Millət vəkilindən eyvandan yıxılan qadın olayına sərt münasibət
Bizi izləyin

Nida.az

Millət vəkilindən eyvandan yıxılan qadın olayına sərt münasibət

Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakıda Lalə Bayramova adlı qadının ehtiyatsızlıq üzündən 5-ci mərtəbədən yıxılaraq ciddi xəsarət alması hadisəsinə maraqlı münasibət bildirib.


Publika.az xəbər verir ki, millət vəkili “facebook” hesabında bu barədə belə yazır: “Bu günlərdə sosial məsələlərdən diqqətimi ən cəlb edən hadisə Bakının yaşayış binalarının birində bir qadının öz mənzilinin balkonundan yerə yıxılması və hadisəyə toplaşan insanların fəaliyyətsizliyi oldu. Bəlkə də, bütün hadisələrin içindən məhz buna diqqət edilməsi qəribə görünə bilər.

Ancaq hesab edirəm ki, istənilən siyasətin və fəaliyyətin son məqsədi insanların təhlükəsizliyi və özünü tək hiss etməməsidir. Hadisə ilə bağlı şərhlərdə əsasən kimlərinsə hadisəni həmin an videokadra çəkməsi qınanılır. Əslində isə bu, normal haldır və məhz həmin videogörüntü hadisəni daha yaxşı başa düşməyə kömək edir. Ancaq vacib odur ki, təsadüfən baş verən hadisələrdə toplaşan təsadüfi insan qrupları hər deyəndə hadisənin qarşısını almağa hazır olmur. Liderlər irəli çıxmır, operativ şəkildə maksimum xilasetmə tədbirləri görülmür, hər kəs mümkün olan vəzifəni öz üzərinə götürmür”.


A. Mirzəzadə buna bənzər hadisələri nümunə göstərir.


“Bir müddət əvvəl Rumıniyada bir qəsəbədə su quyusuna düşən qızı ordan xilas etmək üçün toplaşan insanların içində ani surətdə liderlər ortaya çıxdı, vəzifələr bölüşdürüldü. Orada da videoçəkənlər oldu, ancaq qızcığaz xilas edildi. Çünki ortaya ani olaraq tapşırıq verən liderlər çıxdı və hər kəs onun iradəsinə tabe olaraq öz bacarığını göstərdi”, - deyə o qeyd edir.


Millət vəkili baş verən hadisəyə görə qonşuları və ora toplaşan insanları qınayıb: “Evin kişisi həyat yoldaşının əllərini tutduğuna görə mənzilin qapısını kömək üçün aça bilməyib. Məgər həmin an heç fikirləşmədən mənzilin qapısını balta, lom, yaxud ələ keçən istənilən kəsici və ya dağıdıcı alətlə qırmaq olmazdımı? Qoy lap əri qadını xilas edəydi, qapı qırılması artıq olaydı, ancaq inanmıram ki, ev sahibi sonradan qırılan qapıya görə kiməsə irad bildirəydi. Qoy artıq bir qapı qırılaydı, nəinki ailə bu faciəni yaşayaydı. Təqribən 25 il əvvəl Mingəçevirdə bağlı qapı arxasında bələkdə ağlayan tək uşaq qalmışdı, qonşular mənzilin qapısını balta ilə qırıb onu anasına vermişdilər. Burda isə kiminsə ağlına binanın aşağı mərtəbəsində yaşayan ailələrdən təcili yorğan-döşək alaraq yerə sərmək də gəlmədi.

Axı onun yıxılacağı aydın idi. Elə isə bu niyə edilmədi, niyə kimsə qonşusunun xilası üçün özünün bir-iki döşəyindən keçmədi? Niyə hadisəyə aşağıdan baxan kişilər topa ilə balkonun altında əllərini göyə qaldırıb onu tutmağa hazır olmadılar. Bəlkə, yuxarı baxmağa utanırdılar, ancaq həyatı tükdən asılı olan o qadın onların bacıları deyildimi? Məhz belə bir üsulla Çində aşağıda toplaşan kişilər balkondan sallanan və sonradan yıxılan bir nəfəri xilas edə bilmişdilər. Əlbəttə, hadisədən sonra rəy vermək, daha nə etmək olardı demək çox asandır. Ancaq həyat təsadüflərlə doludur, hər birimiz istənilən situasiyaya düşə bilərik. Hər birimiz hər birimizin xilaskarı ola bilərik. Sadəcə olaraq, çəkinmək, kiminsə komandasını gözləmək yox, özünü qabağa vermək, utancaqlıq göstərməmək, mümkün xilas variantlarını ani surətdə qəbul etmək lazımdır”.


Qeyd edək ki, Neftçilər Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti ağırdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm