• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İqtidar-müxalifət görüşü başa çatdı - YENİLƏNDİ - FOTOLAR

  • Nida.az
  • 12 Fevral 2015 14:54
  • 598 Baxış
İqtidar-müxalifət görüşü başa çatdı - YENİLƏNDİ - FOTOLAR

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycanda müxalifət partiyalarının rəhbərləri ilə keçirilən görüşün nəticələri barədə jurnalistlərə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Əli Həsənov bildirib ki, bugünkü görüşdə siyasi partiyalarla görüşün formatı, reqlamenti, mövzusu və bütövlükdə görüşlə bağlı təşkilatı məsələlər müzakirə edilib: ”Ümumi razılaşma ondan ibarət oldu ki, PA-nın siyasi partiyalarla işləyən strukturunun rəhbəri olaraq mənimlə partiyaların görüşü aktual hesab olunsun. Cəmiyyət üçün lazımlı akt kimi dəyərləndirilsin. Bundan sonra mütəmadi olaraq hər iki ayda bir dəfə bu formatda yığışıb Azərbaycan cəmiyyətini, siyasi partiyaları, hakimiyyəti, daxili, xarici institutları narahat edən, aktual hesab olunan məsələləri əvvəlcədən razılaşdırılmış şəkildə müzakirə edəcəyik. Bütövlükdə birinci gəldiyim razılaşma ondan ibarətdir ki, bu görüşlər mütəmadi olsun. İkinci format məsələsini müzakirə etdik ki, bu görüşlərdə kim iştirak etsin. Biz siyasi partiyalar arsında ayrı-seçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İkinci görüşdür ki, müzakirələrdə iştirak edən partiyaların sayı 16, 17 və 20 arasındadır. Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyətlə məşğul olan partiyalar bura təşrif buyuranlardır. Başaqalarına da dəvət olub, sadəcə, bəzi səbəblərdən qatılmayıblar. Sonradan qatılsalar, qapılarımız onlara açıqdır. Burada geniş müzakirə olunan və ümumi razılığa gəlinən məsələlərdən biri ondan ibarətdir ki, görüşlərə çıxarılacaq gələcək mövzular əvvəlcədən müəyyən olunsun. Bütün siyasi partiyalar, ayrı-ayrı mətbuat orqanları, o cümlədən dövlət qurumlarının ictimai hesab etdikləri məsələlər siyahılansın, bu siyahıya çıxarılmış məsələlər bütün siyasi partiyalara göndərilsin və onların seçimi ilə mövzulardan biri növbəti görüşün müzakirəsinə çıxarılsın. Görüşdə çox mövzular səsləndi. Xocalı soyqrımı ilə bağlı məsələdən başlamış seçkilərə qədər təkliflər oldu. İctimai-siyasi qüvvələri narahat edən, cəmiyyətin gündəlik rastlaşdığı məsələlərin müzakirəyə çıxarılması tövsiyə olundu. Nəhayət, 4-cü razılaşdığımız məsələ ondan ibarət oldu ki, burada keçirilən görüş, müzakirə olunan məsələlər ətrafında yaranmış fikir ayrılığı və yaxud fərqli ideyaları təkcə bu zalda saxlamayaq, onları həm də cəmiyyətə çıxaraq. Cəmiyyətdə müzakirəsini təmin edək, bunların ən mühüm olanlarının həyata keçirilməsinə həm siyasi partiyalar, həm də hakimiyyət orqanları çalışsınlar. Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, QHT-lər, mətbuat orqanları dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər. Azərbaycan şəffaf bir cəmiyyətə malik olsun, siyasi-iqtisadi islahatlar davam etdirilsin. Azərbaycan cəmiyyəti qəraraların ən doğrusunun qəbuluna inanmış olsun. Hazırda dövlət siyasətinin formalaşmasında ictimai şuraların yaradılmasına əhəmiyyət verilir. Bütün nazirliklərdə, komitələrdə bu şuralar yaradılıb".

****

Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son zamanlar ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Publika.az-ın məlumatına görə, şöbə müdiri jurnalistlərə açıqlamasında deyib ki, ABŞ və Azərbaycan arasında gərgin münasibətlər yoxdur: "Bunu ayrı-ayrı hüquq müdafiə təşkilatları, siyasəti formalaşdıran mərkəzlər “müşahidə edə” bilərlər. Amma Azərbaycancanla ABŞ arasında münasibətlər həm beynəlxalq sülh yaratma prosseslərində, həm də beynəlxalq terrorizmlə mübarizə sahəsində, həm enerji təhlükəsizliyi sahəsində, həm Cənubi Qafqazın transmilli nəqliyyat kommunikasiya xətlərinin formalaşmasının istismarında, həm də digər məsələlərdə davam edir. O cümlədən, Azərbaycan və ABŞ arasında siyasi, sosial, və digər sahələrdə də münasibətlər davam edir.

Bəzi dairələr var ki, Azərbaycanla ABŞ arasında münasibətləri kəskinləşdirməyə çalışır. Onlar ABŞ mətbuatında ölkəmizlə bağlı neqativ məlumatlar dərc etdirirlər. Bu yazıların da hazırlanması, formalaşdırılması bir qayda olaraq bu münasibətləri pozmaq istəyən mərkəzlərin sifarişləri nəticəsində həyata keçirilir. Əksinə, biz bunun qarşısını almağa çalışırıq. Düşünür ki, ABŞ hökuməti də eyni addımları atır”.

***

Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda xaricdən maliyyələşən, qərbyönümlü QHT-lərin fəaliyyətinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, PA-nın şöbə müdiri Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, QHT Qərb və yaxud şərqyönümlü olaraq bölünməməlidir: “Bəzi QHT-lər sifarişlə işləyir, bizim təsnifat bu şkala üzrə aparılır. Biz istəyirik ki, onlar şəffaf fəaliyyət göstərsin”.

Ə.Həsənov Azərbaycan prezidenti tərəfindən növbəti əfv fərmanının olub-olmayacağı ilə bağlı da danışıb: "Əfv komissiyasının fəaliyyəti də davam edir. İndiyə qədər olduğu kimi, bundan sonra da əfv istiqamətində işlər görüləcək".

***

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iqtidar -müxalifət görüşündə Milli Şuranın iştirak etməməsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, PA-nın şöbə müdiri Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, iqtidar olaraq biz bu kimi görüşlərə Şura dəvət etmirik: "Biz ancaq və ancaq siyasi partiyaları bu cür görüşlərə və dialoqa dəvət edirik. Azərbaycanda bütün siyasi partiyalar belə görüşlərdə iştirak edə bilər. Qapımız onların üzünə açıqdır".

***

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycanda fəaliyyət göstərən bir qrup siyasi partiya rəhbərlərinin iştirakı ilə 3 saata yaxın keçirilən növbəti iqtidar-müxalifət görüşü başa çatıb.

Publika.az-ın məlumatına görə, görüşdə iqtidar tərəfdən Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov və Vahid Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Musa Tukanov iştirak edib.

Hazırda PA-nın şöbə müdiri Ə.Həsənov görüşün nəticələri ilə bağlı mətbuat konfransı keçirir.

****

“Azərbaycanda iqtidar və müxalifət partiyaları ilə görüş artıq ənənə halını alıb”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda siyasi partiyaların iştirakı ilə keçirilən iqtidar-müxalifət dialoqunda bildirib.

Ə.Həsənov deyib ki, iki ay bundan əvvəl siyasi partiyalarla görüş keçirilib: “Bu görüşdə siyasi partiyalarla hakimiyyət nümayəndələri arasında gələcək görüşlərin bəzi məsələləri müzakirə edildi. Bu məsələlər sırasında görüşlərin formatı, siyasi partiyalarla hakimiyyətin bəzi prinsipial məsələləri, siyasi partiyaların Azərbaycan cəmiyyətində yeri və mövqeyi, ictimai-siyasi institut olaraq təmsilçilik, partiya və mətbuat, partiyalar və Azərbaycanın daxili, xarici siyasəti, bu siyasətin formalaşmasında partiyaların rolu, iştirakı və digər məsələlər ətrafında partiya sədrləri burda çıxışlar etdi”.

Ə.Həsənov qeyd edib ki, ötən görüşdə hər bir çıxışda da ideyalar, kifayət qədər rasional ideyalar olub: “Bu ideyalarda Prezident Administrasiyası tərəfindən qeydiyyata alındı və müvafiq olaraq, gələcək toplantılarımızda biz bu mövzuların və məsələlərin üzərinə qayıdacağıq. Bu gün bu görüşdə konkret bir tematika, yaxud da konkret bir məsələ ətrafında yığışmışıq. Yenə də əvvəlcədən tematika elan olunmayıb. Hansı məsələlərin müzakirə olunacağı gündəmi müəyyən olunmayıb. Hesab edirəm ki, bu toplantıdan sonra biz görüşlərimizin daha səmərəli və məqsədli, konkret istiqamətinin təmin olunması üçün gələcəkdəki görüşlərin formatını müzakirə edəcəyik”.

***

Beynəlxalq Mətbuat Mərkəzində iqtidar-müxalifət dialoqunda Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu çıxış edib.


Publika.az-ın məlumatına görə, Mirmahmud Mirəlioğlu deyib ki, mətbuatın burada olımasından sui-istifadə etmək niyyətində deyil: “Son görüş iki ay əvvəl olmuşdu. Həmin görüşdə müəyyən məsələlər müzakirə edilmişdi. İnanıram ki, müzakirə olunan məsələlər barədə dövlət başçısına məlumat vermisiniz. Görüşdə səsləndirilən məsələlərlə bağlı hansı nəticələrin olduğu barədə məlumat almaq istərdik”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov görüşün qapalı hissəsində bu barədə məlumat verəcəyini bildirib.

Qeyd edək ki, dialoqun mətbuata açıq hissəsi bitib. Hazırda tərəflər qapalı müzakirələr keçirirlər.

***

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla hökumət arasında iqtidar-müxalifət dialoqu keçirilir.

Publika.az-ın məlumatına görə, dialoqda iqtidar tərəfdən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, onun müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edir.

Siyasi partiyalardan isə dialoqda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri iştirak edirlər.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR