Nədən qorxursunuz, rus tanklarından? Mən onları kirbit kimi yandıracağam!”
Və Cövhər Dudayev bunu sübut etdi. Rus tanklarını kirbit kimi yandırdı.

- Çeçenistanda olarkən Şamil Basayevlə görüşmüsünüzmü?

- Bir dəfə Dərbənddə idim. Dedilər Azərbaycan sərhədinə yaxın ərazilərdə “Sadval” qruplaşması var. Azərbaycana qarşı nəsə planlaşdırırlar. Deyilənə görə, bu qruplaşmada çeçenlər də var idi. Bunu eşidəndən bir müddət sonra Çeçenistana getdim, Şamil Basayevdən reportaj hazırlamağa. Söhbət zamanı bu məsələni ona çatdırdım. Bundan sonra Şamil Basayev bir bəyanat verdi: “Əgər “Sadval” Azərbaycan əleyhinə hər hansı təxribat törədərsə, bu qruplaşmanı mən özüm cəzalandıracam”.

- Ağası bəy, sizi çox yordum. Sonda deyəcəyiniz, eşidəcəyimiz nəsə var?


- Uzun ömür, can sağlığı. Azərbaycanı sevin, yetər.

Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm