Rəfael Hüseynov: “AŞPA sessiyasında Ermənistana qarşı konkret addımlar atılacaq”
Bizi izləyin

Nida.az

Rəfael Hüseynov: “AŞPA sessiyasında Ermənistana qarşı konkret addımlar atılacaq”

“AŞPA-nın payız sessiyasının gündəliyinə Dağlıq Qarabağla bağlı xüsusi məsələ salınmayıb. Lakin qurumun Nazirlər Kabinetinə sədrliyi Azərbaycan aparacaq və Qarabağ problemini daim gündəmdə saxlamağa çalışacağıq”.

Bu barədə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov Publika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin fəaliyyətdə olan sədri Elmar Məmmədyarov xüsusi hesabat məruzəsi ilə çıxış edəcək: “Bu, Avropa Şurası Nazirlər Kabinetinin hesabatıdır. Təbii ki, bundan əvvəlki sədrlər həmişə Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ məsələsinə toxunduğu kimi, Elmar Məmmədyoravun hesabat məruzəsində bir bənd Qarabağla bağlı olacaq. Sonra azərbaycanlı nazir müxtəlif sualları cavablandıracaq”.

R. Hüseynov qeyd edib ki, hər sessiyada Azərbaycan nümayəndə heyəti ölkəmizin maraqlarını əks etdirən müxtəlif sənədlər hazırlayır.

“Təbii ki, bu sessiyada da belə sənədlər olacaq. Onu da xüsusi qeyd edim ki, AŞPA-nın son büro iclasında Azərbaycan nümayəndə heyətinin təklif etdiyi bir sıra sənədlər təsdiq olunub. Bu sənədlər Ermənistanın törətdiyi cinayət əməlləri, Avropa Şurasının qanunlarına tabe olmamaları, təcavüzü davam etdirməsi, son dövrlər atəşkəsi sistemli şəkildə pozması, dinc sakinləri həlak etməsi ilə bağlıdır. Bu sənədlər büroda təsdiq olundu. Hesab edirəm ki, AŞPA-nın bu sessiyası ərzində Ermənistana qarşı növbəti konkret addımlar atılacaq”, - deyə nümayəndə heyətinin üzvü vurğulayıb.

R. Hüseynov əlavə edib ki, sessiyada Bakıda keçirilən tədbirlər haqqında da məlumat veriləcək: “Bakıda dinlər və mədəniyyətlərarası əlaqələrlə bağlı Avropa Şurası Nazirlər Kabinetinin böyük tədbiri keçirildi. Həmin təbirdə mən Nazirlər Kabineti adından məruzə ilə çıxış etdim. Bu, böyük tədbir idi və bura dünyanın müxtəlif dinlərini təmsil edən böyük din xadimləri gəlmişdi. Sessiyada işlərimizdən biri də mədəniyyət, elm və təhsil komissiyasında bu tədbirlər haqda geniş məlumat vermək olacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm