“Davudoğlu asanlıqla Ərdoğana tabe olmayacaq” – Müsahibə
Bizi izləyin

Nida.az

“Davudoğlu asanlıqla Ərdoğana tabe olmayacaq” – Müsahibə

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq (siyasətçi) Natiq Miri Publika.az-a müsahibəsində Əhməd Davudoğlunun Türkiyənin yeni baş naziri seçilməsini və bundan sonra Ankaranın Cənubi Qafqaz, xüsusilə Azərbaycan siyasətini şərh edib.

- Davudoğlu Türkiyənin xarici siyasətinə qonşularla “sıfır problem” taktikasını gətirmişdi. Sizcə, bundan sonra eyni siyasi xətt davam edəcək, yoxsa...?

- Hesab etmirəm ki, hansısa dəyişiklik olacaq. Türkiyədə xarici siyasətin qurulması birbaşa Davudoğlunun şəxsiyyətinə aiddir. O, akademik şəxsiyyət kimi həm Türkiyədə, həm də dünyada tanınır. Xarici siyasətdə ideoloji əsasları da onun özü yaratmışdı. Türkiyə hələ də Atatürk dövründə açıqlanan “cahanda sülh” prinsipi ilə yaşayıb. Lakin onları həyata keçirmək mexanizmlərində bəzi problemlər oldu. Xüsusilə Ermənistana, Suriyaya aid siyasətdə problem yarandı, daha sonra İranla eyni problemlər yaşandı. Bu da dünya güclərinin geosiyasi maraqlarından irəli gəlirdi. Hesab edirəm ki, “sıfır problem” siyasətində Davudoğlu öz prinsiplərindən geri çəkilməyəcək. Əksinə, Türkiyənin güclü olması üçün qonşularla münasibətlərini yaxşı səviyyədə saxlamalıdır. Üstəlik, nəzərə almaq lazımdır ki, bu gün hərbi gücün tətbiqi dönəmi müəyyən mənada arxada qalıb. Daha çox iqtisadi, maliyyə ekspansiyasından söhbət gedir. Türkiyə bir müddət bu yöndə addımlar da atdı. Hətta ərəb dünyasında lider olmağa qədər davam edə bildi. Amma bu siyasəti müəyyən mənada sonadək icra etmək mümkün olmadı. Bunun da obyektiv və subyektiv səbəbləri var.


- Azərbaycanla siyasətdə hansısa dəyişiklik ola bilərmi?

- Xeyr, Azərbaycanla münasibətlər həmişəki kimi prioritet olacaq. Çünki regionda Türkiyəni birmənalı olaraq dəstəkləyən qardaş Azərbaycandır. Azərbaycan həm də digər türk cümhuriyyətlərinə körpüdür. Gələcəkdə Türkiyənin qlobal güc olması üçün türk cümhuriyyətlərinin birgə strukturlarının yaranması, vahid mərkəzə çevrilməsi lazımdır. Burada da Azərbaycan çox strateji və həlledici ölkələrdəndir.

- Belə iddialar var ki, Ərdoğan ona tabe olan, yumşaq bir siyasətçini baş nazir portuna gətirmək istəyirdi. Davudoğlunu bu kontekstdə necə dəyərləndirirsiniz?

- Davudoğlu Ərdoğandan fərqli olaraq hisslərinə deyil, ideoloji və siyasi xəttə üstünlük verir. Onun şəxsiyyəti qlobal səviyyədə tanınır, təsdiq olunur. ABŞ-ın hazırki dövlət katibi Con Kerri və keçmiş katib Hillari Klintonla Davudoğlunun ciddi münasibətləri var. Bu ilk növbədə onun akademik şəxsiyyətindən, ədalətli olmasından irəli gəlir. Ona görə də bir çoxlarının istəklərinə rəğmən, Davudoğlu asanlıqla Ərdoğanın idarə edəcəyi şəxsiyyətlərdən deyil. O, konkret ideoloji əsaslar ortaya qoyur, hər şeyi gözəl təhlil edə bilir. Türkiyə, inşallah, bundan sonra daha da güclənəcək.


- Son illər Türkiyənin xarici siyasətində əsas prioritetləri Davudoğlu yaradıb. O, baş nazir olsa da, bu idarədə təsir gücünü saxlaya biləcəkmi, həmçinin yeni nazir olaraq kimi görürsünüz?

- Davudoğlu Türkiyədə xarici siyasət nəhənglərindəndir. Onun həm AKP başqanı, həm də baş nazir olması xarici siyasətdə həlledici şəxs olmasının qarşısını almayacaq. Hesab edirəm ki, bundan sonra da bütün məsələlər onunla razılaşdırılacaq. Hazırda Mövlud Çavuşoğlu və Ferudin Sinirlioğlunun adı çəkilir. Onlar isə Davudoğlunun ayaqqabısını geyə bilərlər, amma yerişini yeriyə bilməzlər.

- Son dövrlər Türkiyənin Cənubi Qafqazda gücləndiyi hiss olunur. Xüsusilə də Naxçıvan görüşündən sonra...

- Nəzərə almaq lazımdır ki, Türkiyə üçün Cənubi Qafqaz mövzusu bütün zamanlarda həssas olub. Bu bölgə çox strateji bölgədir. Enerji ehtiyatları və kəmərlərinin olduğu bölgə həm də İranla həmsərhəddir. Regionda yeni savaşın çıxması ehtimalı güclü olduğu zamanda Türkiyənin aktivləşməsi vacibdir.
Rusiya Qərb tərəfindən ciddi mənada bütün istiqamətlərdən təcrid olunur. Bu gün Türkiyənin Qərblə müəyyən problemləri olsa da, strateji müttəfiqlik qalır. Türkiyə NATO-nun bərabərhüquqlu üzvüdür və təbii olaraq bölgədə alyansın siyasətini yürüdür. Hesab edirəm ki, Türkiyə bundan sonra da Cənubi Qafqazda aktivləşəcək. Son Naxçıvan görüşü regionun və ölkələrin təhlükəsizlik məsələsindən qaynaqlanırdı və bu kontekstdə Rusiyanın bölgədə zəiflədiyi məqamda boş qalan yeri Türkiyə tutacaq. Bu məsələ Qərbin də maraqlarını təmin edir. Çünki Türkiyənin burada həlledici mövqeyə sahib olması regionun təhlükəsizliyini təmin edər və Rusiyanın tədricən bölgədən sıxışdırılmasına əsas yaradardı. Qərbin Türkiyə ilə Ermənistanın münasibətlərini yaxınlaşdırmaq cəhdi də buradan qaynaqlanır və Ermənistanı Rusiyanın əlindən qurtarmağa hesablanıb. İndiki məqamda isə əsas olan Türkiyə, Azərbaycan və Gürcüstan üçlüyüdür. Bu üçlüyün yaranması və fəaliyyəti Rusiyanın yuxusunu qarışdırıb. Rusiyanın izolyasiyası Türkiyənin bölgədə əsas güc olması üçün şərait yaradıb və təbii ki, bu, Azərbaycan dövlətinin də strateji maraqlarına cavab verir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm