• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

I Avropa Oyunları ərəfəsində ölkənin gözdən salınması üçün 5-ci kolondan istifadə olunur

  • Nida.az
  • 14 Aprel 2015 17:18
  • 341 Baxış
I Avropa Oyunları ərəfəsində ölkənin gözdən salınması üçün 5-ci kolondan istifadə olunur

"ABŞ-ın hüquq müdafiəçiləri, keçmiş məmurları və politoloqları, yaxşı olardı ki, əvvəlcə öz ölkələrindəki problemləri qabardıb, həllinə nail olsunlar. Çünki belə olduqda başqalarına da irad tutmağa mənəvi haqq qazanacaqlar".

Bunun APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ın bir qrup keçmiş məmurunun və diaspor üzvünün ABŞ dövlət katibi Con Kerriyə müraciətinə cavab olaraq deyib. Q. Həsənquliyev bildirib ki, ABŞ-ın daxilində insan haqları ilə bağlı ciddi problemlərin mövcud olduğu bütün dünyaya məlumdur: "İllərdir ki, beynəlxalq ictimaiyyətin təkidlərinə baxmayaraq, ABŞ Quantanamo həbsxanasını qapatmır. Bu həbsxananın Amerikadan kənarda olduğunu bəhanə edərək, onun ABŞ qanunları ilə idarə olunmadığı bildirilir. Amma fakt budur ki, həmin həbsxanada insanlar Amerika hökuməti tərəfindən saxlanılır, onlara ağır işgəncələr verilir və hətta bəzilərinin də illərlə orda günahsız yerə cəza çəkdiyi məlum olur.

Onu da qeyd edim ki, Amerikanın insan haqları ilə bağlı ən sərt tənqid etdiyi ölkələrdə belə insanlar illərlə istintaqsız və məhkəməsiz həbsdə saxlanılmır, Quantanoma bu məsələdə də istisnadır". Millət vəkili ABŞ-ın hüquq müdafiəçilərinə və politoloqlarına, ölkələrində olan irqi ayrı-seçkiliyə də diqqət yetirməyi tövsiyə edib: "Bu ölkədə az qala hər gün irqi ayrı-seçkiliyin qurbanlarının görüntüləri yayılır. Polis qaradərili amerikalını güllələyir, itlərə parçalatdırır. Amerikada etiraf olunan statistikalara görə, işsizlik, təhsilsizlik faizi qaradərililər arasında çox yüksəkdir, həbsxanalar qaradərililərlə doludur.

Bu problemlərə diqqət cəlb edilmədən Amerikadan on min kilometrlərlə uzaqda olan ölkə ilə bağlı müraciət etmək heç də səmimi görünmür". Millət vəkili onu da qeyd edib ki, insan haqları məsələsi bütün ölkələrdə əsas diqqət yetirilməli amildir: "Mən hesab edirəm ki, bizim ölkəmizdə də insan haqları məsələsi diqqətdə olmalı, bu sahədəki problemlər kimin tənqid edib-etməməsindən asılı olmayaraq həllini tapmalıdır. Bizə olan tənqidlər arasında xoşniyyətlisi də, kampaniya xarakteri daşıyanı, ölkəni gözdən salmaq üçün ediləni də var. Mən hesab edirəm ki, haqqında danışdığımız müraciət məhz I Avropa Oyunları ərəfəsində ölkənin gözdən salınmasına yönəlmiş, antiazərbaycan təbliğatının bir hissəsidir. Bu, erməni lobbisinin təsirində olan antiislamçıların apardığı kampaniyanın tərkib hissədir".

Q. Həsənquliyev müraciəti imzalayan azərbaycanlıların həmin dairələrin təsirindəki "beşinci kalon"un nümayəndələri olduğunu deyib: "Azərbaycanda ABŞ-ın qeyri hökumət təşkilatları vasitəsilə maliyyəşdirdiyi şəxslərin olduğu heç kimə sirr deyil. Çox təəssüf ki, həmin şəxslər prinsipial məqamlarda Azərbaycana qarşı istifadə olunurlar". Partiya sədri hesab edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan və ABŞ-ın rəsmi dairələri arasında əməkdaşlıq və dialoq mühiti davam etməlidir:

"Lakin siyasətçilər, ekspertlər, QHT təmsilçiləri bu iddialara mütləq cavab verməli, Azərbaycana qarşı kampaniyaları ifşa etməlidirlər". Qeyd edək ki, bir qrup amerikalı ekspert, siyasətçi və Azərbaycan diasporunun nümayəndələri ABŞ dövlət katibi Con Kerriyə açıq məktub göndəriblər. Məktubda ABŞ Dövlət Departamenti Azərbaycana qarşı addımlar atmağa çağırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR