Ermənistan iqtidarının əhalini ac qoyan gizli silah yarışı – TƏHLİL
Bizi izləyin

Nida.az

Ermənistan iqtidarının əhalini ac qoyan gizli silah yarışı – TƏHLİL

Dünyada hərbiləşməyə dair hesabatda İsrailin rəhbərlik etdiyi siyahıda Azərbaycan da yer alır. Bonn Beynəlxalq Mərkəzi Konversiyasının hərbiləşmə indeksi haqda hesabatında ilk onluğa Ermənistan, Sinqapur, Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan və Azərbaycan daxildir.

Hesabatda Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa da diqqət çəkilir.


Publika.az Azərbaycan və Ermənistanın hərbiləşməyə meyllərini araşdırıb.

Burda ilk fərq tərəflərin tutduqları mövqedir. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, Ermənistan isə işğalçı siyasətini möhkəmləndirmək üçün hərbiləşməyə maliyyə vəsaiti ayırır. Bu incə məqam dünyanın diqqətindən nə qədər yayınsa da, fakt olaraq qalır. Buna rəğmən, bir çox hallarda Azərbaycanı hərbiləşməyə ciddi fikir verdiyini və bunu bölgənin sabitliyi üçün təhlükə olduğunu iddia edənlər tapılır. Lakin burda bir məqam var və bunu araşdıranda Ermənistanın hərbiləşməyə Azərbaycandan daha çox vəsait sərf etdiyi ortaya çıxır.

Qlobal hərbiləşmə indeksi hərbi xərclərin ÜDM-ə və səhiyyə xərclərinə nisbətinə görə hesablanır.

Azərbaycan ərazi bütövlüyü pozulmuş ölkə olaraq orduya dövlət büdcəsindən böyük pay ayırır. Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Publika.az-a açıqlamasında 2015-ci il üçün Azərbaycanın hərbi büdcəsinin 4,7 milyard manat olduğunu bildirib.

Lakin bu adambaşına düşən ümumi daxili məhsula ciddi təsir etmir.

Ölkədə ümumi daxili məhsulun həcmi ötən illər müqayisədə 4,4 faiz artaraq 6 min 132 manata, təxminən 8 min ABŞ dollarına çatıb. Yəni Azərbaycan insanı hərbiləşməyə yüksək maliyyə ayrıldığı üçün sosial problemlərlə üz-üzə qalmır. Deməli Azərbaycan qlobal hərbiləşmə indeksini pozmur.

Ermənistanda isə vəziyyət fərqlidir. Bu ölkənin hərbi büdcəsi 472 milyon dollardır. Bu Azərbaycanın hərbi büdcəsindən qat-qat aşağı olsa da, ölkənin əhali sayı və adambaşına düşən ümum daxili məhsula görə, İrəvan silahlanmaya daha çox vəsait ayırır. Digər tərəfdən, bu ölkənin əhalisinin acınacaqlı durumu göz önündədir və belə olan halda insanların boğazından kəsib silahlanmaya sərf etmək Ermənistanı sülh üçün əsas təhlükəyə çevirir.


Məsələn, Dünya Bankı 2013-cü il üçün ÜDM həcminə görə dünya ölkələrinin reytinqini açıqlayıb. Reytinqə görə, Ermənistan keçmiş sovet respublikaları arasında ən aşağı göstəriciyə malikdir və ÜDM həcminə görə dünyada 135-ci yerdədir. ÜDM üzrə müqayisə etsək, Azərbaycan Ermənistanı 7 dəfə qabaqlayır. Deməli, rəsmi Bakı öz əhalisinin sosial durumuna xələl gətirmədən ərazi bütövlüyünün bərpası kimi haqlı səbəb görə hərbiləşməyə vəsait ayırır. Ermənistan isə tam əksinə, işğal siyasətini davam etdirmək üçün erməni əhalisinin acınacaqlı durumu fonunda hərbiləşməyə dövlət büdcəsinin əhəmiyyətli hissəsini sərf edir.

Hərbiləşmə ilə bağlı müqayisədə Ermənistanla Azərbaycan arasındakı fərqi ötən ay Almaniya hökuməti də qeyd edib.

Almaniya Bundestanqında Sol fraksiyasının Dağlıq Qarabağla bağlı Federal hökumətə göndərdiyi sorğuya cavabında, rəsmi Berlin iki ölkə arasında maraqlı müqayisə aparıb.

Konkret statistik məlumatlara əsaslanan rəsmi Berlin Ermənistanın hərbi xərclərinin Azərbaycanın hərbi xərclərini xeyli ötdüyünü vurğulayıb.

2009-cu ildə Azərbaycanın hərbi xərcləri büdcənin 9,7 faizini təşkil edib. 2010-cu ildə bu, 8,7 faiz, 2011-ci ildə 13,5 faiz, 2012-ci ildə 12,7 faiz, 2013-cü ildə 11,4 faiz olub.

Ermənistanda isə 2009-cu ildə büdcənin 12 faizi hərbi xərclərə yönəlib. 2010-cu ildə bu 17,2 faiz, 2011-ci ildə 16 faiz, 2013-cü ildə 15,5 faiz, 2014-cü ildə isə 15,6 faiz olub.


Burdan da göründüyü kimi Ermənistanda hərbi xərclər ümumi büdcənin əhəmiyyətli hissəsini təşkil edir.

Lakin hər şey bununla bitmir. Bu ölkənin qeyri-qanuni olaraq silahlandırılması da faktdır. Bu gün Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının yerləşməsi bu ölkənin hərbisinə əlavə güc qatır. Azərbaycan silahı Rusiyadan pul verərək alır. Ermənistana isə silahlar hədiyyə edilir. Bu texnikaların siyahısına 80 ədəd döyüş hazırlığı vəziyyətinə gətirilmiş tank, 160 ədəd zirehli hərbi texnikalar - BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2, 75 ədəd piyadalar üçün nəzərdə tutulmuş zirehli hərbi avtomobillər, 85 ədəd 2А19 (Т-12) tipli artilleriya silahları, 30 ədəd “9k51 Grad” tipli hərbi texnika və silahları, 30 ədəd “2S3 Akasiya” tipli özüyeriyən artilleriya qurğusu, 10 ədəd “D-30” tipli toplar, 60 ədəd “2S1 Gvozdika” döyüş texnikası, sayları məlum olmayan “SA-4 Ganef” və “S-75 Dvina” tipli raket silahları, “Scud-B” raket sistemi, “ZSU-23-4” və“9K33 Osa” döyüş texnikaları daxildir. Bunlar ancaq bəlli olan faktlardır. İctimaiyyətə məlum olmayan məlumatlarsa yəqin ki, kifayət qədərdir.

Bundan başqa, 2008-ci il Gürcüstan müharibəsində bu ölkədən çıxarılan Rusiya hərbi texnikasınən çox hissəsinin Ermənistana yerləşdirdiyinə dair faktlar da var.


Millət vəkili Zahid Oruc Ermənistana qaçaqmalçılıq və qeydiyyata alınmadan daxil olan silahlar haqqında kifayət qədər məlumatların olduğunu bildirir. Onun sözlərinə görə, bu gün Ermənistan əhalisinin yaşayış səviyyəsi ilə müqayisədə hərbiləşməyə daha çox vəsait ayırır: “Ümumi daxili məhsulun 4 faizindən yuxarı məbləğində orduya vəsaitin ayrılması hərbiləşmə, silahlanma yarışı deməkdir. Ermənistanın iqtisadi durumunu nəzərə alsaq, bu gün İrəvan rejimi bu ölkəni hərbi qanunlara tabe edib. Azərbaycan isə müharibə qanunları ilə yaşamır və ölkə rəhbərliyi silahlanmanı əsas məqsəd kimi qarşıya qoymayıb. Azərbaycanın müdafiə xərcləri ilə əhalisinə düşən ümumi daxili məhsulu müqayisə edəndə hərbiləşmə indeksinə görə aşağı olduğu görünür. Ermənistan isə 2,9 milyardlıq büdcəsinin 472 milyonunu hərbi xərclərə ayırır. Eyni zamanda bu ölkəyə qanunsuz şəkildə silahlar daxil olur, başqa ölkələr tərəfindən qeydiyyatı aparılmadan hərbi texnikalar bağışlanır. Bu Ermənistanın hərbiləşməyə daha çox üstünlük verdiyini göstərir. O başqa məsələdir ki, Azərbaycan ordusu bu ölkənin ordusundan qat-qat güclüdür. Güclü olmaq, inkişaf etmək bizim günahımız deyil. Ermənistan bu gün zəifdirsə, iqtisadiyyatı çökübsə, bu onların işğalçılıq siyasətinin böyük səhvidir”.


Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü qlobal hərbiləşmə indeksinə görə təkcə Ermənistanla müqayisənin əsas olmadığını deyib. Onun sözlərinə görə, bəzən ayrı-ayrı dairələr Azərbaycanı orduya yüksək vəsait ayırmaqda ittiham edirlər.


“Bunun cavabı olduqca sadədir. Dünyada elə bir ölkə varmı ki, ərazisi işğal altında olsun və o sadəcə sülhpərvər siyasət yürütsün? Belə olmasını anlamaq çətin olardı. Bu gün ABŞ-ın hərbi xərcləri 629 milyard dollardır. Müqayisə üçün Rusiyanın xərclərinin 68 milyard dollar olduğunu nəzərə çatdıraq. Bununla belə, Əfqanıstanda olan hadisələri Amerika öz milli təhlükəsizliyinə zərbə kimi dəyərləndirir və okeanları, qitələri aşıb 130 min kontingentlə bu torpaqlarda savaş aparır. Azərbaycan isə hansısa okeanı keçmədən öz real torpaqlarında işğala qarşı çıxır. Bizim ölkəmizin məramını düzgün qiymətləndirmək lazımdır. Azərbaycanın əsas məqsədi ərazi bütövlüyünü bərpa etməkdir. Buna nail olandan sonra kiminsə nəsə deməsindən asılı olmayaraq, Azərbaycan öz resurslarını təhsilə, səhiyyəyə yönəldəcək, öz vətəndaşının daha da yaxşı yaşamasını üçün çalışacaq. Bu onsuz da Azərbaycanın əsas prioritetidir. Ermənistan isə bu gün əhalisinin acınacaqlı duruma baxmayaraq işğalçılıq siyasətini davam etdirmək üçün maliyyə xərcləyir”, - deyə millət vəkili bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm