Nazarbayevin “Qarabağ düzəlişi” Ermənistan parlamentində
Bizi izləyin

Nida.az

Nazarbayevin “Qarabağ düzəlişi” Ermənistan parlamentində

Avrasiya İqtisadi İttifaqına Ermənistanın birləşməsi haqqında müqavilə Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə ediləcək.

Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, müzakirələrin ilkin tarixi kimi 17-18 noyabr göstərilir.

Ermənistan siyasi dairələrində hazırda “Qarabağsız Avrasiya İqtisadi İttifaqına giriş” haqqında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sözləri müzakirə olunur. Ermənistan siyasi partiyalarının əksəriyyəti Rusiya, Qazaxıstan və Belarusla eyni ittifaqda təmsil olunmasına etiraz etmirlər. Amma “İrs” Partiyası Ermənistan və Dağlıq Qarabağ arasında Avrasiya İqtisadi İttifaqının gömrük postlarının qurulmasına görə əks cəbhədə yer alır.

“İrs” Partiyasının parlament fraksiyasının rəhbəri Ruben Akopyan rusiyalı məmurlara istinad edən rəsmi İrəvanın arqumentlərini qeyri-ciddi adlandırıb. Belə ki, Rusiya məmurları vəd edirlər ki, Ermənistanla Dağlıq Qarabağ arasında gömrük postu olmayacaq. R.Akopyanın sözlərinə görə, müqavilədə Moskvadan verilən vədlərə inanrıdacaq hər hansı dəqiq fikir yoxdur.

"Daşnaksutyun" Partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyanın fikrincə, proses Qarabağın tamamilə sıxışdırılmasına gətirib çıxaracaq: “Necə ki, Qazaxıstan bunu Azərbaycanın təsiri altında etməyə çalışır".

Söhbət Avrasiya İqtisadi İttifaqının 29 mayda Astanada keçirilən sammitdə Qazaxıstan prezidentinin çıxışından söhbət gedir. N.Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu oxuyaraq bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına yalnız beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində qoşula bilər.

Nazarbayevin çıxışına cavab verən Ermənistan dövlət başçısı Serj Sərkisyan Qarabağ məsələsinin Gömrük İttifaqında həll edilmədiyini söyləyib: “Kim dedi ki, biz Qarabağla birlikdə Gömrük İttifaqına daxil olacağıq? Qarabağ ən azından bizim qanunvericiliyimizə görə, Ermənistanın bir hissəsi deyil. Amma, Gömrük İttifaqına üzvlük Dağlıq Qarabağ probleminin həllinə imkan yaradır. Bu, birmənalıdır".

Oktyabrın 10-da Minskdə Ermənistanın ittifaqa birləşməsi haqqında müqavilənin imzalanmasından sonra Nazarbayev bildirib ki, məsələ ilə bağlı güzəştlərə getmək mümkün olub: “Ermənistanın hansı sərhədlər daxilində Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsi artıq həll edilib”.

Amma Ermənistanda güzəştlərin nədən ibarət olduğunu çoxları bilmir. Ermənistan hakimiyyəti isə Avrasiya İqtisadi İttifaqına birləşmə haqqında müqaviləni Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarmağı planlaşdırır. Bununla belə, iqtidardakı Respublika Partiyasının parlament fraksiyasının başçısı Vaqram Baqdasarya hesab edir ki, Rusiyanın başçılıq etdiyi ittifaqa üzvlük barədə siyasi qərar artıq qəbul edilib. O, parlamentdə müqaviləyə yalnız kosmetik dəyişikliklər ola biləcəyini təxmin edir.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Belarus, Qazaxıstan və Rusiya daxildir. Qurum 2015-ci ilin əvvəlindən fəaliyyətə başlayacaq. Ermənistandan başqa Qırğızıstan da ittifaqa üzv olmaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm