• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezident İlham Əliyev Bərdə rayonunda - FOTO

  • Nida.az
  • 13 Mart 2015 00:54
  • 1 717 Baxış
Prezident İlham Əliyev Bərdə rayonunda - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfərə gəlib.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə şəhərdə yeni salınmış və Ulu Öndərin adını daşıyan park-bulvarda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirdi ki, bərdəlilərin Ulu Öndərin xatirəsinə ehtiram əlamətinin rəmzi olan bu möhtəşəm abidə yeni ucaldılıb. Abidənin postamenti və ətrafı orijinal layihə əsasında qurulub.

X X X

Martın 12-də Bərdədə Heydər Əliyev adına park-bulvarın açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı park-bulvarın rəmzi açılışını bildirən lenti kəsdi.

Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi yaradılıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan bu kompleks Gəncə şəhərindəkindən sonra ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biridir. Uzunluğu 2400 metr olan park-bulvar kompleksi ilkin mərhələdə 47 hektar ərazini əhatə edir və gələcəkdə daha da genişləndiriləcək. Parkın giriş qapısı öz əzəməti ilə diqqəti cəlb edir. Eni 36 metr, hündürlüyü 12 metr olan giriş qapısı milli memarlıq üslubunda ucaldılıb. Kompleksə əlavə 6 istiqamətdən giriş qapısı tikilib. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları saxlanılıb. Abidəyə iki istiqamətdən asma körpü çəkilib. On iki fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artırır.

Parkın mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidə ətrafında yerli çay daşlarından rəmzi olaraq çay yatağını xatırladan kompozisiya quraşdırılıb. Ətrafda 5 fəvvarədən ibarət kompleks yaradılıb. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görülüb.

Dövlətimizin başçısına məlumat verildi ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Bərdəyə xüsusi həssaslıqla yanaşmış Ümummilli Liderin adına layiq mədəniyyət və istirahət parkının yaradılması təşəbbüsü bərdəlilərin Ulu Öndərin əziz xatirəsinə ehtiramının nəticəsidir. Elə bu ərazidə 1979-cu ilin sentyabrında Ulu Öndərin öz əli ilə əkdiyi sərv ağacının indiyədək qorunub mühafizə olunması da Ümummilli Liderin xatirəsinə ehtiramın bir nümunəsidir. Ümumilikdə 12 fəvvarə, 2 süni göl, 2 su aşırımından ibarət olan, gözəl tərtibatı ilə zövqləri oxşayan kompleksdə istirahət üçün bütün zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyev parkda ağac əkdi.

Komplekslə tanışlıq zamanı bildirildi ki, 10 hektar ərazini əhatə edən süni göllər üçün alınmış qayıqlar istirahət edənlərin ixtiyarına veriləcək. Bulvarın qurtaracağında quraşdırılan 3 fəvvarə burada gözəl mənzərə yaradır. Kompleksdə keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Burada velosiped həvəskarları üçün 1,2 kilometr uzunluğunda yol salınıb və 10 ədəd velosiped alınıb. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün min tamaşaçı yeri olan süni örtüklü stadion, örtülü əl oyunları meydançası, min yerlik yay kinoteatrı, 2 min kvadratmetr ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri, inzibati bina inşa olunub.

Burada dövlətimizin başçısına Bərdə şəhərində Tərtər çayı üzərində tikiləcək yeni asma körpünün layihəsi təqdim olundu.

Hazırda mövcud olan körpünün əvəzində tikiləcək yeni qurğunun uzunluğu 128 metr, eni 18,5 metr olacaq.

Prezident İlham Əliyevə, həmçinin tikilməsi nəzərdə tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri də təqdim olundu.

Parka avtomobillə gələnlər 300 yerlik dayanacaqdan istifadə edə biləcəklər.

Prezident İlham Əliyev parkın ərazisini elektromobillə gəzdi.

Tərtər çayının sağ sahilində yaradılmış süni təpə və yaşıllıq massivi, həmçinin əkilmiş 20 mindən çox çiçək, gül kolu və ağaclar parkın füsunkarlığına əlavə çalarlar qatır.

Prezident İlham Əliyev parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxdı.

Vaxtilə karvan yolu üzərində yerləşmiş bu körpü lap qədimdən Bərdənin yaxın və Orta Şərqdə iri ticarət və mədəniyyət mərkəzi kimi formalaşmasında mühüm rol oynayıb.

Yeni salınmış park–bulvara 22 kilometr su xəttinin, 27 kilometr yeraltı elektrik xəttinin çəkilişi, subartezian quyusunun qazılması, çoxlu sayda işıqlandırma nöqtələrinin və 10 ədəd relyef birləşdirici pilləkən quraşdırılması bu möhtəşəm mədəniyyət və istirahət mərkəzində görülən işlərin həcminin göstəricisidir.

Dövlətimizin başçısına məlumat verildi ki, gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev yeni park-bulvarın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadır şəhərciklərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasıdır ki, bununla bağlı görülən işlər nəticəsində bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, orada yaşayan insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şərait də təsdiqləyir.

Son illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Prezident tərəfindən onlarla Fərman və Sərəncam imzalanıb, müxtəlif qanunlar təsdiqlənib. Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. 2003-2013-cü illərdə 25 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin edilib. Həmin illər ərzində hərtərəfli infrastruktura malik onlarla məktəb binası, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. 2015-ci ilin mart ayına olan məlumata əsasən, bu qəbildən olan insanlar üçün indiyədək 89 müasir qəsəbə salınıb. Beləliklə, 46 min ailənin və ya 230 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə 2014-cü ildə məcburi köçkün ailələri üçün 7 yeni qəsəbə və ya yaşayış kompleksi yaradılıb. Bu məqsədlə il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, digər investisiya xərclərindən isə 50 milyon manat vəsait ayrılıb. 2015-ci ildə isə məcburi köçkünlər üçün 4 yeni yaşayış kompleksinin inşa edilməsi, 2500 ailənin və ya 11 min nəfərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verdi. Bu kompleks dövlətimizin başçısının “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Bərdədə yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Prezident İlham Əliyev mənzillərə baxdı.

Burada yaradılan şərait göstərir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də ölkədə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır.

Burada yeni məhəllənin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 11 hektar sahəni əhatə edən yeni yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış kompleksidir.

Dövlətimizin başçısı kompleksdəki məktəbdə yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təhsilə qayğısını və məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlərə baxdı. Burada, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də yaradılıb. Məktəblə tanışlıq zamanı bildirildi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı yaşayış kompleksindəki uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı. Uşaq bağçasında balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.

Prezident İlham Əliyev yeni yaşayış kompleksində görülən işlərdən razılığını bildirdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.

Qeyd edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunmuş və hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir.

Türbə daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvarı günbəzdən, yeraltı hissəsində dəfn üçün ayrılmış sərdabadan, yerüstü hissəsi isə xatirə abidəsindən ibarət olub. Bolşeviklərin Azərbaycanı işğal etmələrindən sonra abidənin kitabələri dağıdılıb, üzərində ərəb əlifbası ilə yazılan sözlərin bir hissəsi silinib. Uzun illər baxımsız qalan türbənin qala qapıları uçub dağılmış, özü bərbad vəziyyətə düşmüş, həyətyanı sahədə ağaclar qurumuş və yaxud qırılıb məhv edilmişdi. Abidənin ərazisinin xeyli hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunaraq müxtəlif məqsədlər üçün istifadə edilirdi.

Sonralar tariximizin yadigarı, əsrlər boyu yadelli istilaçılara boyun əyməyib bu günümüzədək gəlib çıxan türbənin ətrafı təmizlənmiş, zəbt olunmuş həyətyanı sahələr geri alınmış və bir sıra əlavə işlər görülmüşdü. Buna baxmayaraq, türbənin bərpası və təmiri mümkün olmamışdı.

Nəhayət tarixi keçmişimizə, abidələrimizə həssaslıqla yanaşan Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildə Bərdə rayonunda başlanan genişmiqyaslı abadlıq və bərpa işləri türbənin təmirini gündəmə gətirmişdir. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən Bərdə türbəsində bərpa işlərinə başlanıb və bu proses davam etdirilir. Bərpaçılar tarixi abidəni əzəli görkəminə qaytarmaq üçün qiymətli tikinti materiallarından istifadə edirlər. Həyətyanı sahədə abadlıq-tikinti işləri aparılır.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə Azərbaycan mədəniyyəti dünya miqyasında yüksək səviyyədə təbliğ edilir. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda da müşahidə olunan inkişaf gənc nəslin mənəvi zənginləşməsinə geniş imkanlar açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Bərdədə istifadəyə verilən 1 nömrəli Uşaq İncəsənət Məktəbi də məhz bu məqsədə xidmət edir. Bu gün Bərdə rayonunda təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə işlər yüksək səviyyədə aparılır. Rayon əhalisinin rifah halının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Uşaqların təlim-tərbiyəsi və onların sağlam böyümələri də daim diqqət mərkəzindədir. Bu baxımdan Bərdə Şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbi üçün yeni binanın tikilib istifadəyə verilməsi xüsusi önəm daşıyır. Məktəbin ərazisində yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Bildirildi ki, məktəbin tikintisinə 2014-cü ilin əvvəlində başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin mart ayında başa çatdırılıb.

İncəsənət Məktəbi üçmərtəbəlidir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Bərdə rayonuna səfərlərini əks etdirən fotostendlər var. Məktəb Bərdədə uşaqların musiqinin sirlərinə mükəmməl səviyyədə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub.

Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, məktəbin 32 sinif otağı və digər yardımçı otaqları var. Burada xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər, rəsm və rəqs şöbələri fəaliyyət göstərəcək, bir neçə ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçiləcək. İncəsənət məktəbi həm də regionda mədəni həyatın canlanması, yeni istedadların üzə çıxarılması, gənc nəslin hərtərəfli inkişafı istiqamətində atılan növbəti addımdır. Məktəbin akt zalında rayon və respublika səviyyəli konsertlərin, musiqi müsabiqələrinin keçirilməsi mümkündür.

Prezident İlham Əliyev şagirdlərin ifasını dinlədi.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Ölkənin yol–nəqliyyat strukturunda əsaslı dəyişikliklər prosesi uğurla davam etməkdədir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları başdan-başa abadlaşdırılır. Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, xüsusilə də yol ayırıcıları və körpülərin inşasına və yenidən qurulmasına yönəldilib. Bu proses Bərdə rayonunda da geniş vüsət alıb. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən rayonun bir çox yaşayış məntəqələrini birləşdirən kəndarası yollar əsaslı təmir edilib. Onlardan biri də Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yoludur.

Bildirildi ki, dövlətimizin başçısının 2014-cü il 14 avqust tarixli Sərəncamı ilə bu yolun əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə 5,8 milyon manat vəsait ayrılmışdı. Hazırda 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 15,5 kilometr uzunluğunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

Burada dövlətimizin başçısına əsaslı təmiri başa çatmış Alpoud-Mustafaağalı-Nazırlı-Qaratəpə avtomobil yolunun göstəriciləri barədə də məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi birləşdirən bu yolun çəkilməsinə dövlət büdcəsindən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılıb. Yolun tikintisi nəzərdə tutulan müddətdə və müasir tələblərə uyğun olaraq başa çatdırılıb. Yeni yolun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpoud və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi 3 dəfə azalıb.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq ölkənin bütün regionları kimi Bərdədə də kəndarası yolların yenidən qurulması prosesi davam etdirilir.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq sahibkarlara verilən güzəştli kreditlərin həcmi ildən-ilə artır. Bu kreditlərdən Bərdə rayon sahibkarları da kifayət qədər faydalanırlar. İndiyədək rayonun 2 mindən çox sahibkarına 70 milyon manatadək güzəştli kredit verilib və bu kreditlər hesabına 4300-dək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərdən istifadə edilməklə yaradılan müəssisələrdən biri də Qarabağ Aqrar Sənaye Parkıdır.

Dövlətimizin başçısının rayona səfəri ərəfəsində istifadəyə verilmiş Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodu olan Aqrar Sənaye Parkının ümumi dəyəri 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib.

Logistik mərkəzdə güzəştli kreditlər almış fermerlər tərəfindən istehsal olunan ət və tərəvəz məhsulları yüksək keyfiyyətlə saxlanılır və ilboyu əhalinin tələbatının ödənilməsinə yönəldilir. Ən son texnologiyalarla təchiz olunmuş ət kəsimi və emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün proseslər gigiyenik normalar tam gözlənilməklə aparılır. Heyvandarlıq komplekslərində kənd təsərrüfatı avadanlıqları istehsalında dünyanın aparıcı şirkətlərinin müasir avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma sistemləri və digər ferma avadanlıqları quraşdırılıb. “Aqrolizinq” ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan ətlik-südlük inəklər bəslənilir. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşıb. Hələlik gündəlik 32 ton yüksək keyfiyyətli süd istehsal olunur və emal müəssisələrinə təhvil verilir. İlin sonunadək heyvanların sayı artırılacaq və süd istehsalı 60 tona çatdırılacaq. Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunub.

Belə komplekslərin yaradılması idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Güzəştli kreditlərdən yararlanmaqla Bərdədə yaradılmış digər heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilmiş 500 başlıq südlük cins heyvandarlıq kompleksidir. Ümumi dəyəri 4,2 milyon manat olan kompleks sağmal inəklər üçün fermalar, sağımxana, yem anbarı sahələrindən ibarətdir. Bu layihənin də həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş kompleksdə “Aqrolizinq” ASC vasitəsilə ilkin olaraq Avropadan 325 baş cins inək gətirilib. Layihənin icrası nəticəsində 50 nəfər yeni iş yeri ilə təmin olunub.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq sahibkarlara verilən güzəştli kreditlərin həcmi ildən-ilə artır. Bu kreditlərdən Bərdə rayon sahibkarları da kifayət qədər faydalanırlar. İndiyədək rayonun 2 mindən çox sahibkarına 70 milyon manatadək güzəştli kredit verilib və bu kreditlər hesabına 4300-dək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərdən istifadə edilməklə yaradılan müəssisələrdən biri də Qarabağ Aqrar Sənaye Parkıdır.

Dövlətimizin başçısının rayona səfəri ərəfəsində istifadəyə verilmiş Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodu olan Aqrar Sənaye Parkının ümumi dəyəri 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib.

Logistik mərkəzdə güzəştli kreditlər almış fermerlər tərəfindən istehsal olunan ət və tərəvəz məhsulları yüksək keyfiyyətlə saxlanılır və ilboyu əhalinin tələbatının ödənilməsinə yönəldilir. Ən son texnologiyalarla təchiz olunmuş ət kəsimi və emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün proseslər gigiyenik normalar tam gözlənilməklə aparılır. Heyvandarlıq komplekslərində kənd təsərrüfatı avadanlıqları istehsalında dünyanın aparıcı şirkətlərinin müasir avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma sistemləri və digər ferma avadanlıqları quraşdırılıb. “Aqrolizinq” ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan ətlik-südlük inəklər bəslənilir. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşıb. Hələlik gündəlik 32 ton yüksək keyfiyyətli süd istehsal olunur və emal müəssisələrinə təhvil verilir. İlin sonunadək heyvanların sayı artırılacaq və süd istehsalı 60 tona çatdırılacaq. Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunub.

Belə komplekslərin yaradılması idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Güzəştli kreditlərdən yararlanmaqla Bərdədə yaradılmış digər heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilmiş 500 başlıq südlük cins heyvandarlıq kompleksidir. Ümumi dəyəri 4,2 milyon manat olan kompleks sağmal inəklər üçün fermalar, sağımxana, yem anbarı sahələrindən ibarətdir. Bu layihənin də həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş kompleksdə “Aqrolizinq” ASC vasitəsilə ilkin olaraq Avropadan 325 baş cins inək gətirilib. Layihənin icrası nəticəsində 50 nəfər yeni iş yeri ilə təmin olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR