• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Türkmənistandakı səfirliyimiz Respublika Günü ilə bağlı rəsmi qəbul keçirib - FOTOLAR

  • Nida.az
  • 31 May 2016 11:41
  • 266 Baxış
Türkmənistandakı səfirliyimiz Respublika Günü ilə bağlı rəsmi qəbul keçirib - FOTOLAR

2016-cı il mayın 30-da Aşqabad şəhərində Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi tərəfindən "28 May-Respublika Günü" münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, qəbulda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toyliyev, Türkmənistanın dövlət və ictimai xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və soydaşlarımız iştirak ediblər.

Tədbirin açılış mərasimində Azərbaycan və Türkmənistanın dövlət himnləri səsləndirilib, sonra səfir Həsən Zeynalov nitq söyləyib. Diplomat Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman şərqində yaradılmış ilk demokratik cümhuriyyət olduğunu bildirərək, onun yaradılması tarixi, mövcud olduğu qısa müddət ərzində dövlət quruculuğunun müxtəlif sahələrində həyata keçirdiyi mütərəqqi islahatlar, ADR-in dünya səviyyəsində tanıdılması istiqamətində görülmüş tədbirlər barədə iştirakçılara məlumat verib.

1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu və müstəqil Azərbaycan Respublikasının o zamankı Demokratik Respublikanın varisi olduğunu bildirib. XX əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycanın separatizm, torpaqlarının işğalı, iqtisadi tənəzzül və daxili qeyri-sabitlik kimi problem və təhdidlərlə üz-üzə qaldığını diqqətə çatdırıb. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin bərqərar olduğunu, hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin formalaşması, ölkənin dünyaya inteqrasiyası sahələrində böyük uğurlara imza atıldığını bildirib. H.Əliyevin neft strategiyasının, xüsusən Azərbaycanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması məqsədilə aparıcı xarici şirkətlərlə imzalanmış müqavilələrin Azərbaycan Respublikasının müstəqilliyinin gücləndirilməsi yönündə atılmış mühüm addımlardan olduğu iştirakçıların nəzərinə çatdırıb.

Hal-hazırda ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, iqtisadi, sosial, ordu quruculuğu, Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi sahələrində böyük nailiyyətlərin qazanıldığını qeyd edib. H.Zeynalov ölkəmizin inkişafı haqqında danışaraq, qeyri-neft sektorunun inkişaf etdirilməsinin qarşıda duran prioritet vəzifələrdən biri olduğunu və bu mənada kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrin inkişaf etdirilməsinə ciddi fikir verildiyini, həmin sahələrlə bağlı göstəricilər üzrə müsbət dinamikanın müşahidə edildiyini bildirib.

Regionda Azərbaycan Respublikasının fəal iştirakı ilə enerji və nəqliyyat sahələrində meqa layihələrin yerinə yetirildiyi qeyd olunub. Ölkəmizin enerji təhlükəsizliyinin təminatında vacib rol oynadığı, "Cənubi qaz dəhlizi" layihəsinin icrasının davam etdirildiyi bildirilib. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yönündə tədbirlərin görüldüyü, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Avropa ilə Asiya arasında ən qısa marşrutun yaranacağı vurğulanıb.

Həmçinin, son illərdə Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsinin uğurla inkişaf etdirildiyi, bu sahədə nəzərə çarpan nəticələrin əldə olunduğu və ölkənin müdafiə qabiliyyətinin xeyli gücləndiyi bildirilib. Ordumuzun Azərbaycan Respublikasının ərazi bütövlüyünü qısa müddətdə bərpa etmək iqtidarında olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, hal-hazırda Azərbaycan Respublikası işğal olunmuş torpaqlarının danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi əsasında tez bir zamanda qaytarılmasına üstünlük verir.

Səfir H.Zeynalov 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan olunması, müxtəlif millətlərin, ayrı-ayrı dini etiqadlara məxsus insanların əsrlər boyu ölkəmizdə sülh şəraitində yaşadıqları barədə məlumat verib. Ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artdığını söyləyərək, son illərdə Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirildiyini, bu xüsusda İlk Avropa Oyunları, Bakı Humanitar Forumu və digər tədbirlərin adlarını sadalayıb. 2017-ci ildə Azərbaycanda növbəti İslam Həmrəylik Oyunlarının keçiriləcəyini qeyd edib.

Daha sonra, səfir H.Zeynalov Azərbaycan-Türkmənistan əlaqələrinə toxunub. Əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan və Türkmənistan xalqlarının eyni etnik, tarixi və mədəni köklərə mənsubluğunun bu əlaqələrin inkişafı üçün gözəl zəmin yaratdığını bildirib. Azərbaycan Respublikası və Türkmənistanın dövlət başçılarının iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələsini diqqətdə saxladıqlarını qeyd edib.

Regional layihələrin icrasında, xüsusən tarixi İpək Yolunun bərpasında tərəflərin əməkdaşlıq etdiyi ifadə olunub. Son zamanlar qarşılıqlı səfərlərin və təmasların artdığı və bunun əməkdaşlığın getdikcə dərinləşməsinin bariz nümunəsi olduğu vurğulanıb. Həm Azərbaycan Respublikası, həm də Türkmənistanın regionda iqtisadi inteqrasiyaya töhfə verən təşəbbüslərlə çıxış etdikləri qeyd olunub.

Əlavə olaraq diqqətə çatdırılıb ki, bu yaxında, böyük türkmən şairi Məhtimqulu Fəraqinin "Divan"ı azərbaycanlı və türkmənistanlı mütəxəssislərin iştirakı ilə yenidən nəfis şəkildə nəşr olunub, kitabın 2016-cı ilin aprel ayının sonunda Bakıda keçirilmiş təqdimat mərasimində Türkmənistandan nümayəndə heyəti iştirak edib. Bunun, mədəni sahədə əməkdaşlığa növbəti töhfə olduğu bildirilib.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toyliyev söz alaraq, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərini çatdırıb. Türkmənistanda Azərbaycan Respublikası ilə dostluq münasibətlərinə yüksək dəyər verildiyini söyləyib, hər iki ölkənin qədim zamanlardan etibarən mehriban qonşu olduğunu, xalqlarının isə ortaq dil, tarixi və mədəni dəyərləri bölüşdüyünü qeyd edib.

S.Toyliyev bildirib ki, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2008-ci ilin may ayında Azərbaycan Respublikasına səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin ilin noyabr ayında Türkmənistana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açıb. O, həmçinin Türkmənistanın dövlət başçısının 2015-ci ilin iyun ayında ölkəmizdə keçirilmiş İlk Avropa Oyunlarının açılış mərasiminə qatıldığını və bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmaların münasibətlərin inkişafına yeni təkan verdiyini nəzərə çatdırıb.

Türkmənistanın rəsmisi iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edildiyini bildirərək, Azərbaycan Respublikasının Türkmənistanın neytrallıq statusunu dəstəkləyən ilk ölkələrdən biri olduğunu qeyd edib.

Əməkdaşlığın genişləndirilməsinin digər göstəriciləri sırasında Azərbaycan Respublikası ilə Türkmənistan arasında hüquq-müqavilə bazasının gücləndirilməsi, hər iki ölkənin iştirakı ilə birgə beynəlxalq tədbirlərin keçirilməsi göstərilib. S.Toyliyev ticarət-iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətinə toxunub, bu xüsusda, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib rol oynadığını qeyd edib.

Həmçinin, elm və mədəniyyət sahəsində əməkdaşlıq üçün perspektivlərin mövcud olduğunu diqqətə çatdıraraq bildirib ki, istər Azərbaycan, istərsə də Türkmənistanda elm və mədəniyyət sahəsində keçirilən tədbirlərdə hər iki ölkənin nümayəndə heyətləri fəal iştirak edirlər. Bu mənada, Azərbaycan Respublikasının Türkmənistanda və Türkmənistanın Azərbaycan Respublikasında mədəniyyət günlərinin keçirildiyini xatırladıb. Qeyd olunub ki, görkəmli türkmən klassikləri Məhtimqulu Fəraqi, Mollanepes, Nurmuhammet Andalib, Türkmənistanın Prezidenti Q.Berdiməhəmmədovun kitabları Azərbaycan dilinə, eləcə də "Görkəmli insanların həyatı. Heydər Əliyev" kitabı türkmən dilinə tərcümə olunub.

Sonda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini S.Toyliyev Azərbaycan Respublikası ilə Türkmənistan arasında münasibətlərin hər iki xalqın rifahı naminə daha da yüksək templərlə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

Rəsmi qəbulda Azərbaycandan gəlmiş incəsənət xadimləri milli musiqi nümunələri ilə çıxış ediblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>