Bələdiyyələrin statusu, terrorçuluq, polis və ... Milli Məclis bir sıra qanunlara dəyişiklik etdi
Bizi izləyin

Nida.az

Bələdiyyələrin statusu, terrorçuluq, polis və ... Milli Məclis bir sıra qanunlara dəyişiklik etdi

Milli Məclis bu gün keçirilən iclasında bir sıra məsələlərə baxıb.


Publika.az xəbər verir ki, parlamentdə Ali Məhkəmənin hakimlərindən birinin səlahiyyət müddətinin uzadılması barədə məsələ müzakirə olunub.


Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli layihə barəsində məlumat verərək bildirib ki, prezident İlham Əliyevin təqdimatına əsasən, Əli Məhəmməd oğlu Rüstəmovun yenidən Ali Məhkəmənin hakimi təyin edilməsi təklif olunur.


Bildirilib ki, Ə. Rüstəmov 21.07.2000-cu il tarixindən Ali Məhkəmənin hakimidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar.

Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.
Səsvermə nəticəsində layihə qəbul olunub.


Terrorçuluğun maliyyələşdirilməsi yenidən gündəmdə


“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilib.

Bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişikliklər texniki xarakterlidir. Terrorçuluqla mübarizə haqda qanuna 2004-cü ilin martında dəyişiklik edilib: “Dəyişiklik bu qanunun əsas anlayışlarında da öz əksini tapmalıdır”. Dəyişiklik səsə qoyularaq qəbul edilib.


Elektroşokdan necə istifadə ediləcək?


Milli Məclisin iclasında “Polis haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

“Polis haqqında” qanunun 26-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən yalnız müvafiq icra hakimiyyəti (Daxili İşlər Nazirliyi) tərəfindən siyahısı müəyyən olunan polis əməkdaşları elektroşokdan istifadə edə biləcəklər.

Dəyişikliyə görə, elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstəriləcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda istifadə oluna bilər. Bununla yanaşı, cinayət törədilməsində şübhəli bilindiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə elektroşok vasitəsinin istifadəsi mümkün olacaq. Hazırkı qanunvericiliyə görə isə elektroşokdan istifadədə məhdudiyyət yoxdur. İdarə və bölmə rəislərinin, komandirlərin icazəsi ilə hər bir polis nəfəri elektroşokdan istifadə edə bilər.

Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılov qanunda “ehtimal edilən” ifadələrin olmasına qarşı çıxıb: “Mən ötən iclasda da Fazil Mustafanın fikirlərini müdafiə etdim. Hesab edirəm ki, qanunda “ehtimal edilən” ifadələr olmamalıdır. Qanun konkret olmalıdır”.

Deputat Musa Qasımlı deyib ki, qanun layihəsinə səs verəcək: “Bu dəyişiklik inkişaf etmiş dövlətlərin qanunvericiliyinə uyğundur. Ancaq mən bəzi yanlış fikirlərlə bağlı münasibətimi bildirmək istəyirəm. Biz polisin nüfuzunun aşağı düşməsinə imkan verməməli, onun nüfuzunun qaldırılması üçün nə lazımdırsa etməliyik. Hələ ötən əsrin sonlarında bəzi mərkəzləri hesab edirdi ki, ölkəni çökdürmək üçün onun nüfuzunu aşağı salmalıdır. Hesab edirəm ki, bəzi mətbuat orqanları polisin gözdən salması üçün yazdığı məqalələr həmin mərkəzlərin göstərişidir. Mən həmin yazıları və müəllifləri qınayıram. Qanun dəyişikliyini müdafiə edirəm”.


Sonda qanun layihəsi səsə qoyularaq qəbul olunub.

5 yaşı tamam olmuş uşaqlara yeni fərdi identifikasiya kartı veriləcək


Parlament “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsini də müzakirə edib.


Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihə Milli Məclisə Prezident İlham Əliyev tərəfindən təqdim olunub. Onun sözlərinə görə, yeni layihəyə əsasən, vətəndaşa doğum haqqında şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartının müddəti azaldılıb: “Bu kartlar vətəndaşın 5 yaşı tamam olana kimi etibarlı olacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı isə vətəndaşın 15 yaşı tamam olana kimi etibarlı sayılacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartının üzərində bir sıra lazımi məlumatlardan əlavə, onun fotoşəkli də yerləşdiriləcək”.

Dəyişikliklərə əsasən, fərdi identifikasiya kartının 5 yaşı tamam olmamış vətəndaşa 5 iş günü ərzində verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu ödənilməyəcək. 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə, həmçinin bu kartın 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınacaq. Kartın üzərindəki məlumatlarda səhv olduqda həmin kart müvafiq orqana daxil olduğu gündən 1 iş günü ərzində dövlət rüsumu alınmadan dəyişdiriləcək. Yeni layihəyə əsasən, fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya (çip) vətəndaşın gözlərinin rəngi əlavə edilməyəcək.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edildi


Milli Məclisinin bu gün keçirilən iclasında bələdiyyələrin statusunda və fəaliyyətlərində dəyişiklik müzakirəyə çıxarılıb.

“Bələdiyyələrin statusu haqqında” qanuna edilən əlavələr layihəsi barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.


Onun sözlərinə görə, qanuna yeni 22-1 və 22-2 maddələri əlavə edilir. Layihəyə əsasən, yeni 22-1-ci (Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması) maddədə göstərilir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir. Bələdiyyə üzvlərinin səlahiyyətləri məhkəmənin qərarı ilə dayandırılır.


Maddədə o da deyilir ki, bələdiyyə üzvlərinin səlahiyyətləri bu qanunun 22-ci maddəsinin 5-6-cı bəndlərində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəmədə icraata başlandığı tarixdən aşağıdakı müddətə dayandırılır: “- bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra bələdiyyə tərəfindən bu qanunun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək; - iş üzrə məhkəmə icraatına xitam verilməsi barədə məhkəmənin qərarı qüvvəyə minənədək”.


Layihədə nəzərdə tutulan daha bir - 22-2-ci (Bələdiyyələrin vaxtından əvvəl buraxılması) maddədə göstərilir ki, Milli Məclis ona bu qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə, Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.


Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.


Bundan başqan qanunverici orqan İnzibati Xətalar Məcəlləsinə, Gömrük Məcəlləsinə, “Yeyinti məhsulları haqqında”, “Balıqçılıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Qrant haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Taxıl haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlara edilən dəyişikliklərdir.

Dəyişikliklər əsasən texniki xarakter daşıyıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm