Serj Sərkisyan: “Hərbi əməliyyatlar hər an başlaya bilər…” (Müsahibə)
Bizi izləyin

Nida.az

Serj Sərkisyan: “Hərbi əməliyyatlar hər an başlaya bilər…” (Müsahibə)

Ermənistan prezidenti Serj Sərkisyan Argentinaya səfərində bu ölkənin “La Nacion” nəşrinə müsahibə verib.

Publika.az Türkiyə-Ermənistan münasibətləri, Rusiya-Azərbaycan hərbi əməkdaşlığı və Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərin yer aldığı müsahibəni təqdim edir.

- Cənab prezident, Türkiyənin gələcək prezidenti 2015-ci ildə Ermənistanda keçiriləcək tədbirlərə (qondarma erməni soyqırımının 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirlərə- Ö.D.) dəvət edilibmi?

- Bunun üçün Türkiyənin növbəti prezidentinin kim olacağını bilmək yaxşı olardı.

- Görünən odur ki, baş nazir Rəcəb Tayip Ərdoğanın daha yüksək şansı var…

- Mümkündür. Amma gəlin tələsməyək və seçkilərin nəticələrini gözləyək.

- Ərdoğan bir neçə dəfə bildirib ki, “erməni soyqırımı”nı tanımaqdan imtina edir. Bu sərt mövqe ona gətirib çıxara bilərmi ki, Ərdoğan Ermənistana dəvət edilməsin?

- Türkiyə təkid edir ki, biz arxivləri açaq və “erməni soyqırımı” barədə konkret faktları təqdim edək. Biz Türkiyə prezidentini dəvət etmək və ona yüz minlərlə insanı öz gözləri ilə görmək imkanını vermək istəyərdik. Həmin insanlar “ermənilərin soyqırımı”nın 100-cü ildönümünə həsr edilmiş tədbirlərə toplaşacaqlar. Bütün bunları görəndən sonra ona heç bir sübut lazım olmayacaq.

- Fikirlər var ki, hazırda Türkiyədə türk millətçiliyinin dirçəlişi baş verir. Bu xüsusilə prezident seçkiləri öncəsi gözə çarpır. Belə onsuz da pis olan Türkiyə-Ermənistan münasibətlərini daha da gərginləşdirə bilərmi?

- Xatırlatmaq istəyərdim ki, Ermənistanın Türkiyə ilə diplomatik münasibətləri yoxdur. Əgər diplomatik münasibətlər yoxdursa, o halda münasibətlərimizi necə gərginləşdirmək olar?

- Yaxşı, o halda sualı bir az başqa cür qoymaq istəyərdim. Azərbaycan Türkiyənin strateji partnyorudur və Ankara Dağlıq Qarabağ məsələsində Bakının mövqeyini qeyd-şərtsiz dəstəkləyir...

- Amma Türkiyə-Ermənistanın sərhədində heç bir gərgin vəziyyət yoxdur. Ən azından siyasi baxımdan. Ermənistan və Azərbaycan arasında gərginlik mövcuddur, amma bu Azərbaycanla bağlıdır. Minsk Qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağın münaqişəsinin sülh yolu və üç prinsip - gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə əsasında həllini təklif edir.

- Amma keçən ilin sentyabrında Azərbaycan prezidenti Dağlıq Qarabağın qaytarılmayacağı halda Ermənistanı Yerevanı tutmaqla hədələdi. Hazırda vəziyyət müharibəyə və yoxsa sülhə daha yaxındır?

- Biz hərbi əməliyyatların başlanmasını istisna etmirik. Amma düşünürəm ki, Azərbaycan bunun üçün imkanlara malik deyil. Onlar həqiqətən də hərbi texnika və silah almaq üçün çox pul xərcləyirlər. Amma bu, qələbəyə tam zəmanət vermir.

- Ermənistan Rusiyanın başçılıq etdiyi Gömrük Şurasının üzvü olmağa cəhd edir. Bu mümkün hücumdan müdafiə olunmaq üçün güclü müttəfiq axtarışı anlamına gəlirmi?

- Biz Rusiya ilə münasibətlərimizi dərinləşdiririk. İyirmi il əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmuşuq və bu illər ərzində Rusiya ilə onlarla razılaşma imzalanıb.

- Amma Rusiya son zamanlar Azərbaycana 2 milyard dollarlıq silah satıb....

- Bu, bizim üçün çox ağrılı mövzudur. Xalqımız çox narahatdır ki, bizim strateji müttəfiqimiz Azərbaycana silah satır. Amma əminəm ki, Ermənistanın öz sərhədlərini qorumaq üçün gücü çatacaq. Baxmayaraq ki, Rusiya Bakıya silahını satır, Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə şübhə etmirəm.

- Ukraynadakı hadisələr Rusiya Avropa İttifaqı münasibətlərini gərginləşdirirmi?

- Tamamilə aydındır ki, Ermənistanın Gömrük Şurasına girişi avropalıların xoşuna gəlmir. Amma mən əminəm ki, bizim Avropadakı həmkarlarımız bunu niyə etdiyimizi anlayırlar.

- Siz “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr edilmiş tədbirlərə kimləri dəvət etmisiniz?

- “Erməni soyqırımı”nı tanıyan bütün ölkələrin liderlərinə dəvət göndərilib.

- Onlar hansı cavab veriblər?

- Hələ cavab almamışıq. Çünki tədbirlərin başlanmasına hələ çox vaxt qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm