• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İngilis casusun “Əl-Qaidə” lideri ilə Azərbaycanda məxfi görüşü – ŞOK DETALLAR

  • Nida.az
  • 7 Aprel 2015 16:50
  • 1 695 Baxış
İngilis casusun “Əl-Qaidə” lideri ilə Azərbaycanda məxfi görüşü – ŞOK DETALLAR

“Qafqaz əmirliyi” İŞİD və “Əl-Qaidə” tərəfdarları olaraq iki hissəyə parçalanıb.


Publika.az xəbər verir ki, “İranian Diplomacy” nəşri “Qafqaz əmirliyi” daxilindəki savaşı və parçalanmanı araşdırıb.


Ən maraqlı məqam isə ingilis agenti ilə “Əl-Qaidə” komandirlərindən birinin 1990-cı illərin əvvəllərində Azərbaycanda məxfi görüşməsi haqda informasiyaların ortaya çıxmasıdır.


29 yaşlı Şişaninin 43 yaşlı Dağıstaniyə qalib gəlməsi


2013-cü ildə Qafqaz əmirliyinin internet-portalında Suriya terrorçuları tərəfindən vuruşan qafqazlı döyüşçülərin şücaətləri haqda xəbərlər yayılanda çox az adam güman edə bilərdi ki, “Ceyş-al Muxadjirin Valya-Ənsar” (Xarici dostların qoşunu) bölməsində yeni proseslər baş verir. Məsələ ondadır ki, “Əl-Qaidə” və İŞİD qarşıdurması sonuncunun qələbəsi ilə müşahidə olundu və “Qafqaz əmirliyi”nin komandirinin Əl-Bağdadiyə biət etməsi əmirlik daxilində parçalanmaya yol açdı. İndi “Əl-Qaidə” tərəfdarları Əbu Məhəmməd Dağıstaninin, İŞİD tərəfdarları isə Çeçen Əbu Ömər Şişaninin rəhbərliyi altında birləşib. Vəziyyət o həddə çatıb ki, hazırda Qafqazda sələfilərin lideri 43 yaşlı Əbu Məhəmməd yox, 29 yaşlı Ömər Şişani hesab olunur.

Azərbaycana təyin olunan əmirlər və “Qafqaz əmirliyi” necə yarandı


2000-ci ilin mayında ikinci çeçen müharibəsində Rusiyanın hərbi qələbəsi post-sovet dövründə bütün Şimali Qafqaz üçün ən vacib hərbi-siyasi hadisə oldu. 2009-cu ildə Rusiyanın Çeçenistanda elan etdiyi anti-terror əməliyyatının sonunda Şimali Qafqaz döyüşçülərinin mübarizəyə son qoyacağını ehtimal etmək mümkün deyildi. Həqiqətən də, onlar silaha sarıldı. Son iki onillikdə Çeçenistan döyüşçülərinin apardığı mübarizə təkcə regiona yox, Rusiyanın bütün hərbi-siyasi vəziyyətinə də təsir etdi. Onların mübarizəsi daxili və xarici amillərə söykənərək ideologiya və struktur nöqteyi-nəzərindən iki dönüş anı yaşadı. Hazırda belə bir dönüş anı yenidən müşahidə olunur.

Birinci dönüş anı milli ideologiyaya söykənirdi. Hansı ki, yerli xalqların etnik orijinallığına və sələfi ekstremizminə söykənirdi. Birinci və ikinci dönüş dövrünü çeçen liderləri olan Cövhər Dudayev və Şamil Basayevin baxışlarında da müşahidə etmək olardı.

İkinci dönüş dövründə lider Umarov oldu və mühacirətdə Çeçen Respublikası hökumətinə rəhbərlik etdi. 2007-ci ildə o, “Şimali Qafqaz əmirliyi” yaratdı. Bura Çeçenistan Respublikasının əraziləri, İnquşetiya, Adıgey, Krasnodar vilayəti, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiyanın cənub əraziləri daxil idi. Rusiya Federasiyasına daxil olan bu ərazilərdə Umarov faktiki olaraq nəzarət edə bilmirdi. Lakin o, təbliğat maşınını yaxşı qura bilmişdi. Həmçinin bu ərazilərdə və paytaxt Moskvada terror əməliyyatları keçirirdi.


Daha sonra Umarov “öz ərazilərini” genişləndirərək buraya digər yerləri, o cümlədən Azərbaycanı da daxil etdi, “əmirlər” təyin olundu. O, bu şəbəkəni “Qafqaz əmirliyi” adlandırdı.


Altı ay gizlədilən ölüm xəbəri və üçüncü dönüş nöqtəsi


Sələfilərlə müqayisədə Umarov Şimali Qafqaz döyüşçülərinə əmr verə bilirdi. Moskvaya bağlı olan yerli hökumətlər isə vəziyyəti düzəltməyə çalışırdı. Ramzan Kadırovun başçılıq etdiyi Çeçenistan hökuməti dəmir iradə ilə vəziyyəti düzəldə bildi. Hətta 2014-cü ildə “Qafqaz əmirliyinin” Soçi Qış Olimpiada Oyunlarına təhdidi də heç nəyə yaramadı.

2014-cü ilin 18 martında Umarovun ölüm xəbəri yayıldı. Daha sonra məlum oldu ki, o, altı ay öncə vəfat edib, lakin tərəfdarları bu xəbəri gizlədiblər. Bütün bunlar “Qafqaz əmirliyi” üçün ciddi perspektiv vəd etmirdi. Buna baxmayaraq, Əbu Məhəmməd Dağıstaninin rəhbərliyi altındakı döyüşçülər 2014-cü ilin 4 dekabrında Qroznıya hücum edərək partizan müharibəsi aparmaq qabiliyyətində olduqlarını sübut etdilər. Bu hadisələrin fonunda xarici vəziyyət dəyişirdi. Suriya və İraqda mərkəzi hakimiyyətə qarşı döyüşlər başladı, daha sonra bu döyüşlər cihad adı altında aparıldı. Orda döyüşənlərlə əlaqələrin qurulması Şimali Qafqaz döyüşçülərinin həyatında üçüncü dönüş nöqtəsi oldu. Bunun nəticəsində onların bir hissəsi İŞİD dəstələrinə qoşuldu, Əbu Məhəmməd Dağıstani isə “Əl-Qaidəyə” olan andını saxladı.


Ərəblər Qafqaza necə girdi? – Qarabağ döyüşləri, ultra-sələfizm, yaxud Dudayevin dəstək axtarışı


“Əl-Qaidə” ilə Şimali Qafqaz döyüşçülərinin münasibətlərinin qurulmasında onların ultra-sələfizm ideologiyası imkan yaradırdı. Həmçinin bir sıra daxili və xarici güclər bu bölgədə radikallığa xüsusi dəstək verirdi. Rusiya mənbələrinin iddialarına görə, Cövhər Dudayev hələ birinci çeçen müharibəsində vəhhabilərin dəstəyindən istifadə edirmiş. Lakin bu, hələ təsdiqlənməmiş məlumatdır. Daha səhih məlumatlara görə, çeçen döyüşçüləri arasında vəhhabilik 1996-cı il 21 apreldə Dudayevin ölümündən sonra artıb.


Təsdiq olunmamış daha bir məlumata görə, bir qrup çeçen Əfqanıstanda təlimlər keçib. Versiyaların birində deyilir ki, Şamil Basayev və Salman Raduev kimi döyüşçülər Qarabağ müharibəsində iştirak edərkən ərəb və əfqan döyüşçülərlə əlaqələr qura biliblər. Məhz bundan sonra çeçen döyüşçülər ultra-sələfizm ideologiyasını mənimsəyiblər.


Bu bölgədə vəhhabiliyin yayılmasında bir sıra ərəb komandirlərinin – Əbu Əl-Qamidi, Əl-Validi, Əbu Ömər Əs-Seyf, Xafs Əl-Urdani, Maxnad Abusunun aktiv rolu olub. Onlarla əlaqələrin qurulmasında Əmir ibn Əl – Xəttab əsas rol oynayıb.


İngilis casusun “Əl-Qaidə” lideri ilə Azərbaycanda məxfi görüşü


2014-cü ilin fevralında Londonun “Əl-Həyat” qəzeti “Əl-Qaidə” ilə Şimali Qafqaz döyüşçülərinin əlaqələri haqda xüsusi xidmət agentinin müsahibəsini yayımladı. Agentin iddiasına görə, 1990-cı illərin isti iyun günlərinin birində Azərbaycanda “Əl-Qaidə” terror təşkilatının lideri Ayman Az-Zavaxiri ilə görüşüb.

Az-Zavaxiri ingilis agentinə Çeçenistana yola düşmək arzusunda olduğunu deyib. Bir müddət sonra o, Dağıstan-Çeçenistan sərhədində saxlanılıb. 40 min dollar rüşvət qarşılığında sərbəst buraxılıb. Lakin onun şəxsiyyəti bəlli olmayıb.

İngilis agent Az-Zavaxirinin “Əl-Qaidə”nin ali rəhbərliyi və Çeçenistanda əsas koordinator olan Əl-Xəttabla fikir ayrılığı yaşadığını da dilə gətirib. Onun sözlərinə görə, ikinci çeçen müharibəsi zamanı “Əl-Qaidənin” Əl-Qamidi adlı komandiri Bin Ladenlə Şimali Qafqaz döyüşçüləri arasında koordinasiyasını qururmuş.


İŞİD və “Əl-Qaidən”in Qafqaz uğrunda müharibəsi


“İranian Diplomacy” qeyd edir ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” və Talibana qarşı mübarizədə adını açıqladığı terrorçuların siyahısına Umarovun da adının salınması bu əlaqələrdən irəli gələ bilər. Birləşmiş Ştatlar ən azı görünüş üçün bu çeçen komandirin başına, yaxud onun yeri haqda informasiyaya beş milyon dollar mükafat təyin etmişdi.


Suriya döyüşlərinə gəlincə, lap əvvəldən Şimali Qafqazdan olan döyüşçülər Əsədə qarşı olduqlarını və oradakı döyüşçüləri dəstəklədiklərini açıqlayıblar. Lakin Umarov Qafqazda Rusiyaya qarşı döyüşün daha vacib olduğunu əsas gətirərək, döyüşçülərinin ora getməsini dəstəkləmədiyini bildirdi. Bununla belə Suriyada “Xarici dostların qoşunu”nun yaradılmasında qafqazlı döyüşçülərin xidmətindən geniş istifadə olundu.


2013-cü ilin noyabrında Az-Zavaxirinin audio-müraciəti yayıldı. O, Suriyada “Əl-Qaidə”nin yeganə nümayəndəsinin “Ən-Nusra Cəbhəsi” olduğunu deyirdi. Həmçinin, “Əl-Qaidə” lideri Əl-Bağdadidən Suriyanın adının “İraq Şam İslam Dövləti”nin əraziləri siyahısından çıxarılmasını tələb edir. Məhz bundan sonra iki terror qruplaşması arasında açıq ziddiyyətlər başladı.


Daha sonra Qafqazdan olan Ömər Şişani İŞİD tərkibində əsas fiqurlarından birinə çevrildi. Onun məşhurluğu Qafqazdan İŞİD-ə döyüşçü axınını sürətləndirdi. Digər tərəfdən, Əbu Məhəmməd Dağıstaninin Soçi Olimpiada Oyunlarına qarşı əməliyyatında uğursuzluğa düçar olması onun nüfuzuna xələl gətirdi. Əvəzində Qafqaz döyüşçüləri arasında 29 yaşlı Şişaninin nüfuzu artır.


Bir müddət öncə Əbu Məhəmmədin Əl-Bağdadiyə biət etməsi haqda informasiyanın yayılması, daha sonra bunun təkzib edilməsini manevr adlandırmaq olar. Belə ki, Əbu Məhəmməd “Əl-Qaidə” ilə İŞİD-in növbəti toqquşmasında “Qafqaz əmirliyi”nin bütövlüyünü qoruyub saxlamaq üçün belə bir oyun oynadı.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR