• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

III Qlobal Bakı Forumunda "Yeni dünya düzəninin başlıca problemləri" müzakirə olunub

  • Nida.az
  • 28 Aprel 2015 16:37
  • 344 Baxış
III Qlobal Bakı Forumunda "Yeni dünya düzəninin başlıca problemləri" müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda işinə başlayan III Qlobal Bakı Forumu giriş sessiyası ilə işini davam etdirib.

Komitədən Publika-az-a verilən məlumata görə, Boliviyanın sabiq Prezidenti Xorxe Kiroqanın moderatorluğu ilə keçən panel iclasında “Yeni dünya düzəninin başlıca problemləri” müzakirə edilib. Sessiyada Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, Kanadanın keçmiş Baş naziri Jan Kretyen, Nigeriyanın eks-prezidenti Olusequn Obasanco, Yunanıstanın keçmiş Baş naziri Georgios Papandreu, Sloveniyanın sabiq Prezidenti Danilo Türk, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa çıxış ediblər.

Forumda iştirakdan məmnunluğunu vurğulayan Türkiyənin sabiq Prezidenti A.Gül yeni dünya düzənində etimadın yaradılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. XX əsrin ilk on beş ilinin bəşər sivilizasiyasına yaraşmayan siyasi və ideoloji münaqişələr şəraitində keçdiyini bildirən A.Gül qloballaşmanın inkişafı nəticəsində dünya nizamının ciddi problemlərlə qarşı-qarşıya qaldığını vurğulayıb. Sabiq Prezident qeyd edib ki, iki dünya müharibəsinin dərsləri əsasında formalaşan beynəlxalq əməkdaşlıq sistemlərinin qəbulundan 70 il keçdiyi üçün beynəlxalq strukturlar yeni dünya nizamına uyğunlaşdırılmalıdır. Bu sahədə ciddi cəhdlərin göstərilmədiyini vurğulayan A.Gül bildirib ki, BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı səylər nəticəsiz qalıb: ”Bu da BMT və Təhlükəsizlik Şurasına etibarın azalmasına səbəb olur. Münaqişələrin uzun müddət həll olunmamış qalmasından yaranan məyusluq bizə təsir edir. Məhz bu baxımdan belə islahatlar beynəlxalq ictimaiyyətə və sistemə yeni dinamika gətirəcək, beynəlxalq proseslərə müsbət təsir göstərəcək. Buna görə də biz ümumi dəyərlər və maraqlar ətrafında birləşməli, beynəlxalq münasibətlərin digər prinsiplərini və mexanizmlərini gücləndirməliyik”.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan A.Gül bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 ildən çoxdur işğal altında qaldığını, bir milyondan çox insanın doğma yurdundan didərgin düşdüyünü bildirib. Sabiq Prezident deyib ki, bu münaqişənin regionda sülhə ciddi təhdid yaratmasına baxmayaraq, beynəlxalq ictimaiyyət və danışıqlar prosesində iştirak edən dövlətlər münaqişənin həlli ilə bağlı ciddi səy göstərmir: “Belə hallar dünya nizamına mənfi təsir göstərir. Beynəlxalq sistemin bu problemləri həll edə bilməməsi ona olan etimadı azaldır. Odur ki, beynəlxalq və regional təşkilatların rolu gücləndirilməlidir".

Kanadanın keçmiş Baş naziri J.Kretyen çıxışında enerji amillərinin dünya siyasətinə təsirindən danışıb. Son illər ABŞ-ın siyasətində enerji amilinin təsirinin azaldığını vurğulayan sabiq Baş nazir Birləşmiş Ştatların Yaxın Şərqdə və Cənubi Amerikada maraqlarının get-gedə azalacağını bildirib.

Planetin müxtəlif bölgələrində baş verən münaqişələrin həllinə BMT-nin ciddi təsir edə bilmədiyini söyləyən J.Kretyen məhz bu baxımdan dünya ictimaiyyəti arasında beynəlxalq qurumlara etimadın azaldığını vurğulayıb.

Nigeriyanın sabiq Prezidenti O.Obasanco çıxışında ölkəsinin əsas problemlərinə toxunub. Nigeriyada sabitliyə əsas təhlükə olan "Boko Haram" terrorçu qruplaşmasının yaranma səbəblərindən danışan sabiq Prezident bunu ölkənin əsasən şərq hissəsində təhsilin aşağı səviyyədə olması ilə əlaqələndirib. O, "Boko Haram" terrorçu qruplaşmasının fəaliyyətinin demokratiyaya ciddi zərbə vurduğunu, işsizliyə, ölkədə miqrasiya proseslərinə səbəb olduğunu vurğulayıb. Sabiq Prezident bütün bu problemlərin aradan qaldırılması üçün Nigeriyada demokratiyanın, təhsilin inkişaf etdirilməsinin, işsizlik probleminin aradan qaldırılmasının vacibliyini bildirib.

Yunanıstanın keçmiş Baş naziri G.Papandreu Prezident İlham Əliyevin ölkənin təbii resurslarından səmərəli istifadə olunması, Azərbaycanın müstəqilliyinin onun təbii sərvətlərindən istifadə hüququ yaratmasını yüksək qiymətləndirib.

Ölkəsinin maliyyə böhranının fəsadlarından danışan sabiq Baş nazir vurğulayıb ki, bu problemin həlli üçün Yunanıstanın əvvəlcədən kollektiv yanaşmaya ehtiyacı var idi, məhz bu yanaşma gecikdiyi üçün böhran bütün Avropaya yayıldı. Çıxışında, həmçinin qlobal əməkdaşlığa yer ayıran G.Papandreu bildirib ki, məhz bunun sayəsində münaqişələrin və problemlərin qarşısını almaq mümkündür.

Sloveniyanın sabiq Prezidenti D.Türk BMT-nin yeni dünya nizamına uyğunlaşdırılmasının vacibliyini vurğulayaraq bu prosesin mümkünlüyünü bildirib. O bildirib ki, BMT dünyadakı dəyişikliklərə təsir edən qurum kimi bu dəyişikliklərə uyğunlaşmalı və dünyada çoxqütblü sistemin formalaşmasına töhfə verməlidir. Afrikada BMT-nin rolunun səmərəli olduğunu söyləyən D.Türk Yaxın Şərq regionunda da təşkilatın fəaliyyətinin gücləndirilməsinin vacibliyini bildirib. Diqqətə çatdırıb ki, BMT-nin dövlətlər üçün məsləhətçi funksiyası gücləndirilməli, regional təhlükəsizlik aktorları ilə əməkdaşlığı inkişaf etdirilməlidir.

Ərəb Liqasının sabiq baş katibi Ə.Musa yeni yaranan dünya nizamında etimadın çatışmazlığının beynəlxalq sistemə inamı zəiflətdiyini bildirib. Azərbaycan və Bolqarıstan prezidentlərinin çıxışlarında ikili standartlara toxunduqlarını xatırladan Ə.Musa bu amilin qlobal siyasətdə inamsızlığa səbəb olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, məhz ikili standartlar dünyada, xüsusilə də Yaxın Şərqdə qeyri-sabitliyə, ksenofobiyaya, terrorçuluğun artmasına təkan verir.

Sabiq Baş katib ərəb ölkələrində sabitliyə və inkişafa nail olmaq üçün yeni regional təhlükəsizlik sisteminin yaradılmasının, bunun üçün isə Fələstin probleminin tezliklə həll edilməsinin vacibliyini bildirib.

BMT-də, xüsusən də Təhlükəsizlik Şurasında islahatların aparılması məsələsinə də toxunan Ə.Musa qeyd edib ki, fövqəldövlətlərin əlində alətə çevrilən Təhlükəsizlik Şurasında hansısa dəyişikliklərin edilməsi qeyri-mümkündür. Dondurulmuş münaqişələrdən də danışan sabiq baş katib fövqəldövlətlərin belə vəziyyətlərdən öz maraqları naminə istifadə etdiyini bildirib.

Çıxışlardan sonra sessiya müzakirələrlə davam edib.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR