Millət vəkili: “Avropa Oyunlarında ölkəmiz, tariximizlə bərabər həqiqətlərimizi də tanıda biləcəyik”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Avropa Oyunlarında ölkəmiz, tariximizlə bərabər həqiqətlərimizi də tanıda biləcəyik”

“Birinci onu nəzərə almalıyıq ki, Avropa Oyunları tarixində ilk oyunlar Azərbaycanda keçiriləcək. İllər keçəcək və hər dəfə Avropa Oyunlarının tarixi vərəqlənəndə bunun ilk dəfə Azərbaycanda keçirildiyi xatırlanacaq. Düşünün ki, Avropa Oyunlarıyla bağlı nə qədər infrastruktur layihələr tikilir. Bu layihələri idmançılar, gedən heyət özü ilə aparmayacaq ki. Bu layihələr bizə, bizim dövlətimizə, millətimizə qalacaq”.

Bu fikirləri Publika.az-a açlıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. O, qeyd edib ki, yarışların keçirilməsi üçün çoxlu infrastruktur layihələri ilə yanaşı, əhaliyə xidmət infrastrukturunda da yeni yerlər açılıb. Bu bizə gələcəkdə turizmin inkişafından tutmuş müxtəlif istiqamətlərdə lazımdır, yəni biz bu investisiyanı ölkəmizə qoymuşuq:

“I Avropa Oyunlarının keçirilməsi həm də Azərbaycanın təbliğində böyük rola malikdir. Onlarla məşhur televiziya kanallarında Azərbaycanın tanıtımı üçün videoçarxlar nümayiş olunacaq. Bu kanallar canlı şəkildə Azərbaycandan materiallarını yayımlayacaqlar. Və bununla nə qədər insan Azərbaycanı tanıyacaq. 49 ölkədən 6 minə yaxın idmançı gələcək. Onların yanında minlərlə turist gələcək. Bu turistlərin ölkəmizi daha yaxından tanıması, ölkəmizin təbliği üçün mühüm üstünlükdür”.

Millət vəkilinin sözlərinə görə, biz xərcimizin yanında gəlirimizi də hesablamalıyıq. Beynəlxalq standartlara görə, bir turist bir ölkədə bir həftə qalırsa, minimum min dollar pul xərcləyir. Bu turistlər həmin pulu bizim ölkəmizdə xərcləyəcək. Təbii ki, bu turistlər Azərbaycan mədəniyyətini, tarixini gördükdən sonra onunla bağlı getdikləri yerlərdə yaxınları, əzizləri, dostlarına mütləq danışacaqlar.

Q. Paşayevanın bildirdiyinə görə, bu həm də Azərbaycana böyük bir etimaddır. Azərbaycanın siyasi, iqtisadi gücünü göstərən amildir: “Oyunların Azərbaycanda keçirilməsinə ölkələr səs veriblər. Yəni Azərbaycan belə yarışları keçirə biləcək ölkədir. Biz bundan öncə “Eurevision” mahnı müsabiqəsində belə bir təcrübəsi qazanmışıq. Prezidentimizin və Təşkilat komitəsinin rəhbəri Mehriban Əliyevanın rəhbərliyi altında görülən bu işlərin nəticəsidir ki, artıq Avropa Oyunlarının prezidenti bütün işlərin artıq başa çatdığını və Azərbaycanın oyunlara ən yüksək səviyyədə hazır olduğunu açıqladı”.

Millət vəkili qeyd edib ki, bu oyunlarla biz ölkəmiz, tariximiz, musiqimizlə bərabər həqiqətlərimizi də daha yaxından tanıda biləcəyik. Şəhərimizin bir neçə yerində Azərbaycan xəritəsi bilbordları quraşdırılacağını deyən Q. Paşayevanın sözlərinə görə, orada işğal olunmuş ərazilərimiz də qeyd ediləcək ki, hər gələn qonaq 20 faiz torpağımızın işğal altında olmasını görəcək.

“Bələdçilər də söhbətlərarası bu məsələləri diqqətə çatdıracaqlar. Bu bizim təbliğatımızda da rol oynayacaq. 20 gündən artıq Avropanın diqqəti Azərbaycanda olacaq. Bu, çox böyük hadisədir hamımız dəstəkləməli və öz məsuliyyətimizi dərk etməliyik. Bizim bir müsbət jestimiz ölkəmiz haqqında nə qədər müsbət imic yarada bilər. Mən insanlarımızı bu dönəmdə xüsusilə məsuliyyətli olmağa çağırıram. Heç kəsin ölkəmiz haqqında mənfi fikir formalaşdırmaq haqqı yoxdur. Biz biletləri alaraq, o tribunaları dolduraraq bu mövzuya nə qədər önəm verdiyimizi göstərəcəyik”, - deyə Q. Paşayeva bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm