• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Azərbaycanlı nazir müavini Saakaşvilinin göstərişi ilə öldürülüb” ­– MÜSAHİBƏ

  • Nida.az
  • 22 Avqust 2014 18:25
  • 2 344 Baxış
“Azərbaycanlı nazir müavini Saakaşvilinin göstərişi ilə öldürülüb” ­– MÜSAHİBƏ

Publika.az-a müsahibəsində Gürcüstan parlamentinin “Gürcü arzusu” blokundan seçilmiş azərbaycanlı deputat Mahir Dərziyev baş nazir İrakli Qaribaşvilinin Ermənistan səfərində qondarma erməni soyqırımı abidəsini ziyarət etməsini və sabiq prezident Mixail Saakaşviliyə qarşı sürülən ittihamları şərh edib.

- Gürcüstanın baş naziri İrakli Qaribaşvili avqustun 21-də Ermənistanın baş naziri Ovik Abramyanla bərabər İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət edib. Bu addım Azərbaycan-Gürcüstan münasibətləri üçün nə vəd edir?

- Bu addımın Azərbaycan-Gürcüstan münasibətlərinə heç bir təsiri ola bilməz. Çünki bundan əvvəl Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında görüş olub. Üçtərəfli görüşlər Tiflis və Ankarada da davam etdiriləcək. Artıq dünyanın bir çox tanınmış analitikləri də bunu bölgədə yeni hərbi əməkdaşlığın yaranması kimi qəbul edirlər. Açıq şəkildə deyirəm ki, Azərbaycanın hər hansı narahatlıq keçirməsinə səbəb yoxdur. Qoy ermənilər narahat olsunlar. Digər tərəfdən, hər bir ölkənin öz milli maraqları olur. Siz bu sualı verməklə məsələyə Azərbaycanın maraqları prizmasından yanaşırsınız. Mən isə bunu düzgün hesab etmirəm. Çünki Gürcüstan müstəqil dövlətdir və öz milli maraqları var. Gürcüstanın dövlət maraqlarında ilk olaraq Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərin saxlanılması dayanır. Gürcüstanın Milli Təhlükəsizlik Konsepsiyasında da Azərbaycan və Türkiyə ölkənin strateji müttəfiqləri hesab olunur. Ermənistan isə Gürcüstanla yalnız dost ölkədir. Ermənistanda mövcud olan qondarma erməni soyqırımı abidəsini indiyədək təkcə Gürcüstanın baş naziri deyil, dünyanın bir çox dövlətlərinin rəhbərləri ziyarət edib. Bu da protokol qaydaları ilə bağlıdır. Hesab edirəm ki, bu cür məqamlardan Azərbaycan və Gürcüstan arasında münasibətlərlə bağlı hər hansı nəticələr çıxarmaq doğru deyil. İndi iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Son vaxtlar Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tiflisdə görüşü, daha sonra isə üç ölkənin müdafiə nazirlərinin görüşü münasibətlərin necə olması üçün ən yaxşı nümunədir.

- Amma Gürcüstan Parlamentində təmsil olunan digər azərbaycanlı deputat Azər Süleymanov iki ölkə arasında münasibətlərin vəziyyəti ilə bağlı sizin dediklərinizin əksini söyləyir...

- Birincisi, Azər müəllim müxalifətdə olduğu üçün belə söyləyir. Mən isə iqtidarda təmsil olunuram. İqtidar təmsilçisi kimi deyirəm ki, bizim münasibətlər bu gün ən yüksək səviyyədədir. Azərbaycan ilə Gürcüstan arasında mövcud olan münasibətlər Saakaşvilinin hakimiyyəti dövründən də yüksək səviyyədədir. Gürcüstan müxalifətin nə deməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlər çox yüksəkdir. Mən gürcü cəmiyyətinin rəyini də yaxşı bilirəm. Onlar da Azərbaycanı etibarlı qonşu və dost ölkə kimi görürlər.

- Azər Süleymanov həm də deyir ki, bu yaxınlarda Gürcüstan parlamentində qondarma erməni soyqırımı məsələsini də gündəmə gətirmək istəyiblər. Sizcə, indiki hakimiyyətin dövründə qondarma erməni soyqırımı Gürcüstan parlamentində tanına bilərmi?

- Sizə açıq deyim ki, bu il də qondarma erməni soyqırımı məsələsi ilə bağlı cəhdlər oldu. Özü də Azər müəllimin təmsil olunduğu partiyanın erməni deputatı tərəfindən. Ancaq İndiki hökumət bu məsələnin gündəliyə çıxarılmasına imkan vermədi. Ancaq Saakaşvilinin iqtidarda olduğu dövrdə bu məsələ tez-tez gündəmə gətirilirdi, şou xarakterli addımlar atılırdı. Ermənilər təkcə Gürcüstanda deyil, dünyanın hər yerində bu məsələdə nəyəsə nail olmağa çalışırlar. Ancaq indiki hakimiyyət dövründə Gürcüstan buna əsla yol verilməyəcək. Çünki bu, ilk növbədə Gürcüstanın milli maraqlarına uyğun deyil. Gürcüstan milli maraqlarına uyğun olaraq Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşı saxlanılmasına böyük önəm verir.

- Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanda azərbaycanlıların vəziyyətinin indikindən daha yaxşı olduğu barədə fikirlər səslənir. Bu cür fikirlərlə nə qədər razısınız?

- Bir azərbaycanlı kimi tam səmimi danışmaq istəyirəm. Mixail Saakaşvili dövründə Azərbaycana və azərbaycanlılara qarşı dostluq münasibətləri heç zaman səmimi olmayıb. Gürcüstanda azərbaycanlıların məscidlərinə qarşı olan hücumlar, Faxralı məscidi ilə bağlı hadisələr və digərlərinin hamısı Saakaşvilinin əməlləri idi. Onun hakimiyyətdə olduğu dövrdə azərbaycanlıların Gürcüstanda ali dövlət orqanlarına inteqrasiyası ilə bağlı heç bir iş görülmədi. Saakaşvilinin hakimiyyəti dövründə müəyyən işlər görülmüşdü. Amma bunlar ümumi proseslərin təbii nəticəsi idi. Saakaşvilinin gördüyü işlər ancaq özünün reklamı idi. Azərbaycanlıların buradakı məscidlərinə qarşı baş verən hadisələrin hamısını Saakaşilinin komandası və xüsusi xidmət orqanları törədirdi. Sonra da yalandan deyirdilər ki, guya bunları dövlət deyil, keşişlər edir. Amma bütün bunların hamısını Mixail Saakaşvili daxili işlər naziri Vano Merabişvili və xüsusi xidmət orqanlarının əli ilə həyata keçirirdi. Bundan əlavə, Saakaşvilinin hakimiyyəti dövründə milli azlıqların, o cümlədən azərbaycanlıların qabiliyyətli, ləyaqətli və iddialı nümayəndələri şərlənərək ölkədən didərgin salınır, həbs edilirdi. Saakaşvili milli azlıqlara qarşı qənim kəsilmişdi. Onun milli azlıqlarla bağlı siyasəti düzgün qurulmamışdı. Öz xalqına dost olmayan bir adam Azərbaycanla necə dost ola bilər? Sadəcə olaraq, Saakaşvili Qərbin bəlli bir ssenarisində yer alan adam idi. O, Qərbin maraqlarını Gürcüstanın milli maraqlarını nəzərə almadan həyata keçirirdi. Bunun nəticəsində də 2008-ci ildə Saakaşvilinin ağılsız siyasəti nəticəsində Gürcüstan Rusiya ilə müharibəyə cəlb olundu, torpaqlarının bir hissəsini itirdi.

- Yeri gəlmişkən, hazırkı hakimiyyət Saakaşviliyə qarşı bir sıra cinayət ittihamları irəli sürüb…

- Bizim iqtidarın Saakaşvili iqtidarından fərqi ondan ibarətdir ki, biz qanunun haradan başlayıb harada bitdiyini dəqiq bilirik. Bu gün Saakaşviliyə və onun dövründə çalışmış bir neçə məmura qarşı Gürcüstanın Baş Prokurorluğu tərəfindən 6-7 maddə üzrə ittiham irəli sürülür. Saakaşvili ağır cinayətlərdə ittiham olunur. ABŞ və digər dövlətlərin Gürcüstandakı səfirləri də bu prosesi yaxından izləyir. Hamı qanun qarşısında bərabərdir. Əgər Avropada hər hansı dövlət başçısının böyük bir vəsaiti mənimsəməsi faktı ortaya çıxsaydı, o adam ilk növbədə özü dərhal istefa verərdi. Saakaşvili hazırda ona qarşı irəli sürülən ittihamlarla əlaqədar Gürcüstanda daxili axtarışa verilib. Bu o deməkdir ki, Saakaşvili Gürcüstana gələn kimi dərhal həbs olunacaq. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Yəqin ki, yaxın günlərdə İnterpol xətti beynəlxalq axtarışa veriləcək.

- Mixail Saakaşvilinin milli azlıqlara qarşı bir çox cinayətlərdə iştirak etdiyini söylədiniz. Konkret azərbaycanlılara qarşı hər hansı cinayət törətməsi barədə fakt varmı?

- Konker olaraq deyim ki, Gürcüstanın sabiq baş naziri Zurab Jvaniyanın ölümü araşdırılır. Çünki Gürcüstanda onun ölümü ilə bağlı müəyyən şübhələr var. Güman olunur ki, keçmiş baş nazir qətlə yetirilib. 2006-cı ildə azərbaycanlı soydaşımız Raul Yusifov da onunla bərabər qətlə yetirilib. Hazırda bununla bağlı cinayət işi aparılır. Bütün bunların hamısı Saakaşvilinin göstərişi ilə törədilib. Bu, artıq cəmiyyətdə də heç bir şübhə doğurmur. Bundan əlavə, Saakaşvilinin göstərişi ilə xeyli sayda azərbaycanlı iş adamı vergidən yayınmaq adı ilə şərlənərək həbs olunub. Həmin azərbaycanlılar yeni hökumət gələndən sonra azadlığa buraxılıb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR