“Əli Kərimlidən yazsan, səni öldürərik” – mülkü sökülən iş adamından şok iddialar
Bizi izləyin

Nida.az

“Əli Kərimlidən yazsan, səni öldürərik” – mülkü sökülən iş adamından şok iddialar

“Əli Kərimli məni martın 3-də mülküm partlayanda aldatdı. Mən Türkiyədən gələnə qədər öz əşyalarını yığıb getdi, ona təhvil verdiyim əşyalarsa qaldı. İndi o əşyaları tapa bilmirəm”.

Mülkünü AXCP-yə icarə verən, bu ilin mart ayında partlayışdan sonra mülkü sökülən iş adamı Azər Əsgərov Publika.az-a açıqlamasında Əli Kərimliyə qarşı şok ittihamlar irəli sürüb.


“Əli Kərimlidən yazsan, səni öldürərik”


A. Əsgərov Əli Kərimlinin onu aldatdığını, mülkü söküləndən sonra onu müdafiə etmədiyini bildirib: “Mən sosial şəbəkələrdə bu haqda yazanda onun adamları üstümə tökülür, məni təhqir edirlər. İndiyə qədər məni bir dəfə də müdafiə etmədi. Bir dəfə “Azərbaycan saatı” verilişində danışdı. O da “Bu, AXCP-yə qarşı bir terrordur” formasında deyərək daha çox öz imicinə işlədi. Bir dəfə də keçən ayın 12-də keçirdikləri mitinqdə dilə gətirdi. Bundan başqa heç nə deməyib. Onunla əlaqə saxlaya bilmirəm, əlçatmaz olub. Onun müavini Gözəl Bayramlı ilə əlaqə saxlayırdıq. Son dörd ayda o da yoxa çıxıb. Məni müdafiə etmək əvəzinə, “facebook”da təhqir edirlər. Həyat yoldaşım onun haqqında yazandan sonra cəbhəçilər başlayıb söyüş söyməyə. Sonra Kəmalə xanım həyat yoldaşımla əlaqə saxlayaraq belə yazmamasını xahiş edib. Həmin danışıqdan dərhal sonra bütün söyüşlər yığışdırıldı. Deməli, onlar bir mərkəzdən idarə olunur və bu söyüşlərdən Əli Kərimlinin də xəbəri var. Mənə “Əli Kərimlidən yazsan, səni öldürərik, döyərik” kimi sözlər yazırlar. Məni təhdid edirlər”.


“Tənqid etdiyim nazirlər Əli Kərimlinin mənə etdiklərini etməyib”


İş adamı cəbhəçilərin onu satqın adlandırdığını bildirib: “Mən heç nə istəmirəm, sadəcə, haqqımı istəyirəm. Mən Əli Kərimlidən soruşuram, sən bu günə qədər mənim mülkümlə bağlı nə etmisən? Hansı beynəlxalq təşkilata, yaxud dövlət qurumuna müraciət etmisən? Mən öz mülkümü sənə təhvil verib getmişəm. Martın 3-də partlayış olub. Mən martın 4-də günün ikinci yarısı gəlib çatmışam. Onlar özlərinə aid əşyaların hamısını aparmışdı, mənim mülkdə saxladığım, onlara təhvil verdiyim əşyalarımın heç birinə dəyməmişdilər. Sonra da onu istintaq üçün götürdülər. Əli Kərimli, sən partiya rəhbərisən. Partlayış günündən bu günə qədər 9 ay müddətində bir dəfə də ora ayaq basmamısan. Həmin vaxt AXCP-nin rayon təşkilatları mülkün sökülməməsinə qarşı etiraz etmək üçün toplaşıb gəlmək istəyirdilər. Amma Əli Kərimli zəng vurub hamısını geri qaytardı. Burdan belə çıxır ki, mənə təklif olunan pulu o alıb. Əvəzində bu gün məni təhqir etdirir. Mən bu 9 ayda bir çox naziri tənqid etmişəm. Onların heç biri mənə qarşı Əli Kərimlinin etdiyini etməyib. Əli Kərimli məni ancaq aldatmaqla məşğul olub. Bu günə qədər bir dəfə də olsun mülklə bağlı beynəlxalq təşkilatlara müraciət etməyib. Mən mülkimi ona vermişdim, o da cavabdeh olmalı idi. Amma partladı, sökdülər, o isə öz əşyalarını yığıb qaçdı. Mənim əşyalarımın heç birini çıxartmadılar. Çünki pul alıb durub kənarda. İndi mən beynəlxalq təşkilatlara müraciət edirəm, o isə susur. Belə olanda mən yalançı vəziyyətinə düşürəm. Məni 11 dövlətin səfirliyi ilə görüşdürəcəklərini deyirdilər. Amma etmədilər. Onların da məhkəməyə müraciət etdiyini demişdilər. Mən “gəlin məhkəmə
işlərini birləşdirək” dedim, səs çıxmadı. Axı yalan danışırlar. Heç nə etməyiblər, pullarını alıb oturublar. Öz ətrafına yığdığı zombiləri üstümə salıb”.


“Hakimiyyətə gəlsən/, pul aldığın təşkilatların sözü ilə oturub-duracaqsan. Səndən nə prezident olacaq?”


A. Əsgərov Əli Kərimlini xarici fondlardan pullar almaqda ittiham edib.


“Sən o boyda partiyanı hansı pulla saxlayırsan? Elçibəyin vaxtında cəmi 11 ay onun köməkçisi olub. 11 ayda yığdıqlarını 21 ildə yeyib qurtara bilmir. Mətbuatda qohumlarının 8 milyondan çox pulu banklardan çıxartdığı xəbəri yayılmışdı. Görünür, yazılanların hamısı doğrudur. Mənə satqın deyirlər. Mən cəbhəçi deyiləm satılam. Mən öz hüququmu tələb edirəm. Əsl satqın sənsən. Xaricdən aldığın pulların sayı-hesabı yoxdur. Sən sabah hakimiyyətə gəlsən, pul aldığın təşkilatların sözü ilə oturub duracaqsan. Səndən nə prezident olacaq? O qədər işçin, mühafizəçilərin var. Onlara aylıq maaşı hansı pulla verirsən? Bir də maaş verdiyin adamların sosial müdafiə pullarını ödəmirsən. Bu haqda məndə məlumat var. Vergidən yayınırsan. Hakimiyyəti ittiham edirsən. Bəs sən Londondakı villanı hansı pulla almısan? Əli Kərimlinin Bakının hər nöqtəsində mülkləri var. Mən araşdırmışam, bu haqda dəqiq məlumatlara sahibəm. Hər kəs bilir ki, o, vaxtilə Bakıdan köçən ermənilərin, digər kasıb, müdafiəsiz azərbaycanlıların evlərinə əl qoyub. Hamı sənin beynəlxalq təşkilatlardan milyonlarla qrant aldığını bilir. Maraqlıdır, keçən il prezident seçkilərindən sonra Milli Şura cəmi bir mitinq keçirdi. O vaxtdan bəri sakit dayanmışdılar. İndi Avropa, Amerika Azərbaycan dövlətinə təzyiq edir. Əli Kərimli hərəkətə keçib mitinqlər keçirir. Bu nə deməkdir? Bu, onun kimlərə işlədiyinin sübutudur. Əli Kərimlinin adamı Natiq Ədilov gündə Amerikaya gedib ordan fotolarını “facebook”da paylaşır. Amerikada süpürgəçi 5 min dollar maaş alır, amma kasıbçılıqla yaşayır. Bəs, bu qədər pul Əli Kərimlidə hardandadır”, - deyə o bildirib.


“Cavan uşaqları pis yola çəkib tutdurur, öz oğlunu isə Londonda oxutdurur”


A. Əsgərov AXCP sədrinin onun mülkü üzərindən beynəlxalq təşkilatlar qarşısında imic qazandığını bildirib. Onun sözlərinə görə, Əli Kərimli “bu hakimiyyət bizim mülkümüzü də sökdü, bizə qarşı repressiyalar var” deyə sökülən mülkü öz adına çıxır: “Güman ki, belə deməklə xaricdən də pul alır. Bu necə adamdır? Ancaq öz cibinə işləyir, öz ambisiyalarını düşünür. Camaatın cavan uşaqlarını pis yola çəkib tutdurur. İş çətinə düşən kimi evindən çölə çıxmır. Öz oğlunu isə Londonda oxutdurur. Mən mübarizəmi sona qədər davam etdirəcəm. Əli Kərimli ondan əl çəkəcəyimi düşünməsin. Onunla sona qədər varam”.


A. Əsgərov vicdanlı cəbhəçilərin bir gün Əli Kərimlini tərk edəcəyinə əmin olduğunu deyib.


“Vaxtilə çoxları onu tərk etdi. Əminəm ki, bir gün bütün vicdanlı cəbhəçilər onun əməllərindən bezib gedəcəklər. Özü, bir də ətrafındakı xuliqanlıq edən 25-30 nəfəri qalacaq. Haqq öz yerini tutacaq. Buna əminəm”, - deyə o bildirib.


Qeyd edək ki, Türkiyədə uzun illər sahibkarlıqla məşğul olan A. Əsgərov bir müddət öncə mülkünü AXCP-yə qərargah kimi icarəyə vermişdi. Partiya orada yerləşəndən bir neçə ay sonra binada partlayış baş verdi və mülk söküldü.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm