• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vüqar Bayramovdan Gülağa Aslanlının “hökumətə işləyir” ittihamına cavab - Açıqlama

  • Nida.az
  • 8 Oktyabr 2014 16:43
  • 815 Baxış
Vüqar Bayramovdan Gülağa Aslanlının “hökumətə işləyir” ittihamına cavab  - Açıqlama

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Müsavat funksioneri Gülağa Aslanlının “hökumətə işləmək” ittihamına cavab verib.


V. Bayramov Publika.az-a açıqlamasında bildirib ki, kimisə hökumətə işləmək, yaxud işləməməkdə ittiham etmək doğru deyil: “Mən beynəlxalq qiymətləndirməyə görə, Azərbaycanın ən reytinqli beyin mərkəzinin rəhbəriyəm. Bizim mərkəz həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiyanın ən güclü beyin mərkəzidir. Biz praktiki olaraq hökumətlə də əməkdaşlıq edirik. Ümumiyyətlə beyin mərkəzi və QHT-lərin siyasətə qoşulmasının tərəfdarı deyiləm. Beyin mərkəzi fəaliyyət göstərdiyi ölkələrin dövlət qurumları və hökumətləri ilə əməkdaşlıq etməlidir. Buna uyğun olaraq da biz də hökumətlə əməkdaşlıq edirik. ABŞ-ın Vaşinqton Universitetinin məzunu kimi məqsədim hökumətin sosial və iqtisadi siyasətinin daha da yaxşılaşdırılmasına töhfə verməkdir. Biz buna öz təkliflərimizlə təsir etmək istəyirik”.


V. Bayramov qeyd edib ki, o ilk və yeganə azərbaycanlıdır ki, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramında vətəndaş cəmiyyəti foruma həmsədri seçilib: “Avropa Birliyində komissiya sədri seçilən ilk azərbaycanlı olmaqla yanaşı, dünyanın 500 ən nüfuzlu müsəlmanı siyahısında ölkəmizi elm və inkişaf kateqoriyası üzrə təmsil edən ilk azərbaycanlıyam. Bu o demək deyil ki, mən Avropa hökumətinə işləyirəm, yaxud Azərbaycanda hökumətə işləyirəm. Mən Qazaxıstanda anti-böhran və eləcə də Yunanıstanda stabilləşmə proqramlarının hazırlanmasına cəlb edilən azərbaycanlı iqtisadçıyam. Həmin ölkələrdə hökumət qurumları ilə əməkdaşlıq etmişəm və birgə çalışmışıq. Bu da heç də həmin hökumətlərə işləmək anlamına gəlməməlidir. Sadəcə olaraq bir mərkəz kimi Avropa strukturları və Azərbaycan hökuməti ilə əməkdaşlığımız var. Məqsəd Azərbaycana xidmət etməkdir. Əgər bizim əməkdaşlığımız Azərbaycanın inkişafına töhfə verirsə, dövlətin maraqlarını, xüsusilə xaricdə qorunması ilə nəticələnirsə, niyə də olmasın. Problem bu iddianı irəli sürənlərin beyin mərkəzinin fəlsəfəsini bilməmələrindədir. Düşünürlər ki, QHT və beyin mərkəzləri siyasi partiyalar kimi hökumətlə dalaşmalıdır. Halbuki nə beyin mərkəzinin, nə də QHT-nin funksiyası siyasi şüar səsləndirmək deyil”, - deyə mərkəzin rəhbəri bildirib.


V. Bayramov bu cür fikirləri qeyri-ciddi adlandırıb. Bildirib ki, o və rəhbərlik etdiyi mərkəz Azərbaycan dövlətinin inkişafı məqsədilə hökumətlə əməkdaşlıq edir, ölkədən kənarda Azərbaycanın maraqlarını qorumağa çalışırlar: “Azərbaycanın maraqlarını qoruduğumuz üçün radikal qruplar tərəfindən dəfələrlə ittiham olunuruq. Amma söhbət dövlət maraqlarından gedir. Kimlər Azərbaycanın maraqlarını qorumamağı siyasi alət kimi istifadə edirsə, onlarla razı deyiləm. Digər tərəfdən, kimsənin siyasətə təsir etmək potensialı yoxdursa, hökumət potensialı olmayanlarla deyil, potensialı olanlarla əməkdaşlıq edirsə, bundan qıcıqlanmaq lazım deyil. Əksinə, ittiham irəli sürənlər öz potensiallarını artırmağa çalışmalıdırlar. Hökumətlər seçilmiş ekspertlər ilə onların potensiallarına görə əməkdaşlıq edirlər. Çünki söhbət Azərbaycana xidmətdən gedirsə, mən və mərkəzimiz bu istiqamətdə hökumətlə əməkdaşlıq edir. Bu yerli və beynəlxalq standartlara uyğundur. ABŞ-da və Avropada da beyin mərkəzləri hökumətlərlə daim əməkdaşlıq çərçivəsində işləyirlər. Sadəcə olaraq, bütün beyin mərkəzləri kimi biz də müstəqilliyimizi qoruyub saxlayırıq. Hökumətlə əməkdaşlığımız olub, var, gələcəkdə də olacaq. Məqsəd ölkənin inkişafına daha çox töhfə verməkdən ibarətdir”.


Qeyd edək ki, “Azadlıq radiosu”nun efirində Müsavat Partiyasının üzvləri Qubad İbadoğlu ilə Gülağa Aslanlı arasında söz “atışması” yaşanıb.


G. Aslanlı İbadoğluna “mən sizdən fərqli olaraq başqa partiyadan Müsavata gəlməmişəm” deyib.

Q. İbadoğlu “danışığınıza fikir verin” deyə cavabında bildirib.

“Siz iqtidara xidmət etmisiniz. İqtidardan, Müsavatdan bəhrələnən gəlib burda mənə müsavatçılıq dərsi keçir”, -deyə o, ittihamları davam etdirib.


G. Aslanlı isə “siz və sizin qardaşınız bu iqtidara xidmət edir” deyə bildirib.

“Qubad bəy əsassız danışır, o artıq burda İsa Qəmbərə də böhtan atır. Dünən də bunu etdiniz, özünüz toplaşdınız, özünüz danışdınız. Məqsədiniz İsa bəyə, Arif bəyə, Müsavata böhtan atmaqdır”, - deyə bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR