İlham Əliyevin erməniləri narazı salan çıxışı
Bizi izləyin

Nida.az

İlham Əliyevin erməniləri narazı salan çıxışı

Aprelin 3-də Bakıda, Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimində prezident İlham Əliyev çıxış edib. Sessiyada iştirak edən erməni deputatlar Azərbaycanın dövlət başçısının çıxışından narazı qaldıqlarını bildiriblər.


Azərbaycan torpaqlarını işğal eləmiş Ermənistan təmsilçilərini narazı salan nədir? Bəlkə bu işğal faktının üzərindən sükutla keçmək lazımdır?

Azərbaycan prezidentinin nitqindəki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəni təqdim edirik:
- Bizim sosial və siyasi problemlərimizdən biri Ermənistanın təcavüzü və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemidir. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Təxminən 50 min azərbaycanlı Dağlıq Qarabağdan qovulmuşdur. 700 mindən artıq insan Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonundan qovulmuşdur. 250 min azərbaycanlı isə etnik təmizlənməyə məruz qalaraq Ermənistandan çıxarılmışdır. Ümumi olaraq, bir milyon insan qaçqın və məcburi köçkündür. Bu rəqəm 1994-ci ilin göstəricisidir. Təxminən 20 il keçir və Azərbaycanda müsbət demoqrafik vəziyyəti götürsək, onlar hazırda bir milyondan çoxdur.
Təbii ki, bu, böyük siyasi, iqtisadi və sosial yükdür. Bu insanların öz yurdlarına qayıtmaq hüququ vardır. Təxminən 20 ildir ki, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz ermənilərin işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Artıq qeyd etdiyim kimi, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkündür. Beynəlxalq təşkilatlar Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qərarlar qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Avropa Parlamenti və Avropa Şurası da bu cür qətnamələr qəbul etmişdir. ATƏT-in zirvə görüşlərində və digər beynəlxalq təşkilatlarda oxşar qərarlar qəbul edilmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara məhəl qoymur və bu qətnamələri yerinə yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir.

Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Biz tarixi yaxşı bilirik. Bilirik ki, ermənilərin Dağlıq Qarabağa kütləvi şəkildə köçürülməsi XIX əsrdə başlamışdır. Bu bölgə Azərbaycanın tarixi hissəsidir. "Qarabağ" sözü elə bizim sözdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Tarixi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə Dağlıq Qarabağla birgə üzv olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bu isə mövqeyimizi daha da möhkəmləndirir. Tarixi və hüquqi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Beləliklə, biz danışıqların mahiyyətinə gəlirik. Əfsuslar olsun ki, artıq 20 ildir hətta dəqiq olsaq, iyirmi il və bir həftə öncə ATƏT-in Minsk qrupu yaradılıb. Bu təşkilat münaqişənin nizamlanması məqsədilə yaradılmışdır. Əfsuslar olsun ki, iyirmi il ötüb və bu münaqişə həll olunmayıb. Torpaqlarımız hələ də işğal altındadır. Dağlıq Qarabağla qonşu olan rayonlar da dağıntılara məruz qalıb. Şəhərlərimiz yerlə yeksan edilib, məscidlərimiz, əcdadlarımızın qəbiristanlıqları dağıdılıb.

Bütün bunlar məhz ATƏT-in qiymətləndirmələrində və hesabatlarında əks olunub. İki dəfə ATƏT öz heyətlərini göndərib. Birinci dəfə faktaraşdırıcı, ikinci dəfə isə sahədə qiymətləndirmə missiyası olub. Həmin dağıntılar hesabatda aydın şəkildə qeyd edilib. Orada Ermənistanın işğalçı qüvvələrinin yerli və dinc əhaliyə qarşı etdiyi hərəkətlər öz əksini tapıb. İyirmi il öncə biz müasir tariximizdə ən faciəli anları yaşadıq - Xocalı soyqırımı. Xocalı şəhərinin 613 dinc sakini, o cümlədən 106 qadın və 63 uşaq ermənilər tərəfindən qətlə yetirilmiş, 100-dən artıq vətəndaşımız itkin düşmüşdür. Xocalı soyqırımı barbarlıq aktı və faşizm təcəssümüdür. Bu, XX əsrin sonunda baş verən ən böyük faciədir. Bu gün müxtəlif ölkələrin parlamentləri bu məsələni müzakirə edir. İki parlamentdə Xocalı faciəsi məhz soyqırımı aktı kimi qeyd edilibdir. Əminəm ki, bu məsələ, həmçinin digər parlamentlərin qərarlarında da öz əksini tapacaqdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli çox aydın görünür. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir. Bu gün Dağlıq Qarabağdakı insanlar və Dağlıq Qarabağdan qovulmuş şəxslər öz yerlərinə qayıtmalı, sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamalıdırlar. Azərbaycanda çoxmillətli və çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bizim tariximizdə heç vaxt milli və dini zəmində toqquşma və münaqişə olmayıb. Biz müxtəlifliyimizdən fərəhlənirik və fərəh hissi ilə qeyd edirik ki, bir çox millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayırlar. Əslində bu, çox vacibdir və Azərbaycanın vacib dəyəridir. Bu fakt, həmçinin beynəlxalq təşkilatların hesabatlarında əksini tapmışdır. Dinlərarası dialoqa həsr olunmuş beynəlxalq tədbirlərin keçirildiyi yerin məhz Azərbaycan olması təsadüfi deyildir. Biz multikulturalizmlə bağlı çox mühüm beynəlxalq forumlar keçirmişik. Hesab edirəm ki, bu nümunədən, həmçinin digər ölkələrdə istifadə edilə bilər.

O ölkələrdə ki, orada müxtəlif millətlərin nümayəndələri yaşayır və bir araya gəlir. Bəzi ölkələrdə siyasətçilərin bəyanatlarında deyilir ki, çöxmədəniyyətlilik artıq ölüb, mövcud deyildir. Bu bəyanatlar çox təhlükəlidir. Biz bundan çox narahatıq. Çünki əslində multikulturalizmin alternativi yoxdur. Multikulturalizmə alternativ özünü təcridetmə, ksenofobiya və dini, milli zəmində toqquşma deməkdir. Buna görə də Azərbaycanın və eyni vəziyyətdə olan bir çox digər ölkələrin nümunəsi əsasında sübuta yetirmək vacibdir ki, biz çoxmədəniyyətli ölkədə və dünyada yaşamalıyıq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm