Milli Məclis rəhbərliyi Qüdrət Həsənquliyevi təbrik edib
Bizi izləyin

Nida.az

Milli Məclis rəhbərliyi Qüdrət Həsənquliyevi təbrik edib

Milli Məclisin sədri, Milli Məclisin müavinləri, Milli Məclisin Aparat rəvhəri və Milli Məclisin İşlər İdarəsinin müdirinin adından BAXCP sədri, millət vakili Qüdrət Həsənquliyevə 50 illik yubleyi münasibətilə təbrik məktubu ünvanlanıb.

“Hörmətli Qüdrət müəllim, Sizi - Milli Məclisin deputatını, tanınmış siyasətçini anadan olmağınızın 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz müstəqil həyata atılanda özünüzü öncə əmək meydanında sınamış, fəhləlikdən siyasətçiliyədək şərəfli bir ömür yolu keçmişsiniz. Gənclik çağınızda vətənimizin dilbər guşəsi Naxçıvanın Culfa rayonunun Əbrəqunuz kəndindən pərvazlanaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşsunuz. Fərqlənmə diplomlu hüquqşünas kimi Bakı şəhərinin Nəsimi rayon prokurorluğunda müstəntiqliyə başlamışsınız. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə, Xalq Hərakatında yaxından iştirak etmişsiniz. 1993-cü ildə dövlət katibinin köməkçisi vəzifəsinə irəli çəkilmiş, Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, AXCP Rəyasət Heyətinin üzvü olmuşsunuz.

20 ildən çoxdur ki, fəal siyasətlə məşğulsunuz. 2003, 2008 və 2013-cü illər Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizəd kimi iştirak etmişsiniz. Eyni zamanda, Bakı Asiya Universitetində baş müəllim kimi gənc nəslə hüquq elminin sirlərini və siyasi təcrübənizi öyrətmişsiniz. MSK-nın katibi vəzifəsində çalışdığınız 2000-2003-cü illər də tərcümeyi-halınıza yaddaqalan səhifələr yazmışdır.

Yarandığı gündən indiyədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrisiniz. 10 ildən çoxdur ki, BAXCP-nin lideri kimi ölkənin siyasi həyatında fəallıq göstərir, milli birliyə nail olmaq istiqamətində imkanlarınızı səfərbər edir, müstəqilliyimizin möhkəmlənməsi yolunda var gücünüzlə calışırsınız.
2003-cü ilin mart ayında deputat seçilməyiniz Sizə ictimai-siyasi fəaliyyətinizi parlamentdə davam etdirmək şansı vermişdir. Seçicilərin etimadını doğruldaraq III və IV çağırış Milli Məclisə seçkilərdə də deputat mandatı qazanmışsınız. Hazırda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi qanun yaradıcılığına layiqli töhfə verir, Milli Məclisin NATO PA-da və Avronest PA-dakı nümayəndə heyətlərinin üzvü kimi səmərəli fəaliyyət göstərirsiniz. Azərbaycan-Malta parlamentlərarası dostluq qrupunun rəhbəri, Belçika, İtaliya, Xorvatiya, Moldova və Peru ilə analoji qrupların üzvü kimi Milli Məclisin beynəlxalq əlaqələrinin genişlənməsində yaxından iştirak edirsiniz.

Qüdrət müəllim! İnanıram ki, bundan sonra da müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda var qüvvənizi əsirgəməyəcəksiniz. Sizi 50 illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, yaşınızın bu kamil çağında Sizə uzun ömür, can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədov
Bakı şəhəri, 29 yanvar 20015-ci il”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm