“5.44” və ya “cihada” qoşulmanın iki səbəbi – ARAŞDIRMA
Bizi izləyin

Nida.az

“5.44” və ya “cihada” qoşulmanın iki səbəbi – ARAŞDIRMA

Yaxın Şərqi ağuşuna alan “cihad müharibəsi” azərbaycanlı ekstremistlər üçün din uğrunda döyüşmək imkanı yaratdı. Qeyri-rəsmi məlumatlara görə, son 3 ildə yüzlərlə azərbaycanlı Suriya “cihadına” yollanıb. Zaman-zaman gedənlərin ölüm xəbərləri də gəlməkdədir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu problemi bir daha gündəmə gətirdi.
PA rəhbəri oktyabrın 25-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasında çıxışı zamanı Suriyaya gedən azərbaycanlı gənclərdən danışıb.

“Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. “Nə baş verir” sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur.

Belə misalların və sualların sayını istənilən qədər artırmaq olar. Aydındır ki, mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizdə həm ənənəvi cəmiyyətə xas olan elementlər - həm modern, həm də postmodern dövrünün əlamətlərini tapmaq mümkündür”, - deyə akademik Ramiz Mehdiyev vurğulayıb.


Dövlətin yüksək səviyyəsində bu məsələnin qaldırılması problemin ciddiliyini bir daha göstərir.


Publika.az azərbaycanlı gənclərin “cihada” qoşulma səbəblərini araşdırmağa çalışıb.


Azərbaycanlıların “cihada” qoşulmasının iki səbəbi vurğulanır. Birincisi, maddiyyat, ikincisi dini fanatizm.


Döyüş və pul al


Azərbaycanlı gənclərin Suriyaya getməsi, həmçinin dünyanı qorxuya salan İŞİD-ə qoşulmasının arxasında “pul dalınca getmək” amili var. Bir sıra informasiyalar bunu təsdiq edir.

Misal üçün, bu ilin fevral ayında yayılan məlumatda pul qarşılığında azərbaycanlının Suriyaya üz tutduğundan bəhs edilirdi.

Məlumata görə, Dağlıq Şirvan zonasının sakini Elçin adlı şəxs Suriyaya getməyinin müqabilində 20 min ABŞ dolları alıb.


Elçin bir ay öncədən Suriyaya gedəcəyini ailəsinə bildirir və dediyini edir.

O, ailəsi ilə mütəmadi telefon əlaqəsi də saxlayır. Amma “bir daha evə qayıtmayacağam” da deyərək onu gözləməmələrini xahiş edir. Onun Suriyada döyüşlərə qatılmasından bir müddət sonra naməlum şəxslər ailəsi ilə əlaqə saxlayaraq 20 min ABŞ dolları verib.

Belə xəbərlər mediada kifayət qədər gündəmə gəlib. Lakin “cihada” gedənlər üçün maddiyyat amilinin əsas olmadığı da bəllidir.

Azərbaycanda radikal qruplara sponsorluqda xüsusi fəallığı Səudiyyə Ərəbistanından olan qruplar göstərir.


Bu iddia ilə ötən il Rusiyanın “Nezavisimaya qazeta” nəşri çıxış etmişdi. Nəşr maddiyyat qarşılığında dini ideologiyanın təbliğində istifadə olunan vasitələrə diqqət çəkərək yazırdı ki, əsasən qaçqınlar və əhalinin kasıb təbəqəsi arasında xeyriyyəçilik adı altında aparılır. Onlar yerli gənclərə öz ölkələrinə pulsuz təhsil almağı təklif edirlər. Orda təhsil alan gənclər vətənə qayıtdıqdan sonra Azərbaycan üçün qeyri-ənənəvi olan baxışları yaymağa başlayır. Təsir şəbəkələrinin qeyri-məhdud maliyyə dəstəyi Azərbaycanda radikal islam axınının geniş yayılmasına imkan yaradır.

Təkcə Zaqatalada aparılmış sorğular göstərir ki, Azərbaycanın məhz Şimal bölgəsində və Rusiya ilə sərhəd rayonlarda bu statistika hər il artır. Tədqiqatlar göstərir ki, Zaqataladakı radikallar həmçinin Suriyadan maliyyələşir. Onlar potensial təhlükə mənbəyi də hesab olunur.


Dini fanatizm

İkinci və əsas amil fanatizmdir. Bunun da kökündə dini maarifləndirmənin zəif olması və ya yanlış aparılması, yaxud da ümumiyyətlə olmamasıdır.


İki ay öncə Publika.az-a müsahibə verən türkiyəli jurnalist Furkan Azəri deyirdi: “Suriyada azərbaycanlılar Əhraru-Şam, Ən-Nusra və İŞİD tərkibində döyüşür. Onların 60 faizi İŞİD tərkibindədir. Buna səbəb daha çox dini biliyin az olması, tez aldanmalarıdır”.

Onun sözlərinə görə, azərbaycanlılar, xüsusilə də gənclər İŞİD-ə dini biliklərin az olduğu üçün qatılır: “İŞİD-ə qatılan azərbaycanlılar əsasən gənclərdir. Onlarda bir hirs, intiqam hissi var. Onlar dağıtmağa, yəni daha çox radikallığa meyillidir. İŞİD də Suriyadakı qruplaşmalar arasında ən radikalıdır. Ən maraqlı məqamsa, İŞİD tərkibində döyüşənlərin həqiqətən də xilafətin qurulacağına inanmasıdır. Azərbaycanlı gənclər də məhz bu üzdən ən çox bu qrupa daxil olurlar. Onlara “hardansan” sualını versən, “İslam dövlətindənəm” deyə cavab verəcəklər. Təbii ki, burda daha çox yanlış təbliğatın təsirləri var”.


F. Azəri azərbaycanlıların İŞİD-ə qoşulmasının 4 səbəbini açıqlayır: “Radikallığa meyillilik, qorxu, vədlər və yanlış təbliğat”.

Dini fanatizm bəlasından bir çox ölkələr kimi Azərbaycan da qurtula bilməyib. Xüsusilə 90-cı illərdə sovet ateizmindən qurtulan Azərbaycan insanı dinə ac idi və həmin vaxtdan etibarən ölkədə qeyri-ənənəvi dinlər yol açmağa başladı. Nəticə etibarilə bu gün İslam dininin düzgün qavranılmaması, yaxud düzgün çatdırılmamasına görə Azərbaycan cəmiyyəti öz içində dini fanatikləri yetişdirib.


Tarix elmləri namizədi Altay Göyüşov Publika.az-a açıqlamasında Azərbaycanda qeyri-ənənəvi dinlərin necə yol açdığını izah edib. Onun sözlərinə görə, Sovet hökuməti müsəlman kimliyini aradan götürməyə müvəffəq olmadı: “Nə qədər çalışsalar da, İslama emosional bağlılıq qaldı. Adamlar özlərini müsəlman kimi hiss etməkdən əl çəkmədilər. Misal üçün, futbolda insanlar daha çox müsəlman komandasına azarkeşlik edirdi, nəinki başqasına. Emosional bağlılıq var idi, amma bilik yox idi. Sovet hökuməti dağılan kimi sərhədlər qaldırıldı, bilik toplamaq üçün mənbələrə ehtiyac oldu. Yerli mənbələr olmadığı üçün, yaxud da həmin boşluğu doldura bilmədiyi üçün bunu xarici mənbələr dövrəyə girdiı. Bir adam Səudiyyə Ərəbistanının müəllimindən islam dinini öyrənirsə, onda Səudiyyə Ərəbistanına bir rəğbət yaranır və dünyaya onların gözü ilə baxmaq istəyir. Yaxud İrandan öyrənirsə, dinə onların gözü ilə yanaşır. Nəticədə bu adamlarda kimliyin ikiləşməsi baş verir. Bir tərəfdən bu adam azərbaycanlıdır, bir tərəfdən də həmin ölkəyə bağlıdır. Dini kimlik üstün olduğu üçün kritik məqamlarda adamlar daha çox o ölkələrə bağlı olurlar, nəinki Azərbaycana. Bu reallıqdır”.


A. Göyüşov çirkin siyasi qüvvələrin bəzən bu bağlardan sui-istifadə etməyə çalışdığını bildirib. O, azərbaycanlıların Suriyaya getməsində əsas səbəb kimi 90-cı illərdə ölkəyə yol tapmış qeyri-ənənəvi İslamı göstərib.

Azərbaycanda İslam və qeyri-İslama aid olan onlarla qeyri-ənənəvi dini cərəyan var. Onların içində ən geniş yayılan və sosial bazaya malik olan vəhhabilikdir. Buna dini lüğətdə xəvvariclər də deyilir. Onlar İslam xilafətini qurmaq uğrunda mübarizə aparır. Dünyəvi sistemləri “tağut” adlandıraraq, onlardan olmayanları dindən çıxmış hesab edirlər. Statistika göstərir ki, son illərdə Azərbaycanda onların sayı artıb. Xüsusilə Şimal bölgəsində İŞİD-i dəstəkləyənlər çoxluq təşkil edir.

Xudat şəhər sələfilərinin lideri Nadir Xosrovoğlu Publika.az-a açıqlamasında xəvvariclərin çoxunun Qusar rayonunda olduğunu deyib: “Bu da həmin rayonun Dağıstanla sərhəd olmasından irəli gəlir. Amma Xaçmazda sayları azdır. Bu cür şəxslər İŞİD-ə meyillidir. Hətta ölkədə cihadın olmasını dəstəkləyirlər. Əksəriyyəti də cihad deyəndə ağzı köpüklənənlərdir. Biz də cihadı inkar etmirik. Cihad islamda var. Amma biz cihadın şəriət çərçivəsində olmasını, müsəlmanın kafirə qarşı vuruşmasının tərəfdarıyıq. Müsəlman müsəlmanı öldürüb adını cihad qoya bilməz. Ona görə biz bu gün gedən “cihadı” inkar edirik. Amma onlar eşitsə ki, hardasa kolluqda silah tapıblar, atışma var, hesab edirlər ki, cihad etmək lazımdır. Başlayırlar kimlərinsə təbliğatını aparmağa. Onlar Suriyaya gedənləri dəstəkləyirlər”.

“Cihadçıların” əsas götürdüyü “5.44”


Azərbaycanlı “cihadçılar” bu yola üz tutanda “Qurani-Kərim”ə istinad etdiklərini iddia edirlər. Onların fikrincə, Allah göndərdiyi müqəddəs kitabda cihadı xüsusi olaraq qeyd edir.

Xəvvariclər dediyimiz və çoxumuzu kafir hesab edənlər Qurani-Kərimin 5-ci surəsinin 44-cü ayəsinə istinad edirlər. Özləri arasında buna qısa olaraq “5.44” də deyir və həmin ayədə “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” ifadəsinin cihada əsas yaratdığını, onların məhz Allahın nazil etdikləri ilə hökm verdiklərini düşünürlər.


Həmin ayədə nə deyilir?

Qurani-Kərimin Azərbaycan dilində ən səlis hesab edilən iki tərcüməsi var. Biri akademik Vasim Məmmədəliyev, digəri isə sələfi liderlərindən olan Əlixan Musayevindir.

Vasim Məmmədəliyevin tərcüməsində 44-cü ayədə deyilir: "Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!"

Əlixan Musayevin tərcüməsində belədir: "Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir".


Hər iki tərcümə mahiyyət etibarilə eynidir və hər iki tərcümənin sonunda deyilir: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm