Nida.az
İlham Əliyev: "Azərbaycana qarşı riyakar, ikili standart siyasəti davam edir"
Azərbaycan birinci rübdə beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirmişdir. Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır.
Bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər
Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında giriş nitqində deyib.
Prezident bildirib ki, bəzi beynəlxalq məsələlərlə bağlı dünya
ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir: "Biz buna
qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə
bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe ilk növbədə,
beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq
hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü
beynəlxalq aləm bu prinsiplər üzərində qurulubdur. Əgər bunlar
pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər
mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe
əlbəttə ki, bizə böyük rəğbət yaradır".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan müstəqil, prinsipial
ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir: "Beynəlxalq
təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür gələcəkdə bizə
əlavə imkanlar yaradacaqdır.
Birinci rübdə mən Davos Dünya İqtisadi Forumunda iştirak etmişəm.
Deyə bilərəm ki, Azərbaycan bu Forumda 10 ilə yaxındır ki, iştirak
edir. Bu Forum həm orada müzakirə olunan məsələlər baxımından, eyni
zamanda, təmaslar nöqteyi-nəzərindən hesab edirəm ki, dünyada
birinci Forumdur. Bu, təkcə iqtisadi Forum deyil, eyni zamanda,
siyasi Forumdur. Bu Forumda iştirak, mövqeyimizin nümayiş
etdirilməsi və izahı hesab edirəm ki, çox önəmli məsələdir. Eyni
zamanda, ilin əvvəlində mənim NATO-ya səfərim olmuşdur. Artıq mən
bir neçə dəfə NATO-ya səfər etmişəm. Bu səfər də çox müsbət
olmuşdur. Bizim ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək
əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıbdır. Enerji
təhlükəsizliyində sülhməramlı missiyalarda Azərbaycanın iştirakı və
onun payı təqdirlə qarşılanır".
İlham Əliyevin sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla
uğurla əməkdaşlıq edir: "Biz müxtəlif beynəlxalq təşkilatların
üzvüyük. Bir neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm
ki, bu siyasət də bizə əlavə dividendlər gətirir. Eyni zamanda,
ilin birinci rübündə mən Dünya Nüvə Sammitində iştirak etmişəm.
Azərbaycanın bu Sammitdə iştirakı xüsusi məna daşıyır. Çünki biz
təbii ki, nüvə dövləti deyilik. Eyni zamanda, bizdə atom elektrik
stansiyaları da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və dünyada
oynadığı rol əlbəttə ki, Azərbaycana Sammitdə iştirak edən
ölkələrin sırasında olmaq üçün şərait yaratmışdır. Bu Sammitdə həm
açıq, həm qapalı hissələrdə də çox önəmli məsələlər müzakirə
edilmişdir. Dünyada təhlükəsizliyin təmin edilməsi məsələləri
əlbəttə ki, indi dünya gündəliyinin birinci sıralarındadır.
Azərbaycan bu sahədə də öz töhfəsini verir və verəcəkdir.
Bildiyiniz kimi, biz BMT Təhlükəsizlik Şurasında sədrlik edən zaman
məhz terrorizmə qarşı mübarizə mövzusu ilə bağlı müzakirələr təşkil
etmişdik".
Prezidenti qeyd edib ki, birinci rübdə ikitərəfli formatda çoxsaylı
təmaslarım olmuşdur: "İndi Azərbaycana müxtəlif qitələrdən gələn
nümayəndə heyətlərinin sayı getdikcə artır. Bizimlə əməkdaşlıq
etmək istəyənlərin sayı artır. Eyni zamanda, yüksək səviyyəli
qarşılıqlı səfərlər olmuşdur. Türkiyənin Baş naziri Azərbaycanda
səfərdə olmuşdur. Bələdiyyə seçkilərindən sonra bu, Baş nazirin ilk
səfəri idi. Bizim dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
münasibətləri bu səfər əsnasında bir daha təsdiqləndi.
Eyni zamanda, bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi
səfər etmişəm. Bu səfər də çox uğurlu idi. Bu səfər zamanı
imzalanan sənədlər, aparılan danışıqlar, fikir mübadiləsi bizim
münasibətlərimizi daha da yüksək səviyyəyə qaldıracaqdır. Deyə
bilərəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər
zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox
məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan
sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə inkişaf
etməlidir.
Hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir,
yaxın zamanlarda tam şəkildə formalaşacaqdır. Bütün istiqamətlər
üzrə çox fəal iş aparılacaqdır.
Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq təşkilatlarla fəal
əməkdaşlıq edirik, eyni zamanda, qonşu ölkələrlə əlaqələrimiz
ənənəvi olaraq çox müsbətdir, yaxındır".
Azərbaycanın beş qonşusunun olduğunu xatırladan Prezident bildirib
ki, onlardan biri Ermənistandır - işğalçı dövlətdir, düşməndir.
Dördü isə dostdur: "Dost qonşularımızla əlaqələr bizim üçün
prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun
qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi
qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil
dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq,
bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm
ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük
fayda verəcəkdir.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan regional müstəvidə iki
üçtərəfli formatın təşəbbüskarı olmuşdur. Bu formatlar artıq neçə
ildir ki, fəaliyyət göstərir. Azərbaycan-İran-Türkiyə formatı.
Xarici işlər nazirləri mütəmadi qaydada görüşürlər. Eyni zamanda,
Azərbaycan-Gürcüstan-Türkiyə formatı. Burada həm iqtisadi, həm də
siyasi blok artıq format kimi formalaşıb. Bu, bizim təşəbbüsümüz
olmuşdur. Hesab edirəm ki, çox düşünülmüş və müdrik təşəbbüs idi.
Azərbaycan hər iki formatda fəal iştirak edir".
İlham Əliyev vurğulayıb ki, beynəlxalq məsələlərlə bağlı bizim əsas
məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllidir: "Əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir
irəliləyiş olmamışdır. Baxmayaraq ki, keçən ilin sonlarında
vasitəçilərin müəyyən nikbin fikirləri olmuşdur. Ancaq onlar özünü
doğrultmur. Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə
olaraq vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini
saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki,
onlara ciddi təzyiq etmirlər".
Prezidenti bildirib ki, əslində çoxdan Ermənistana qarşı beynəlxalq
sanksiyalar tətbiq edilməli idi: "Çünki Ermənistan artıq iyirmi
ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan
ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı
törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik
təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər
ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar
pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir.
Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti,
ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir.
Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur.
Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana
qarşı heç bir sanksiya tətbiq edilmir.
Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla
üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma "Dağlıq Qarabağ
respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün
onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili
standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili
standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq
edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma
"Dağlıq Qarabağ respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə
buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib
qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o
pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni
Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar
orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün?
Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı
fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili
standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün
deyildir.
Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə
üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə
heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?!
Biz bu məsələni dəfələrlə qaldırmışıq.
Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni
qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin
razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu. Bizə qarşı
etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir.
Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada
dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu
məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan
ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm
ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki,
riyakar siyasəti ifşa edəcəkdir".
Dövlət başçısı söyləyib ki, Azərbaycana qarşı riyakar siyasət,
ikili standart siyasəti davam edir: "Biz isə bununla heç vaxt
barışmayacağıq. O ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr
deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona
görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü
artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz
nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim
diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar,
texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə
artırmışdır.
Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da
geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı
yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün
dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada
həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat
helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı
qurğular, ən müasir "T-72", "T-90" tankları və digər hərbi
silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü
olmalıyıq və olacağıq".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR