Yenə də status-kvo: Putin Xəzəri rəqiblərə vermək istəmir
Bizi izləyin

Nida.az

Yenə də status-kvo: Putin Xəzəri rəqiblərə vermək istəmir

Sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək.

Sammitdə Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin əsas məsələlərinin, 2010-cu ildə Bakıda keçirilmiş sammitdə qəbul olunmuş qərarların reallaşdırılmasının gedişi, həmçinin region ölkələri arasında perspektivdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə olunması gözlənilir. Çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır. Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələr üzrə həmkarları ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Sammitdə, heç şübhəsiz ki, Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsi müzakirə olunacaq. Amma Həştərxan sammiti çətin ki, dənizin dibinin bölməsi haqqında mübahisələrə son qoyacaq.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Moskvanın Xəzərin sektorlara qarşı çıxdığını yazıb.

MDB ölkələri ilə Rusiyanın sərhədlərinin demarkasiyası üzrə Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi İqor Bratçikov sammit ərəfəsində ölkəsinin bu mövqeyini bir daha açıqladı. Ekspertlər hesab edirlər ki, Moskvanın Xəzərin status-kvonu saxlamaq cəhdi sırf enerji məsələləri ilə bağlıdır. Belə ki, Rusiyanın Orta Asiya qazının Avropaya ixracına mane olmağa çalışır. Xəzərin statusunun həll edilməməsi isə Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan tranxəzər qaz kəməri layihəsinin icrasına əngəl olaraq düşünülüb.

Rusiya status-kvonu saxlamaqda maraqlıdır

Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərəfindən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yoxsa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradıb. Neft və təbii qaz ehtiyatları baxımından çox zəngin olması və kəşf edilməsini gözləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu ön plana çıxarır.

Xəzər dənizinin hüquqi statusunu təyin edilməsi zamanı 3 əsas yanaşma ortaya çıxıb. Bunlardan birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İkinci yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.

Hazırda Xəzərin su resursları və dibinin bölünməsi 1921 və 1940-cı illərdə keçmiş SSRİ və İran arasında imzalanmış müqavilələrlə tənzimlənir. “Əgər sammitdə Xəzərin hüquqi status haqqında konvensiya qəbul edilərsə, bu yekun sənədin hazırlanması üçün əhəmiyyətli addım olacaq. Konvensiya prosesi finiş xəttinə çıxarmağa imkan verəcək”, - deyə İ.Bratçikov bildirib.

Tərəflər su dibinin bölünməsi barədə razılığa gələ bilmir. Putinin xüsusi nümayəndəsi dünən xatırladıb ki, Rusiya Federasiyasının mövqeyi n dəyişməz olaraq qalır. “Rusiya tərəfi Xəzər dənizinin hər hansı sektorlara bölünməsi barədə yanaşmaya tərəfdar deyil. Rusiya tərəfi lap əvvəldən prinsip etibarilə Xəzər sularının bölməsinə qarşı çıxış edib. Biz hazırkı vəziyyətin saxlanılmasında maraqlıyıq”, - İ.Bratçikov qeyd edib.

Hazırda qüvvədə olan müqavilələr dənizin bütün akvatoriyası üzrə gəmiçilik fəaliyyətinə azadlıq verir. Putinin xüsusi nümayəndəsi su üzünün delimitasiyasının probleminin Həştərxan sammitində həll ediləcəyinə ümid edir.

Rusiya o qədər zəif deyil ki...

Aktual Beynəlxalq Problemlər İnstitutunun direktoru Yevgeni Bajanov Həştərxan sammitində Xəzərin dibinin bölünməsi haqqında məsələnin həllinə şübhə ilə yanaşır. “Rusiya Xəzərin statusu üzrə mövqeyini dəyişdirməyib və bu mövqeyində təkid etməkdə davam edir. Baxmayaraq ki, bu məsələnin həll olunmaması Rusiya hakimiyyətini tamamilə qane etmir. Amma Rusiya üçün Xəzərdə öz təsirini itirmək yolverilməzdir. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ona imkan verəcək ki, xəzəryanı ölkələr özlərinin milli sektorlarında sərbəst olacaqlar. Deməli, xəzəryanı ölkələr Qərb kolleqiyalarını əməkdaşlığına dəvət etməsi ehtimalı çox yüksəkdir. Rusiya isə bu ehtimalı özündən uzaqlaşdırıb”, - Bajanov hesab edir.

“Neft və capital” nəşrinin baş redaktorunun müavini İqor İvaxnenko da Bajanov ilə razılaşır: “Hər halda Həştərxan sammitindən sıçrayışlı qərarları gözləmək lazım deyil. Rusiya o qədər zəif deyil ki, Xəzərdə özü üçün əlverişsiz dəyişikliklərə imkan versin. Həm də o qədər güclü deyil ki, inteqrasiya proseslərinə başçılıq etsin. Digər bir məqam isə odur ki, zəzəryanı ölkələrin maraqları çox müxtəlifdir".

“Xəzərin statusu məsələsinin həll olunacağı halda sahilboyu ölkələr neft və qaz kəmərlərini müstəqil inşa edə biləcək. Bunda isə İran və Rusiya maraqlı deyil. Bu gün türkmən qazının əsas hissəsi Çinə axır. Bundan başqa, mövcud vəziyyət Türkmənistandan tələb edir ki, qazını Avropaya çatdırmaq üçün Xəzər hovuzunun beş ölkəsinin razılığa nail olsun. Hələlik isə bu mümkün deyil”, - Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm