MSK sədrinin müavini: “Seçki pozuntuları DSK-larda məsuliyyətlə araşdırılmalıdır”
Bizi izləyin

Nida.az

MSK sədrinin müavini: “Seçki pozuntuları DSK-larda məsuliyyətlə araşdırılmalıdır”

Mərkəzi Seçki Komissiyası seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin dairə seçki komissiyaları nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr olunmuş seminar-müşavirə keçirir.


Publika.az xəbər verir ki, seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində keçirilən tədbirin əsas məqsədi vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı, obyektiv və effektiv araşdırılması, həmçinin şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır.

Layihə çərçivəsində iştirakçılara MSK üzvləri tərəfindən “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərin komissiya tərəfindən qəbul edilməsi, qeydə alınması və ekspert qrupu üzvlərinə çatdırılması”, “Müraciət etmiş şəxsin araşdırma prosesinə dəvət olunması və iştirakının təmin olunması” və “Seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin (şikayətlərin) DSK nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına dair tələblər” mövzularında təqdimatlar keçiriləcək. Tədbir zamanı əvvəlki illərdə keçirilmiş seçkilərdə əldə olunmuş təcrübə və “öyrənilmiş dərslər”in müzakirəsi, eləcə də meydana çıxan sualların cavablandırılması nəzərdə tutulur.

Seminar-müşavirədə 118 seçki dairəsi dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri iştirak edir.


MSK sədrinin müavini Natiq Məmmədov seminar-müşavirədə çıxışı zamanı seçki pozuntularının son nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinin predmeti olduğunu deyib. Buna görə də o, seçki pozuntularının dairə seçki komissiyalarının nəzdindəki ekspert qruplarında məsuliyyətlə araşdırılmasının vacibliyini bildirib.


Seminar-müşavirənin Konstitusiya Gününə təsadüf etdiyini bildirən N. Məmmədov deyib ki, Konstitusiyanın üçdə bir hissəsi insan hüquqlarına həsr edilib: “Biz insan hüquqlarının qorunmasında öhdəlik daşıyan insanlarıq. Ona görə də vətəndaşlardan, ictimai birliklərdən hansı münasibəti gözləyiriksə, biz də qarşılıqlı olaraq onlara elə münasibət bəsləməliyik. Bu prosesdə seçki komissiyalarının rolu mühümdür. DSK nəzdindəki ekspert qrupları insan hüquqlarının qorunması istiqamətində bir addım, öz səlahiyyətləri daxilində məsul bir qurumdur. Hüquq-mühafizə orqanları ilə müqayisə aparsaq, ekspert qrupları istintaq-təhqiqat aparan qurumlar qədər əhəmiyyətlidir. Seçki hüququ insan hüquqlarının ən ali mərtəbəsidir. Azərbaycanda artıq qanuni əsaslarla fəaliyyət göstərən, təcrübəli seçki komissiyaları sistemi formalaşıb, məntəqə, dairə seçki komissiyaları və MSK olmaqla ölkə ərazisini əhatə edilir. İnşallah, ölkə ərazisi azad ediləcək, seçki komissiyaları bütün ölkə ərazisini əhatə edəcək”.

Azərbaycanda 5 milyon nəfərdən çox seçici olduğunu nəzərə çatdıran MSK sədrinin müavini bildirib ki, Azərbaycan bu gün seçicilərinin siyahısını internetdə yerləşdirən ölkələr sırasındadır.


Seçki komissiyaları 5 milyondan çox seçicinin hüquqlarının qorunmasına məsuldur. Bu gün seçki prosesinə siyasi partiyalar, siyasi bloklar da qoşulur. Biz onların hüquqlarını və münasibətlərdəki rolumuzu bilməliyik. Seçki komissiyalarında seçki hüquqlarının pozulmaması, pozulmuş hüquqların bərpasında maraqlıyıq. Bizim xoşlamadığımız şikayət anlayışı var, ancaq hər bir halda şikayət insanların hüquqlarının qorunması, pozulmuş hüquqların aradan qaldırılması üçün təbii qəbul edilməlidir. Ancaq şikayətin olması hələ pozuntunun olması demək deyil. Ona görə də hər bir şikayət ətraflı araşdırılmalıdır. Şikayət arxivə atılmaq üçün deyil, hər bir şikayət mütləq araşdırılmalıdır. Şikayətlər seçki məntəqələrində seçki məntəqəsinin üzvləri, DSK-larda ekspert qrupları araşdırmalıdır”, - deyə MSK sədrinin müavini qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm