Azərbaycanı Parisdə nəyə məcbur edəcəklər? – Təhlil
Bizi izləyin

Nida.az

Azərbaycanı Parisdə nəyə məcbur edəcəklər? – Təhlil

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün bir araya gələcəyi Paris görüşünə 3 gün qaldı.

Oktyabrın 27-də keçirilən görüşdə Fransa prezidenti Fransual Olland Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanı Yelisey sarayında qəbul edəcək.

Bu görüş bu ilin avqust ayının 10-da Rusiya prezidenti Vladimir Putinin Soçi görüşünə revanş addım kimi qiymətləndirmək olar, hansı ki, Putindən əvvəl eyni təşəbbüslə Olland çıxış etmişdi. Lakin ona təşəbbüsünü reallaşdırmaq üçün iki aya qədər vaxt lazım oldu.


Qərb “təzyiq dili”ni işə salır


Ümumi mənzərədə Qarabağ münaqişəsinin həlli üçün Qərb və Rusiyanın ayrılıqda səy göstərdiyi görünür. Prinsip etibarilə ilə hər iki tərəf Minsk qrupunda təmsil olunur, amma Ukrayna böhranından sonra burun-buruna gələn tərəflər bu məsələdə təşəbbüsü ələ almağa çalışırlar. Çünki münaqişənin kimin həll edəcəyi regionda təsir gücünü artırmaq baxımından önəmlidir. Münaqişə isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bakının bu prinsipiallığı hər iki tərəfdə qəbul edilib və artıq Ermənistan da bunu anlamaqdadır.
Bu fonda oktyabrın 10-da Minskdə Avrasiya İttifaqının növbəti iclasında Putinin Sərkisyana Qarabağ məsələsində güzəştə getmədiyi üçün qəzəblənməsi xəbərləri diqqət çəkir. Yəni Kreml anlayır ki, Bakı ərazi bütövlüyü bərpa olunmadan öz sərt siyasətini aparacaq və münaqişənin açarı kimin əlindədirsə, onun yanında olacaq. Kreml onu da anlayır ki, bakının itirilməsi Cənubi Qafqazın taleyini həll edir.

Qərb də öz növbəsində təşəbbüsü ələ almaq üçün münaqişənin tezliklə həllinə çalışır və bunun üçün tərəflərdən güzəşt qopartmaq istəyir.
Rusiyanın Ermənistandan güzəşt tələb edildiyi deyilsə də, Qərbin yanaşması əksinədir. Görüş öncəsi ehtimallar səslənir ki, Qərb Azərbaycandan prinsipial mövqeyindən geri çəkilməsini istəyir. Təbii ki, Bakı buna razı deyil. Məhz buna görə də “təzyiq dili” işə düşüb.


27 oktyabrda üç mühüm məsələ: hədəfdə kimdir?


27 oktyabr tarixi: Bu tarixdə prezidentlər Yeliseydə Qarabağı düyününü müzakirə edəndə daha iki mühüm hadisə olacaq. Birincisi, Ermənistan tərəfindən girov götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsi bu tarixdə keçiriləcək. Hansı ki, bu İrəvanın təxribatıdır.

İkincisi, 27 oktyabrda Vaşinqtonda Azərbaycan insan haqları, demokratiyanın vəziyyəti ilə bağlı dinləmələrin keçiriləcəyi nəzərdə tutulur. Dinləmələrin “Freedom House” və Açıq Cəmiyyət İnstitutu (SOROS) tərəfindən keçiriləcəyi və mövzunun insan haqları, demokratiya olması Qərbin Azərbaycandan prinsipial mövqeyində dəyişiklik etməsi istəyində olduğunu göstərir.


“Freedom House”un yaydığı məlumatda deyilir ki, müzakirələr yerli vaxtla saat 12:30-dan 14:00-dək (Bakıda gecəyarısı olacaq) keçiriləcək. Qurumun prezidenti David Kramer, Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə baş siyasi təhlilçisi Jeff Qoldştein, Avropada Sabitlik Təşəbbüsü təşkilatının sədri Gerald Knaus və Avropa və Avrasiya Bürosunun (E&E) administrator köməkçisi Paige Aleksandr Görüşün moderatorları olacaqlar.
Məlumatda qeyd edilir ki, son il ərzində Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, jurnalistlərə, hüquq müdafiəçilərinə həm xarici, həm də daxili QHT-lərə təzyiqləri artırıb.


Söhbət “Freedom House”dan və insan haqlarından gedirsə, açıq şəkildə demək mümkündür ki, Bakıya növbəti təzyiq addımı hazırlanır. Bunun məhz 27 oktyabrda baş tutması məsələnin birbaşa Qarabağla bağlı olduğunu göstərir.

Halbuki rəsmi Bakının prinsipial mövqeyinə görə, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, erməni hərbi birləşmələri bölgədən çıxarılmalı, qaçqın və məcburi köçkünlər evlərinə qayıtmalı, bundan sonra status məsələsinə baxılmalıdır.


Qərb və Rusiyanın istəkləri


Rusiyadan fərqli olaraq Qərbin Ermənistanın xeyrinə nəyəsə çalışması suallar yaradır, hansı ki, bu günə qədər İrəvanın əsas dəstəkçisi obrazında Moskva görünürdü. Görünür, Moskva Ermənistanı Avrasiya İttifaqına daxil edə bilib, növbəti hədəf kimi Azərbaycana baxır. Bakının “hə” deməsi üçün mütləq Qarabağ münaqişəsini həll etmək lazımdır, bu məsələdə də Ermənistan güzəştə getməlidir.

Qərb isə Azərbaycanı güzəştə məcbur etməklə Ermənistana “top” atmış ola bilər və beləliklə Avrasiya İttifaqı xəyallarını puça çıxara, İrəvanı Moskvadan ala bilər. “Hər nə də olsa, Bakı Qərbin straterji əməkdfaşı, həmçinin iqtisadi partnyorudur, həmçinin, Kremllə məsafəli təmas qurur”, yəqin ki, Qərbə belə düşünürlər.


“Danışıqların gedişatı erməni lobbilərini ciddi narahat edir”


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağ məsələsi istiqamətində danışıqların gedişatı bu təşkilatlardakı erməniləri və erməni lobbilərini ciddi narahat edir və bu formada nəsə etməyə çalışırlar. Onun fikrincə, prezidentlərin Paris görüşündə “Freedom House” kimi təşkilatlar təxribat etmək istəyirlər.


“Azərbaycanı Qarabağ məsələsində prinsipial mövqeyindən çəkindirmək istəyirlər”


Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycanı prinsipial mövqeyindən çəkindirmək planları var.
Millət vəkili Publika.az-a bildirib ki, Paris görüşü ilə eyni gündə bu dinləmələrin salınması təsadüfi deyil: “Məqsəd Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyindən geri çəkilməsinə hesablanıb. Buna görə də məhz insan haqları, demokratiya kimi qıcıqlandırıcı və ənənəvi üsullara əla atılır. Bu günə qədər də belə fikirlər səsləndirilib. Azərbaycan onlar üçün arzuolunmaz ölkədir. Çünki iqtisadi cəhətdən özünü saxlaya bilir, siyasi müstəqilliyə can atır və regionda Gürcüstanla Ermənistanı xeyli qabaqlayaraq balansı öz xeyrinə dəyişə bilib. Biz öz mövqeyimizdə sona qədər qalmağa çalışmalıyıq”.


“Bu, Azərbaycana “öz əzəli torpaqlarından güzəştə get” deməkdir”


Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri də eyni mövqedədir.
Politoloq Publika.az-a açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsindəki danışıqlarla insan haqları ayrı məsələdir: “Lakin bunu eyniləşdirmək və eyni gündə müzakirəyə çıxarmaq Azərbaycana “öz əzəli torpaqlarından güzəştə get” deməkdir. Hansı ki, bu həm də danışıqlar prosesində Azərbaycan tərəfinə psixoloji təsirdir. Daim erməni lobbisinin hücumlarını hiss edirik, güman ki, burda da müəyyən əl var. Amma bu daha çox, Qərbin regiona dair geosiyasi addımları ilə bağlıdır”.


N. Mirinin fikrincə, Azərbaycan tərəfi güzəştə getməyəcək: “Güman ki, buna görə təzyiqlər artacaq. Amma hazırda Qərblə Rusiyanın qarşıdurmasından yararlanmaq mümkündür”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm