Müstəqillik günü ilə bağlı tarixi yanlış – 25 ildir nəyi səhv edirik?
Bizi izləyin

Nida.az

Müstəqillik günü ilə bağlı tarixi yanlış – 25 ildir nəyi səhv edirik?

Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edir. 1991-ci ilin 18 oktyabr tarixində Konstitusiya Aktı qəbul olundu və müstəqillik günü məhz bu tarixdən hesablanmağa başlandı.

Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edir. 1991-ci ilin 18 oktyabr tarixində Konstitusiya Aktı qəbul olundu və müstəqillik günü məhz bu tarixdən hesablanmağa başlandı. Lakin bu tarix həqiqətənmi müstəqillik günü kimi qeyd olunmalıdır? Müstəqillik günü ərəfəsində bu sual yenidən aktuallaşır.

Müstəqillik bəyannaməsi

Dünya tarixində təcrübə göstərir ki, bir ölkənin müstəqilliyi bununla bağlı bəyannamənin qəbul olunduğu tarixdən başlayır. Misal üçün, Amerika Birləşmiş Ştatlarının müstəqillik bəyannaməsi 1776-cı ilin 4 iyulunda qəbul olunub. 250 ildir Birləşmiş Ştatların müstəqillik günü olaraq 4 iyul tarixi qeyd olunur.

Azərbaycan Respublikasının varisi olduğu Azərbaycan Xalq Cümhuriyyəti də 1918-ci il 28 may tarixində məhz İstiqlal Bəyannaməsi qəbul olunmaqla elan edildi.

Müstəqillik bəyannaməsi bir dövlətin öz müstəqilliyini elan etməsi deməkdir. 30 avqust 1991-ci il tarixdə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında da məhz "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında" Bəyannamə qəbul edildi. Buna baxmayaraq, müstəqillik tarixi 18 oktyabrdan – Konstitusiya Aktının qəbul olunmasından hesablandı.

Halbuki, müstəqillik bəyannaməsində deyilir: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir".

Bu, faktiki olaraq, Azərbaycan respublikasının müstəqilliyinin elan olunduğu gündür.

Bununla yanaşı, 18 oktyabrda qəbul olunan Konstitusiya Aktında da 30 avqustda qəbul olunmuş müstəqillik bəyannaməsinə istinad olunur: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".

Nə üçün müstəqillik günü 18 oktyabrdan hesablanır?

Həmin dövrdə Azərbaycan Respublikasının Ali Sovetinin deputatı və Mətbuat və İnformasiya naziri olan Sabir Rüstəmxanlı Publika.az-a açıqlamasında deyir ki, müstəqilliyin 18 oktyabr tarixindən hesablanması Dağlıq Qarabağ məsələsinə görədir: "Çünki müstəqillik bəyannaməsi avqustun 30-da qəbul olunsa da, Azərbaycan Qarabağa görə SSRİ-yə tam üz çevirmədiyi görüntüsü yaradırdı. Ermənilər əvvəlcə qəti şəkildə SSRİ-yə qarşı çıxırdı. Lakin onlar gördülər ki, Qarabağ məsələsində bu, onların ziyanına işləyir. Başladılar Moskvanın dediyi ilə oturub-durmağa. Bizim hökumət də bu taktikadan istifadə etdi".

Həmin vaxt prezident olan Ayaz Mütəllibov da Publika.az-a müsahibəsində bildirir ki, o vaxt ehtiyatlı davranıblar.

"1989-cu il sentyabrın 23-də Azərbaycan rəhbərliyinin qəbul etdiyi "Azərbaycan SSRİ-in suverenliyi haqqında" Qanun Azərbaycanın SSRİ tərkibində suverenliyindən danışırdı. Tam müstəqillik nəzərdə tutulmurdu.
Bununla belə SSRİ rəhbərliyi tərəfindən bu qanun birmənalı qarşılanmadı. Azərbaycana qarşı təzyiq daha da artdı, Qarabağı itirmək təhlükəsi qarşısında qoydu. 20 yanvar hadisələrinə də həmin qanunun nəticəsi kimi baxmalıyıq, çünki Mixail Qorbaçov hökuməti Azərbaycandan intiqam aldı. Odur ki, 1991-ci il avqustun 30-da "Müstəqillik Haqqında Bəyannamə" qəbul edilsə də, başqa respublikaları qabağa buraxdıq ki, yenidən SSRİ rəhbərliyi Azərbaycana qaşı təxribat edə bilməsin. Ümumiyyətlə, Azərbaycan rəhbərliyi 20 yanvar hadisələrindən sonra daha ehtiyatla tərpənirdi və bununla da faktiki olaraq, Ermənistana qarşı ağıllı siyasət aparırdı. Bir faktı qeyd etmək istəyərdim- 17 mart 1991-ci ildə Ermənistandan fərqli olaraq, Azərbaycan SSRİ-nin saxlanılmasına səs verdi. Bu vaxta qədər Ermənistanın tərəfini saxlayan Mixail Qorbaçov onlardan üz döndərdi və Azərbaycan rəhbərliyinə "erməni silahlı dəstələrinin Azərbaycandan təmizlənməsi məqsədi ilə "Koltso" əməliyyatının keçirilməsi əmrini verdi. Nəticədə, Kamo və Çaykəndi azad etdik", - deyə ölkənin birinci prezidenti bu addıma belə haqq qazandırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tarixi situasiya fonunda bu, məntiqli görünə bilər. Hesab etmək olar ki, həmin vaxt hökumət daha az itki hesabına müstəqillik qazanmaq siyasətini aparıb. Lakin bu, həmin vaxt üçün keçərli hesab oluna bilərdi. Artıq nə Qorbaçov, nə də SSRİ xofunun olmadığı sonrakı illərdə müstəqilliyin 30 avqust tarixindən – müstəqillik bəyannaməsinin qəbul edildiyi gündən hesablanması daha məntiqli olardı. Amma bu, indiyə qədər baş verməyib.

S. Rüstəmxanlı bunun o qədər də əhəmiyyətli olmadığını hesab edir.

"Avqustun 30-da qəbul olunan müstəqillik bəyannaməsinin arxasında ciddi sənəd yox idi. Bu qısa mətndən ibarət bəyannamə idi. Konstitusiya Aktının hazırlanması isə oktyabrın 18-də başa çatdı və müstəqillik həmin gündən hesablandı. Müstəqilliyi 30 avqustdan, yaxud 18 oktyabrdan götürməyimizin o qədər də əhəmiyyəti yoxdur. Bu iki tarixdən daha mühüm olanı 1918-ci ilin 28 may tarixidir".

Amma o da unudulmamalıdır ki, 28 May Respublika Günüdür. Rəsmi sənədlərdə də bu tarix məhz Respublika Günü olaraq qeyd olunur. Müstəqilliyin bərpasından söhbət gedirsə, bunun bəyannamənin qəbul olunduğu 30 avqustdan hesablanması məntiqi aşkar şəkildə görünür.

Dünya təcrübəsindən buna nümunə olacaq hadisələr də var. Misal üçün, ABŞ müstəqillik bəyannaməsini 1776-cı ilin 4 iyul tarixində qəbul etsə də, Konstitusiyası həmin tarixdən 11 il sonra – 1787-ci ildə yaradılıb, 1789-cu ildə qüvvəyə minib.

Əgər müstəqillik bəyannaməsinin arxasında ciddi sənədin olmadığı məntiqindən çıxış etsək, o zaman, ABŞ-ın da müstəqillik günü məhz 1787-ci ildən hesablanmalı idi.

Dünya təcrübəsindən fərqli olaraq, Azərbaycanın müstəqillik günü qəbul olunduğu gündən yox, 18 oktyabrdan hesablanır. Əslində bu tarix həm də tarixi nüansların təhrif olunması ilə nəticələnir.

Azərbaycanda xalq hərəkatı 1988-ci ildə başlanmışdı. Bu hərəkat dolayısı ilə digər respublikalara da təsir etdi və nəticədə SSRİ dağıldı. Həmçinin, bir çox respublika müstəqilliyini dinc şəraitdə qazansa da, Azərbaycan xalqı yüzlərlə şəhid qanı bahasına buna nail oldu. Lakin bu gün tarixi təqvim Azərbaycanın digər respublikaların müstəqilliyini əldə etməsi prosesinin nəticəsində suveren olduğunu göstərir. Bu isə xalqının müstəqillik mübarizəsinin üzərinə kölgə salır.

Xronologiya

Ermənistan: 21 sentyabr 1991
Gürcüstan: 9 aprel 1991
Belarus: 25 avqust 1991
Ukrayna: 24 avqust 1991
Moldova: 27 avqust 1991
Qırğızıstan: 31 avqust 1991
Özbəkistan: 1 sentyabr 1991
Tacikistan: 9 sentyabr 1991
Türkmənistan 27 oktyabr 1991
Qazaxıstan 16 dekabr 1991
Litva: 11 mart 1990
Estoniya: 20 avqust 1991
Latviya: 4 may 1990

Azərbaycan bu respublikaların əksəriyyətindən daha öncə müstəqilliyini bərpa edib və bunu bəyan edib. Lakin tarixi ardıcıllığa görə, biz əksər respublikadan geridə qalırıq. Bu isə xalq hərəkatının mübarizəsini olmamış kimi göstərir. Bu faktın özü də müstəqillik gününün 30 avqust tarixindən hesablanmasını zəruri edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm