Fransalı parlamentari Qarabağa görə ölkəsinin XİN başçısına sorğu göndərdi
Bizi izləyin

Nida.az

Fransalı parlamentari Qarabağa görə ölkəsinin XİN başçısına sorğu göndərdi

Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mancel Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən son atəşkəs rejiminin pozulması ilə əlaqədar Fransanın xarici işlər naziri Loren Fobiusa sorğu ilə müraciət edib.

Millət vəkilinin Avropa Azərbaycan Cəmiyyətinə verdiyi məlumata görə, avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Soçidə baş tutan görüşün ardınca o, Fransanın xarici işlər nazirinə sorğu ilə müraciət edib. Jan-Fransua Mancel Loren Fobiusa bir daha xatırladıb ki, Fransa Rusiya və Amerika Birləşmiş Ştatları ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. «Mən ona sual verdim ki, Fransa hökumətinin bu məsələ ilə bağlı fikri nədir və münaqişənin prezident Əliyevin qeyd etdiyi kimi "beynəlxalq qaydalara və ədalətə əsaslanaraq sülh və danışıqlar yolu ilə" həllinin surətləndirilməsi üçün hansı addımların atılması planlaşdırılır?» deyə fransalı parlamentari vurğulayıb.

Məlumat üçün bildirək ki, Jan-Fransua Mancel Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun üzvüdür. O həmçinin yeni yaradılmış Azərbaycanın Dostları Cəmiyyətinin prezidentidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm