Siyavuş Novruzov: “…Seçki qutusuna atanda “topa” görünür”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “…Seçki qutusuna atanda “topa” görünür”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov dekabrın 23-də ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə münasibət bildirib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, bəzi müxalifət partiyalarının sosial bazası olmadığı üçün bu dəfə də seçkilərdə iştirak edə bilməyiblər:

“Bir qrup müxalifət partiyasının daxilində böyük problemlər var. Onların başı indi də həmin problemlərə qarışıb. Onlar seçki prosesində iştirak etmədiyi halda istəyirdilər ki, bələdiyyə seçkilərinin nəticələrinə kölgə salınsın. Ancaq bunların heç biri alınmadı. Əvvəlcədən də gözlənildiyi kimi, Azərbaycanda növbəti dəfə azad, ədalətli və demokratik seçkilər keçirildi.

Bəzi müxalifət üzvləri bir neçə dəfə cəhd etdilər ki, bələdiyyə seçkilərində təxribat törətsinlər, guya seçki məntəqələrində qanunsuzluq olması barədə fotomontaj düzəltilər ki, sonra bunu qanunsuzluq kimi aləmə yaysınlar, ancaq onların bu cür saxtakarlıqlarının heç biri baş tutmadı və bu oyunlara inanan olmadı. Bəzi müxalifət partiyalarının gücü çatmadı ki, seçkilərdə namizəd irəli sürsün. Seçki qanunlarının tələblərinə görə də, namizəd irəli sürməyən siyasi partiya seçkilərdə partiya kimi müşahidə aparmaq hüququna malik deyil. Ona görə də bunlar siyasi partiya kimi də seçkilərdə müşahidə aparıb hər hansı qərar verə bilməzlər. Müxalifət seçkilərdə ancaq nöqsan aparmaqla məşğul olur. Seçkilərdə başqa fəaliyyətləri gözə dəymir”.

S.Novruzov “Meydan TV”nin 15 saylı Yasamal rayon seçki dairəsinin 12 saylı məntəqəsində guya seçki saxtakarlığı olması barədə hazırladığı reportaja da münasibət bildirib: “Elə məntəqələr var ki, orada 57-58 nəfər namizədliyini irəli sürmüşdü. Mən səs verdiyim məntqədə də çox adam namizədliyini vermişdi. Adətən, prezident və parlament seçkilərində namizədlərin sayı bələdiyyə seçkiləri ilə müqayisədə az olur. Bu isə səsvermə zamanı seçki bülletenlərinin sayında və görünüşündə də fərqlənir.

Yəni bülleten bir neçə dəfə qatlandığı üçün onu seçki qutusuna atanda “topa” görünür. Düşünürəm ki, seçki günü həmin məntəqədə də videosu yayılan seçicinin əlində olan bülleten məhz buna görə çox görünüb. Ancaq çox təəssüf ki, bundan təxribat yaratmaq istəyən şəxslər var idi. Ancaq onların bu təxribatı baş tutmadı. Hazırda bu hadisə ilə bağlı araşdırmalar gedir. Bu təxribatı törətmək istəyənlərlə bağlı qərarı isə hüquq-mühafizə orqanları araşdırma yekunlaşdıqdan sonra verəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm