• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycan "Metsamor"un fəaliyyətinin dayandırılmasını tələb etdi

  • Nida.az
  • 7 Aprel 2014 21:16
  • 451 Baxış
Azərbaycan "Metsamor"un fəaliyyətinin dayandırılmasını tələb etdi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yaz plenar sessiyasında AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurtsa ünvanladığı sualda "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması məsələsini qaldırıb.

Qeyd edək ki, günün ikinci yarısında Avropa Şurası Nazirlər Komitəsinə sədirlik edən Avstriyanın xarici işlər naziri S.Kurts Assambleya üzvləri qarşısında AŞ NK-nın fəaliyyəti barədə məruzə ilə çıxış edib, sonra Assambleya üzvlərinin suallarını cavablandırıb

R.Hüseynov sualında bildirib: "Cənab nazir, 2001-ci ildən bəri dəfələrlə Assambeyada Ermənistandakı tam köhnəlmiş texnologiyalarla işləyən, bir neçə dəfə qəzaya uğramış, üstəlik seysmoaktiv zonada yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması barədə məsələ qaldırılıb. Şəxsən mən bu real təhlükə ilə əlaqədar bir neçə dəfə ayrıca sənədlər hazırlamış, çıxışlar etmişəm. Hələ ki, heç bir nəticə yoxdur. Bölgədə zəlzələlərin son dövrlərdə artması fonunda "Metsamor"da dəhşətli qəzanın baş verməsi ehtimalı mütəxəssislərin qənaətinə görə qaçılmazdır. Qəzanın baş verəcəyi təqdirdə isə yalnız Ermənistan özü, Gürcüstan, Azərbaycan, Türkiyə və digər qonşular deyil, bir sıra başqa Avropa ölkələrində milyonlarla insan da bu nüvə faciəsinin qurbanına çevriləcək. Bu qorxunc problemlə bağlı ən qısa zaman ərzində hansı qabaqlayıcı qəti və konkret tədbirlər görülə bilər?"

AŞ Nazirlər Komitəsinin nüvə enerjisi məsələləri ilə məşğul olmadığını qeyd edən S.Kurts suala Avstriyanın xarici işlər naziri qismində münasibət bildirəcəyini qeyd edib:

"AŞ Nazirlər Komitəsi nüvə energetikası məsələləri ilə məşğul olmadığına görə sualınıza Avstriyanın xarici işlər naziri qismində cavab verəcəyəm. Bizim hamımızın təhlükəsiz şəraitdə yaşama hüququmuz var. Son dövrdə baş verən hadisələr göstərdi ki, nüvə mərkəzləri heç də təhlükəsiz deyil. Ona görə də mən sizin bu narahatlığınızı anlayıram. Məsələn, uzun illərdir, biz öz ölkəmizdə nüvə mərkəzlərini bağlamaq qərarına gəldik və qonşuluğumuzdakı nüvə mərkəzlərindəki təhlükəsizlik qaydaları bizi də narahat edən məsələlərdəndir. Biz indi daha çox yeni enerji vasitələrinə üstünlük veririk. Ümüd edirik ki, gələcəkdə Avropada, ümumiyyətlə, nüvə enerjisindən istifadə edilməyəcək".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR