“Koçaryan quş buraxdı... zəng edib məni Sərkisyana tapşırdı” - Foto
Bizi izləyin

Nida.az

“Koçaryan quş buraxdı... zəng edib məni Sərkisyana tapşırdı” - Foto

Köçəryan və Azərbaycan jurnalistləri: “Erməni prezident quş buraxdı”


Yazıçı-publisist, konspriloq Həmid Herisçi “Facebook” səhifəsində Azərbaycan jurnalistlərinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla görüşünə dair fotoşəkil paylaşıb.

Publika.Az xəbər verir ki, H. Herisçi şəklə maraqlı şərh də yazıb. Bildirib ki, erməni mətbuatı, erməni ədəbi mühiti ilə son təması 1998-ci ildə Ermənistana yollanan ilk Azərbaycan jurnalistləri tərkibində olarkən baş verdi: “Ermənistan Yazarlar Birliyi sədri Qrant Matovasyandan aldığım müsahibə, məncə, indi də öz dəyərini itirməyib. Yerevanda təzəcə seçilmiş prezident Robert Koçaryanla üzbəüz söhbətim də çox maraqlı idi... O vaxt, Ki-Uest danışıqlarını süquta uğratmaq xatirinə Rusiya Ermənistanda saray çevrilişi etmiş, Levon-Ter Petrosyanı istefaya göndərərək hakimiyyəti ötürmüşdü Koçaryana. Qısası, Qarabağı udmuş səhra komandiri indi Yerevanı da qatlayıb vurmuşdu qoltuğuna. Azərbaycan jurnalistləriylə görüşünü də, həmişəki kimi, qələbəylə bitirmək xəyalındaydı.

Söhbət zamanı, 1998-ci il neft bazarında baş vermiş qiymət enişinə işarə vuran Koçaryan, qeyd etdi ki, neft ixrac edən ölkələr bankrotdurlar, neftə güvənərək bizi üstələyə bilməzsiz. Həmin andaca sual səsləndirdim-“Cənab prezident, neft ixrac edən ölkələr bankrotdur dedikdə, siz ilk olaraq Rusiyanımı nəzərdə tutursunuz, yəni Ermənistanın baş müttəfiqini, baş sponsorunu?”... Koçaryan rəng verib, rəng aldı.

Rusiyanı bankrot elan etmək, bəli, ağır məsələ idi onun üçün... O, sualıma nəsə qarışıq cavab versə də, hamı qarşısında sarsıldı... Qarabağ qalibi, hə, quş buraxdı, Azərbaycan qələm sahiblərinə qalib gələ bilmədi... Bu maraqlı səhnənin lent yazıları indi də durmalıdır, Space kanalı bunu lentə alırdı...

Koçaryan bundan sonra məni yanına çağırıb, fotoqraflara göz vuranda, dedim ki, Ermənistan prezidenti ilə təkbətək şəkil çəkdirmək istəmirəm. Cavabında “Siz yamanca peşəkarsız, sizi xüsusi nümunəvi atıcı kimi göndəriblər bura?” kəlməsini eşitdim. Heyət üzvlərimiz yığıldı, şəkil çəkdirdik”.

Daha sonra Ermənistana səfəri zamanı indiki prezident Ser Sərkisyanla görüşün xatırlayan H. Herisçi yazır ki, 1998-ci ilin sentyabrında Koçaryanla görüşüm zamanı o məni xüsusi qonağı elan etdi: “Sonra yadımdadır, zəng edib məni indiki prezident, ovaxtkı Daxili İşlər Naziri həmyerlisi Serj Sarkisyana tapşırdı. Sarkisyanla çox danışdıq...Dedi ki, Bakıda, Partiya məktəbində təhsil alarkən Xəzər sahillərinə gecələr çox səfər edib. Qara kürü, ağ balıq kababı üçün indi də darıxdığını qeyd etdi. Hətta köksünü ötürdü də...Dedi ki, Xəzərə yaxınlaşınca, həmişə əlini Volqanın pəncərəsindən eşiyə çıxarırmış. Sərin dəniz havasını təkcə sinəsiylə deyil, ovcunun içiylə də duymaq, bəli, Sarkisyanın unudulmaz xatirələrindənmiş sən demə... Söhbətlərimiz indi kimi yadımdadı...”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm