Müxalifətdə “atəşkəs” pozuldu: “Artistlik etməyin”
Bizi izləyin

Nida.az

Müxalifətdə “atəşkəs” pozuldu: “Artistlik etməyin”

“Mübarizə əzmində olmayan insanlar Milli Şuranı hədəf seçməklə yalnız özlərini ifşa etmiş olurlar”.


Bunu Publika.az-a açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal deyib.


Qeyd edək ki, Milli Şura və AXCP-yə yaxın media Müsavatın rəhbərliyi ilə 11 siyasi partiyanın birləşdiyi Demokratiya və İnsan Hüquqları Mərkəzini (DİHM) hakimiyyətlə işbirliyində ittiham edir. Həmçinin, 11 siyasi partiya sədrinin mitinq keçirmək üçün meriyaya müraciəti tənqid edilir.


Milli Şura üzvü V. Mirkamal da 11 siyasi partiyanı ittiham edib: “Ötən il real müxalifət birliyi Milli Şura olaraq meydana çıxdı və bu qurumun namizədi seçkilərdə iştirak etdi. Bundan sonrakı dövrdə də Milli Şura öz prinsipial mövqeyini davam etdirir. Mitinqə gəlincə, bu, real mübarizə əzmində olan bir qurumun atmalı olduğu addım idi. Siyasi mübarizə əzmində olan qüvvə hakimiyyətlə dialoqa cəhd göstərib 11 nəfərlik piket keçirmək qərarı verməzdi. Artıq kimin kim olduğu aydın görünür”.


V. Mirkamal qeyd edib ki, bu adamlar Milli Şuranın keçirdiyi mitinqi gözdən salmağa cəhd göstərməklə, hörmətsizlik nümayiş etdirirlər.


DİHM-də təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Publika.az-a açıqlamasında V. Mirkamala sərt cavab verib:

“Mərkəzdə təmsil olunan bir neçə partiya hesab edib ki, dialoq, hökumət nümayəndəsi ilə görüşmək lazımdır. Mərkəz funksional əməkdaşlıq qurumudur və heç kimin kiminsə qarşısında öhdəliyi yoxdur. Mərkəzdə olan bir neçə partiya hakimiyyət nümayəndəsi ilə görüşmək təşəbbüsündə bulunub. Biz bu qərara hörmətlə yanaşırıq. Vidadi Mirkamal isə öz işi ilə məşğul olsa yaxşıdır. Şəxsən bizim partiya bu təşəbbüsdə yoxdur. Ancaq Vidadi Mirkamal universitetdə müəllim işləyib. Bizlər də Bakı Dövlət Universitetində hansı müəllimin rüşvətxor olduğunu çox yaxşı bilirik. Hər kəs öz işi ilə məşğul olsun, artistlik etməsin”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm