Ermənistan Avrasiya İttifaqına Qarabağla gedir: Sərkisyan yalan danışır?
Bizi izləyin

Nida.az

Ermənistan Avrasiya İttifaqına Qarabağla gedir: Sərkisyan yalan danışır?

Ermənistan Avrasiya İttifaqına rəsmi olaraq daxil olmaq ərəfəsindədir. Rusiya prezidenti Vladimir Putinin qərarından sonra oktyabrın 10-da Moskvanın iki partnyoru Qazaxıstan və Belarus bunu dəstəkləməlidir.
Gözlənildiyi kimi, Ermənistanın ittifaqa üzvlüyü gələn ayın sonlarına rəsmiləşəcək. Lakin hələ də Rusiyanın müttəfiqləri Yerevanın bura daxil olmasına qətiyyət göstərmirlər. Bu bir tərəfdən mövcud intriqanı saxlayır, digər tərəfdən Ermənistan daxilində müxalifəti yetişdirir.


Publika.az xəbər verir ki, Yerevan ittifaqa daxil olmağına maneə yaradan Qarabağ məsələsini həll etdiyini açıqlayır. Belə ki, Ermənistan ittifaqa Qarabağsız gedəcək. Hansı ki, Avrasiya İttifaqının təsis olunduğu ilk yüksək səviyyəli toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın qarşısında Qarabağ problemini qaldırdı. Nazarbayev bildirdi ki, Yerevan ittifaqa daxil olacağı təqdirdə hansı sərhədlərlə təmsil olunacaq. Çünki beynəlxalq statusu məlum olmayan Azərbaycanın işğal olunmuş torpaqları BMT tərəfindən Ermənistanın ərazisi kimi tanınmır.


Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin də məktubunu təsisçilərin diqqətinə çatdırdı və bununla Ermənistanın ittifaqa daxil olması müvəqqəti təxirə salındı.


Bu zaman Moskva dövriyyə girdi və Ermənistanın Qarabağsız daxil olması məsələsi irəli sürüldü. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bakı səfəri zamanı bunu dilə gətirdi. Nəhayət, Yerevan da bildirdi ki, o, Qarabağsız daxil olacaq.


Sabiq dövlət müşaviri Vəfa Quluzadə Publika.az-a açıqlamasında bildirib ki, Ermənistanın çıxış yolu yox idi: “Qarabağsız daxil olmalı idi. Əks təqdirdə, vəziyyəti pis olacaqdı. Qarabağla birgə ittifaqa daxil olmaq istəyinin də qarşısı alındı. Prezident İlham Əliyev Astana sammitinə göndərdiyi məktubla Yerevanın qarşısına fakt qoydu”.

Politoloq qeyd edib ki, bundan əvvəl də Nursultan Nazarbayev bu məsələni qaldırmışdı: “Bildirmişdi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və 7 rayonunu işğal edib, gərək konkret sərhədlərini göstərsin. Lakin bunun həlli Rusiyadan asılıdır. Rusiya çalışır ki, Ermənistanı ittifaqa Qarabağsız qəbul etsin. Bu da İrəvanın xətrinə dəyəcək”.

Rusiya mediası isə Yerevandakı mənbələrə istinadən maraqlı bir məlumat yayıb. Belə ki, məlumata görə, Ermənistan ittifaqa Qarabağsız daxil olsa da, tətbiq olunacaq gömrük güzəştlərini Qarabağdakı məhsullara da aid edəcək.

“Ermənistan Avrasiya ittifaqına daxil olanda məhsulların idxalı və ixracı zamanı tətbiq edilən gömrük güzəştləri Dağlıq Qarabağ ərazisində şamil edilmir. Buna görə də bu bölgəyə sərt nəzarətin edilməsi lazımdır. Sonuncu yüksək səviyyəli görüşdə Qazaxıstan prezidenti də bunu qaldırdı. Bu, erməni rəhbərliyi üçün olduqca narahatedici məqamdır. Yerevan məcbur olaraq buna münasibət bildirdi və qeyd etdi ki, Dağlıq Qarabağ özünü müstəqil elan edib və heç kəs tərəfindən tanınmır. Ermənistan da ittifaqa Qarabağsız daxil olacaq. Lakin məlumatlara görə, Ermənistan müttəfiqlərini aldadır. Yerevan Qarabağ məhsullarını, xüsusilə meyvə-tərəvəzi Ermənistan vasitəsilə güzəştli gömrük şərtləri altında satmaq niyyətindədir”, - deyə rus mediası bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm