• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fikrət Məmmədov Kraliça ilə görüşüb

  • Nida.az
  • 2 Mart 2015 20:31
  • 372 Baxış
Fikrət Məmmədov Kraliça ilə görüşüb

Bu günlərdə Böyük Britaniyanın paytaxtı London şəhərində Böyük Azadlıqlar Xartiyasının (Magna Carta) 800 illiyinə həsr olunan Qlobal Hüquq Sammiti keçirilib. 1215-ci ildə imzalanmış "Magna Carta" İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla, sonrakı dövrdə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynayıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sammitdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Dünyanın 110 dövlətindən 2300 nümayəndənin, o cümlədən 90-dan çox ədliyyə nazirinin və baş prokurorun, eləcə də görkəmli hüquqşünasların və ictimai-siyasi xadimlərin iştirak etdiyi bu mötəbər forumun açılışında Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler Kris Kreylinq və Ali Məhkəmənin sədri Lord Tomas, ABŞ-ın Baş prokuroru Erik Holder, Qazaxıstanın Baş naziri Karim Massimov çıxış ediblər.

Tədbirin açılışından sonra sammitdə iştirak edən ədliyyə nazirlərinin və baş prokurorların Bukingem sarayında Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Elizabet tərəfindən qəbulu keçirilib. Qəbulda Azərbaycanın ədliyyə naziri F.Məmmədov da iştirak edib.

Sammitdə qanunun aliliyinin qorunması, insan hüquqları, ədalət mühakiməsinə çatımlıq, bu sahədə qabaqcıl İKT-lərin tətbiqi, beynəlxalq hüquqi əməkdaşlıq, hüquqşünasların tədrisi və s. aktual məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində ədliyyə naziri F.Məmmədov Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler K.Kreylinq, ədliyyə üzrə dövlət naziri Saymon Hyuz və Ali Məhkəmənin sədri Lord Tomas ilə görüşüb.

Sammitdə və görüşlərdə ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən "elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlər, hakimlərin Avropada ən şəffaf seçimi, tədris tədbirləri və s. barədə məlumat verilib, bu sahədə qazanılmış nailiyyətlərə maraq göstərilib, əməkdaşlığa dair müzakirələr keçirilib.

Səfər zamanı, həmçinin bir sıra dövlətlərin ədliyyə nazirləri və baş prokurorları ilə görüşlər keçirilib, qarşılıqlı fəaliyyətə dair faydalı fikir mübadiləsi aparılıb.

Tədbirlərdə ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də iştirak edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR