Vətəndaşlıq haqqında qanun müzakirə edildi
Bizi izləyin

Nida.az

Vətəndaşlıq haqqında qanun müzakirə edildi

Milli Məclisdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Publika.azn xəbərinə görə, qanun layihəsi haqda məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu qanuna təklif edilən dəyişiklik əhəmiyyətlidir.

Onun sözlərinə görə, müasir dövrdə vətəndaşlıq haqda qanunvericiliyimizdə bir sıra boşluqlar var: “Bu baxımdan dəyişikliklər təklif olunub. Belə ki, Azərbaycan konstitusiyasında birmənalı qeyd olunur ki, Azərbaycan vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz. Bu, bir sıra inkişaf etmiş ölkələrin anunvericiliyində də belədir. Ama həmin ölkələrin qanunvericiliyində vətəndaşlığın itirilməsi məsələsi də qeyd olunur. Təklif edilən dəyişikliklərdə bu məqamlar yer alır. Çünki bizim konstitusiyamıza görə, ikili vətəndaşlıq qəbul edilmir. Dəyişiklikdə vətəndaşlığın itirilməsi səbəbləri sadalanır. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişiklik doğum haqda şəhadətnamənin vətəndaşlıq üçün tələb olunan sənədlərin siyahısından çıxarılmasıdır. Çünki doğrum haqda şəhadətnamə ölkə ərazisində doğulan şəxslərə verilir. Lakin həmin şəxslərin hamısı Azərbaycan vətəndaşı olmaya da bilər. Qanunun 12-ci maddəsi yeni redaksiyada verilib. Burda əcnəbilərin və Azərbaycan vətəndaşı olmayanların hüquqi statusu öz əksini tapıb”. Komitə sədri qeyd edib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız bunu vətəndaşlıqdan çıxarılma kimi anlamamalıdır. “Onların başqa ölkədə yaşayıb, işləməsi, həmin ölkənin ictimai-siyasi həyatında aktiv çalışması, vətəndaşlığını qəbul etməsi, erməni lobbisinə qarşı mübarizə aparması təqdirəlayiqdir. Bizim məqsədimiz vətəndaşlıqdan çıxarkən bu barədə məlumatın verilməsidir”-deyə o bildirib. Qanun layihəsinə münasibət bildirən deputat Fazil Mustafa bildirib ki, bu dəyişiklikliyin qəbul edilməsi Azərbaycan dövlətinin maraqlarından irəli gəlir. Lakin o, hesab edir ki, bəzi müddəaların geniş şərhi verilməlidir: “Vətəndaşlıqdan kimin və hansı hallarda çıxarılması daha aydın göstərilməlidir. Digər tərəfdən doğum haqda şəhadətnamənin vətəndaşlıq üçün lazım olan sənədlərin siyahıda çıxarılması mərhələli şəkildə aparılmaldır. Bunun birmənalı olaraq ləğv edilməsi problemlər yaradacaq”.

Spiker Oqtay Əsədov isə F. Mustafaya etiraz edərək bildirib ki, əgər kimsə vətəndaşlığı qəbul edib, yaxud vətəndaşlıqdan çıxarkən məlumat vermirsə, bundan necə xəbər tutmaq olar: “Bunun qarşısını necə alacağıq. Doğum haqda şəhadətnmənin sənəd siyahısına daxil edilməməsi də bu problemlərlə bağlıdır”. Deputat Aqil Abbas isə qanun layihəsində anlaşılmazlığın olduğunu deyib. “Burda bir müddəada göstərilir ki, hər iki valideyni əcnəbi olan şəxs vətəndaş ola bilməz. Digər müddəada isə bunun əksi göstərilir. Hesab edirəm, buna aydınlıq gətirilməlidir”.

Sabir Rüstəmxanlı bildirib ki, bu qanun layihəsinin bəzi müddəaları ailələrin dağılmasına, sənədsizlərin və vətəndaşlığı olmayan şəxslərin sayının artmasına səbəb olacaq: “Həm də məmur özbaşınalığına rəvac verəcək. Bununla yanaşı, onsuz da güclü olmayan diaspor fəaliyyətinə mənfi təsir edəcək”. Onun sözlərinə görə, 13-cü maddəyə təklif edilən dəyişiklikdə vətəndaşlıqdan çıxmaq haqda 1 a müddətinə məlumat vermək mürəkkəb məsələdir. Deputat hesab edir ki, bu az vaxtdır. Oqtay Əsədov isə S. Rüstəmxanlıya “Bu, vətəndaşlıqdan çıxanlara aiddir, əgər kimsə başqa ölkədə üzərinə öhdəlik götürürsə, Azərbaycan üçün hansı xidmət göstərər bilər” deyə etiraz edib. Qeyd edib ki, bu qanun layihəsi diaspor fəaliyyətinə də təsir etməyəcək.

Deputat Mübariz Qurbanlı həmkarlarının çıxışına təəccübləndiyini bildirib. Onun sözlərinə görə, xaricdə çoxsaylı azərbaycanlı var: “Amma biz Şimalda 10 milyonuq. Biz vətənimizin qədrini bildiyimiz kimi, vətəndaşlığımızın da qədrini bilməliyik. Əgər bir şəxs başqa ölkədə yaşayırsa, orda üzərində öhdəliklər götürürsə, sabah həmin ölkənin ordusunun tərkibində bizim üstümüzə də gələ bilər”.

M. Qurbanlı qeyd edib ki, Azərbaycanın gücü artdıqca Azərbaycan vətəndaşı olmaq istəyənlərin də sayı artır: “ABŞ-da vətənaşlıq almaq üçün 10 il gözləmək lazımdır. O da özünü ağıllı aparsan, investisiya qoysan. Biz də öz vətəndaşlığımızın əhəmiyyətini bilməli və qorumalıyıq”. Gövhər Baxşəliyevə bildirib ki, gələcəkdə iklivətəndaşlıq məsələsinə də baxmaq lazımdır: “Çünki bəzi şəxslər Azərbaycana xidmət edirsə, xüsusilə də soydaşlarımızın arasından olan belə şəxslərin ikilivətəndaşlığına baxa bilərik”. Spiker buna etiraz edərək bildirib ki, ikilivətəndaşlığın nə qədər ağır olduğunu bilmək lazımdır.

Əli Hüseynli qaldırılan məsələyə münasibət bildirib. Komitə sədri qeyd edib ki, vətəndaşlıq haqda qanunda ikilivətəndaşlıq yaranarsa, yəni qanun pozuntusu olarsa, bunun aradan qaldırmağın yolları göstərilməyib. O, vətəndaşlığın itirilməsi məsələsinə də münasibət bildirib. “Burda itirilmə və məhrumetmə arasında böyük fərq var. Bunu Konstitusiya məhkəməsinə verməyə ehtiyac yoxdur. Çünki dövlət heç kimi vətəndaşlıqdan məhrum etmir. Vətəndaş özü öz vətəndaşlığını itirir. Gedib başqa ölkədə yaşayır, başqa ölkənin ordusunda xidmət edir və vətəndaşlığını özü itirir”-deyə Ə. Hüseynli bildirib. Komitə sədri digər suallara da cavab verib. Sonda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik səsə qoyulub və qəbul edilib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm