• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezident İlham Əliyev: “Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilib” - MÜSAHİBƏ

  • Nida.az
  • 22 May 2015 19:25
  • 436 Baxış
Prezident İlham Əliyev: “Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilib” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "The Business Year" jurnalına müsahibə verib.

Publika.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

- Cənab Prezident, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sahəsində görülmüş işləri necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, əldə olunmuş nəticələr Azərbaycanda artıq liberal, rəqabətədavamlı iqtisadi sistemin formalaşdığını deməyə əsas verirmi?

- Müstəqillik illərində qarşımızda duran ən vacib məsələlərdən biri liberal, güclü, rəqabətədavamlı və modern iqtisadi sistemin yaradılması olmuşdur. 1993-cü ildən sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilməyə başlanmış liberal iqtisadi islahatların davam etdirilməsi, iqtisadiyyatın prioritet sahələrinin müəyyənləşdirilməsi və onların inkişafının stimullaşdırılması, investisiyaların təşviqi, məqsədli dövlət proqramlarının reallaşdırılması nəticəsində qısa zamanda iqtisadi sahədə strateji hədəflərə nail olunmuşdur. Son 10 ildə iqtisadiyyatın 3 dəfədən çox artması, işsizlik və yoxsulluq problemlərinin əsaslı şəkildə həlli, sosial və iqtisadi infrastrukturun yenidən qurulması, əhalinin rifahının davamlı yüksəlişi və əldə olunmuş digər uğurlu nəticələr hər bir dövlət üçün inqilabi sıçrayış kimi səciyyələndirilə bilər.

Düzdür, hazırda da enerji sektoru Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalır. Lakin karbohidrogen ehtiyatlarının hasilatından və satışından əldə olunmuş gəlirlərin bir hissəsini qeyri-neft sektorunun inkişafına yönəltməklə biz həm iqtisadiyyatımızın ənənəvi sahələrini yenidən qurduq, həm də informasiya-kommunikasiya texnologiyaları, turizm, kosmik sənaye, müdafiə sənayesi və digər bu kimi yeni istiqamətlər yaratdıq və inkişaf etdirdik. Son bir neçə ilin statistikasına əsasən, ümumi daxili məhsulun (ÜDM) istehsalında qeyri-neft sektorunun çəkisi ardıcıl olaraq yüksəlmiş və 2014-cü ildə 61 faizə çatmışdır. Bu isə Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının azaldığını açıq şəkildə göstərir.

Dünyanın mötəbər iqtisadi və maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın uğurları xüsusi qeyd olunur. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə yüksəlmiş və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birinciliyi əldə saxlayır.

- Siz 2014-cü ili "Sənaye ili" elan etmişdiniz. Sənayeləşmənin stimullaşdırılmasına yönəldilmiş milli təşəbbüslərin müvəffəqiyyətini necə qiymətləndirirsiniz?

- Müstəqilliyin ilk illərində Azərbaycan dərin sosial-iqtisadi böhranla üzləşmişdi. Bütün sənaye sahələri, hətta iqtisadiyyatımızın əsas lokomotivi olan neft sənayesi də tənəzzül etmişdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkədə mövcud olan siyasi böhran iqtisadi durumu daha da ağırlaşdırmışdı. Bununla belə, 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra cəmiyyət həyatında stabilləşmə dövrü başlanmış, ölkə iqtisadiyyatı bərpa edilmiş, sənayedə ciddi geriləmə aradan qaldırılmışdır.

Sonrakı dövrdə, xüsusilə də son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir hissəsi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun, sənayenin inkişafına yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuş, ümumilikdə isə həmin illərdə Azərbaycanda sənaye istehsalının həcmi 3 dəfə artmışdır.

2014-cü il “Sənaye ili” elan olunduqdan sonra “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuş, sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri ilə bağlı ixtisaslı kadrların hazırlanması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

“Sənaye ili” çərçivəsində 200-dək, o cümlədən 40-dan çox orta və iri müəssisə açılmışdır. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayırıq. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bunu bariz şəkildə təsdiq edir. Təsadüfi deyil ki, həmin il fevralın 8-də ölkəmiz üçün tarixi hadisə baş verdi -“Azərspace-1” ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşuldu. Ötən il dekabrın əvvəlində isə sayca ikinci olan “Azersky” müşahidə peykinin “Azərkosmos” ASC-yə təhvil verilməsi Azərbaycanda elmtutumlu sənayenin inkişafına böyük diqqət göstərildiyinin əyani təzahürüdür.

Sənayeləşmə siyasətində milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi də prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Artıq Milli Ordumuz bir sıra silah və hərbi ləvazimatlarla yerli istehsal hesabına təmin olunur, hərbi sənaye məhsullarımız beynəlxalq sərgilərdə nümayiş etdirilir, hətta ixrac üçün ilkin satışlar da həyata keçirilmişdir.

Məlumdur ki, 2013-cü ilin sentyabrında Bakı gəmiqayırma zavodu istifadəyə verilmiş, ölkəmiz həm neft-qaz əməliyyatları, həm də hərbi məqsədlər üçün tankerlər və yük gəmilərinin istehsalına başlamışdır. Bakı gəmiqayırma zavodu gələcəkdə həm də region ölkələrinin bu sahədə ehtiyaclarını ödəyə biləcək nəhəng istehsal müəssisəsidir.

Ümumən, biz qeyri-neft sektorunun inkişafına həm ölkənin daxili tələbatını ödəmək, həm də ixrac potensialımızı genişləndirmək üçün əlavə imkan kimi baxırıq. Azərbaycanın həm kənd təsərrüfatı, həm də qida sənayesi məhsullarına bizim ənənəvi bazarlarda böyük tələbat var. Bundan əlavə, yeni bazarlara çıxmaq üçün də yollar axtarırıq. Eyni yanaşma inşaat materialları istehsalına da tətbiq olunur.

Biz ölkənin inşaat sektorunu sementlə artıq tam şəkildə təmin edirik. Ötən il istifadəyə verilən ən böyük yeni sement zavodu bu sahədə idxaldan asılılığımızı tam şəkildə aradan qaldırıb. Eyni zamanda, sement istehsalında əlavə həcmlər var və ixrac imkanlarımız da artacaq. Biz alüminium, poladtökmə, metallurgiya sənayesini də inkişaf etdiririk. Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə davam etdiriləcək. Çünki Azərbaycanda həm kifayət qədər xammal, həm də lazımi sənaye potensialı var.

Sənaye sahəsində zəngin təcrübəsi olan Sumqayıt, Mingəçevir və Gəncədə müvafiq olaraq kimya, toxuculuq və metallurgiya sahələrinin inkişafı üçün tədbirlər davam etdirilir. Bu gün Sumqayıt, sadəcə, Azərbaycanın deyil, həm də Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilmişdir. Azərbaycanda yeni sənaye mərkəzlərinin yaradılması prosesi davam etdirilir. Qarşıda duran işləri həyata keçirmək üçün bizim potensialımız, maddi resurslarımız, ixtisaslı kadrlarımız, işçi qüvvəmiz, ən əsası siyasi iradəmiz vardır.

- Azərbaycanda biznes və investisiya fəaliyyətinin daha da asanlaşdırılması üçün əlavə hansı addımlar atılmışdır?

- Son 11 il ərzində Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiya qoyulmuşdur. Bu, ölkədə yaradılmış sabitliyin, normal biznes mühitinin nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya yatırılmışdır ki, bunun da 11 milyardı xarici sərmayədir. Bu da bir daha göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Çünki indiki şəraitdə 11 milyard dollar xarici investisiya cəlb etmək istənilən ölkə üçün böyük uğur hesab oluna bilər.

Keçən il martın 3-də sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanmışdır. Biz Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması sahəsində məqsədyönlü tədbirləri davam etdiririk.

Təsadüfi deyil ki, biznes mühitinin inkişaf etdirilməsi sahəsində atılan addımlar nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumlarının da diqqətini cəlb edir. 2015-ci ilin “Doing Business” hesabatına görə, Azərbaycan ən çox islahat aparan 10 ölkədən biridir. Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə dünyada 10-cu, biznesə başlamağa görə isə 11-ci yerdədir.

“Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi 2014” hesabatında isə respublikamız 186 ölkə arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən azad ölkələr sırasına daxil olmuşdur.

Azərbaycanda makroiqtisadi vəziyyətin sabitliyi, qeyri-neft sektorunun davamlı inkişafı, böyük maliyyə potensialının mövcudluğu, həmçinin sağlam rəqabət və investisiya mühitinin təmin edilməsi həm xarici sərmayəçilərə, həm də yerli iş adamlarına əlavə nikbinlik verir.

- Davos şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunda dünya liderləri "Yeni qlobal kontekst"i müzakirə etmişlər. Siz, həmçinin “Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda keçirilmiş sessiyada çıxış etdiniz. “Yeni kontekst” Azərbaycan üçün nədir?

- 2008-ci ildən etibarən Davos Ümumdünya İqtisadi Forumunda əsasən iqtisadi və maliyyə sistemində böhrandan çıxış yolları müzakirə olunur. Bu il “Yeni qlobal kontekst” adlandırılan yubiley forumunun iştirakçıları inkişaf və sabitlik, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiyalar və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. Bütün bu müzakirə və fikir mübadilələrinin başlıca məqsədi dünyada siyasi və iqtisadi kataklizmlər fonunda inkişafa, tərəqqiyə, qarşılıqlı faydalı əməkdaşlığa yol aça biləcək yeni birgəyaşayış modelinin müəyyənləşdirilməsi və təşviqidir. Biz müstəqillikdən sonra nəinki mənfidən müsbətə doğru dəyişən, həm də vəziyyətin gərginləşdiyi, get-gedə daha çox münaqişə, hədələr, terrorizm təhlükəsinin mövcud olduğu regionda yaşayırıq. Lakin qarşılıqlı faydalı əməkdaşlıq eləcə də ölkə hüdudlarından kənarda müəyyən dərəcədə proqnozlaşdırılan vəziyyət olduğu təqdirdə mümkündür. Buna görə də Azərbaycanın həyata keçirdiyi siyasət, reallaşdırdığı nəhəng transmilli layihələr regionda və daha geniş arealda proqnozlaşdırıla bilən mühitin yaradılmasına yönəlmişdir.

Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində Azərbaycan həm də Avropanı Asiya ilə birləşdirən ölkəyə çevriləcəkdir.

Xəzər dənizi hövzəsində ən böyük dəniz ticarət limanı Azərbaycanda tikilir. Artıq ötən il Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Ticarət limanının tam şəkildə yaxın iki il ərzində istifadəyə veriləcəyini gözləyirik. Bu limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Bununla da Xəzərdə yük daşımalarının həcminin artırılması gözlənilir.

Hava nəqliyyatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal binası tikilmişdir. Bölgələrdə isə 6 aeroport inşa edilmişdir ki, onlardan 4-ü beynəlxalq aeroportdur. Beləliklə, bu gün ölkəmizdə 5 beynəlxalq aeroport vardır. Artıq Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə bir regional mərkəzə çevrilibdir.

Azərbaycanın liderliyi ilə həyata keçirilən enerji layihələri Azərbaycan xalqının rifahı ilə yanaşı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə xidmət göstərir. Hazırda reallaşdırılan “Cənub” qaz dəhlizi layihəsi də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.

Göründüyü kimi, bizim nəqliyyat və enerji layihələrimiz Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır və mürəkkəb geosiyasi proseslər fonunda qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

Azərbaycan həm də qlobal təhdidlərə, o cümlədən terrorizmə qarşı mübarizənin fəal iştirakçısıdır və beynəlxalq antiterror koalisiyasının üzvlərindən biridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən biri terrorizmə qarşı mübarizəyə həsr olunmuşdur. Çünki terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycan kifayət qədər problemlərlə üzləşmişdir. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilmiş, nəticədə 2000-dən artıq soydaşımız qətlə yetirilmişdir.

Azərbaycan üçün çağırış həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bu tipli problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsidir. Biz 20 ildən artıqdır ki, Ermənistanın işğalından əziyyət çəkirik. Təəssüf ki, bu gün dünyada mövcud olan ikili standartlar, bəzi hallarda işğalçı ilə işğala məruz qalan tərəflərin eyniləşdirilməsi münaqişənin həllini ləngidir. Hesab edirəm ki, keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni beynəlxalq hüquq normaları prizmasından baxılmalı, onların həlli üçün eyni yanaşma tətbiq edilməlidir. Çünki hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır.

Forumda da qeyd edildiyi kimi, 2015-ci ildə biz yolayrıcındayıq: bir tərəfdə ayrı-seçkilik, fundamentalizmə, nifrətə, qarşılıqlı ittihamlara şərait yaradan meyillər, digər tərəfdə isə həmrəylik və əməkdaşlığa aparan yol var. Azərbaycanın inkişaf, əməkdaşlıq və inteqrasiya modeli siyasi və iqtisadi proseslərin proqnozlaşdırılması, ümumi maraqların təmin edilməsi üçün etibarlı zəmin yarada bilər.

- Xəzər dənizindən “Cənub” qaz dəhlizi vasitəsilə Avropaya ilk qazın 2019-cu ildən etibarən nəql ediləcəyi gözlənilir. Bu baxımdan, gələcəkdə qlobal enerji təhlükəsizliyinə münasibətdə Azərbaycanın necə rol oynayacağını düşünürsünüz?

-2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm bir addım atmışdıq. Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir.

Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr həm də “Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə bağlı gərgin iş aparır və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. “Cənub” qaz dəhlizi bu gün Avropada ən böyük infrastruktur layihəsidir. Azərbaycan isə Avropaya yaxın zamanlarda nəql edilə biləcək qazın yeganə yeni mənbəyidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, “Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu – TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik- TAP layihəsinin tikintisi “Cənub” qaz dəhlizini formalaşdıran seqmentlərdir.

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir, proqnozlaşdırılan ehtiyatların həcmi isə bundan iki dəfə artıqdır. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Hazırda “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu tarixin çox böyük rəmzi mənası var idi. Çünki bölgənin enerji xəritəsini dəyişmiş “Əsrin müqaviləsi” məhz 20 il əvvəl bu tarixdə imzalanmışdır. Bu ilin fevralında Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin Məşvərət Şurasının iclası keçirilmişdir ki, bu da görüləcək işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur. Cari il martın 17-də isə Türkiyənin Qars vilayətində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin, həmçinin Avropa İttifaqı və ABŞ-ın nümayəndələrinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasiminin keçirilməsi “Cənub” qaz dəhlizinin reallaşdırılması baxımından olduqca əlamətdar hadisədir.

“Şahdəniz-2” və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın neft strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni vəziyyətin yaranmasına səbəb olacaq. Çünki “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsi kimi Avrasiyada yeni əməkdaşlıq formatının əsasını qoyur. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. İndi isə Yunanıstan, Albaniya və İtaliyanın bu prosesə qoşulması həmin formatı daha da genişləndirir. Eyni zamanda, “Nabukko” layihəsinin üzvü - Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da bu layihələrə qoşula bilər. Biz digər Balkan ölkələrinə də Azərbaycan qazının çatdırılmasını istəyirik. Hesab edirik ki, bu ölkələrlə həm istehlakçı, həm tranzit ölkələr kimi tərəfdaşlıq edə bilərik. Beləliklə, yeni əməkdaşlıq formatında iştirak edən dövlətlər həm də təbii müttəfiqlərə çevrilirlər və nəticə etibarilə Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaqdır. Buna görə də “Cənub” qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür.

- Bu ilin iyununda Azərbaycanda l Avropa Oyunları keçiriləcək. İlk oyunlara ev sahibliyi edən bir şəhər olaraq Bakıda hansı nadir cəhətlər nəzərdə tutulur? Eyni zamanda, Oyunlar Azərbaycanın idman həyatında hansı izlər qoyacaq?

- Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Eyni zamanda, biz bunu Azərbaycana beynəlxalq miqyasda göstərilən marağın təzahürü kimi dəyərləndiririk. Son 10 ildə Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm uğurlar, beynəlxalq arenada yürütdüyümüz müstəqil, fəal siyasət ölkəmizin nüfuzunu daha da yüksəltmişdir. Həmçinin həyata keçirilmiş nəhəng quruculuq və abadlıq işləri nəticəsində Bakı dünyanın ən gözəl, ən müasir şəhərlərindən birinə çevrilmişdir. Ümid edirəm ki, Bakı qonaqlar və idmançılar üçün gözəl məkan olacaqdır.

Azərbaycan həm də beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindəndir, idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə qazandığı uğurların sayı ildən-ilə artır. Azərbaycanın əksər bölgələrində müasir standartlara uyğun Olimpiya kompleksləri, digər idman qurğuları yaradılmışdır. Bu, həm də Azərbaycanda idmanın kütləviliyini şərtləndirən mühüm amillərdən biridir.

Azərbaycan çoxsaylı beynəlxalq və regional səviyyəli tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanmışdır. Bu günədək Bakıda siyasi, iqtisadi, humanitar, idman və digər sahələrdə mühüm beynəlxalq tədbirlər uğurla keçirilmişdir.

Bu il iyunun 12-dən 28-dək baş tutacaq ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.

Avropa Olimpiya Komitəsinin dəstəyi ilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı güclü beynəlxalq komanda formalaşdırılmış və artıq hazırlıq işləri yekunlaşmaq üzrədir. Müasir idman infrastrukturunun yaradılması sahəsində genişmiqyaslı iş aparılmışdır. Tədbirlərin keçiriləcəyi idman obyektlərinin böyük əksəriyyətinin tikintisi başa çatmışdır və ya son tamamlanma işləri görülür. Ümumilikdə, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. Paytaxtın nəqliyyat infrastrukturu təkmilləşdirilmiş, müvafiq təhlükəsizlik tədbirləri görülmüş, qonaqların, idmançıların qarşılanması, yerləşməsi, məşqlərin keçirilməsi və digər təfərrüatlar tam nəzərə alınmışdır.

Hesab edirəm ki, Avropa Oyunları müxtəlif idman növlərinin ölkəmizdə təbliği, yeni nəsil idman mütəxəssislərinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin Oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat vasitəsi olacaqdır. Ölkə əhalisinin üçdə ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə idmanın təşviq etdiyi amallar haqqında məlumatlar alacaqdır. Avropa Oyunlarının keçirilməsi üçün yaradılmış infrastruktur şəhərimizin və ölkəmizin gələcəkdə digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini də asanlaşdıracaq. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik, eyni zamanda, ilk dəfə olaraq “Formula-1” yarışları regionumuza gələcəkdir. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

İki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa Olimpiya, həm də İslam Həmrəyliyi oyunlarının keçirilməsinin rəmzi mənası vardır. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli, çoxkonfessiyalı və çoxmədəniyyətli ölkədir. Bu gün Azərbaycan daha çox aktuallaşan sivilizasiyalararası dialoqa öz dəyərli töhfəsini verir.

Düşünürəm ki, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olacaqdır.

Bir sözlə, bizim güclü potensialımız, mükəmməl idman infrastrukturumuz, böyük beynəlxalq tədbirləri təşkil etmək sahəsində yaxşı təcrübəmiz vardır və əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq. Bu, həmçinin dörd ildən sonra keçiriləcək növbəti Oyunlara bələdçi hadisədir və Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdiriləcək.

- Dünya arenasında Azərbaycanın əhəmiyyətinin artmasını şərtləndirən amillərdən biri də ölkənizin fəal xarici siyasətidir. 2014-cü ildə Azərbaycanın xarici siyasətində hansı məqamları xüsusi qeyd etmək istərdiniz və 2015-ci il üçün prioritet sahələr hansılardır?

- Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur.

Ötən il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından kifayət qədər uğurlu dövr olmuşdur. Ölkəmiz beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş, üzv və tərəfdaş olduğu təşkilatlarla, ayrı-ayrı dövlətlərlə əlaqələrini daha da dərinləşdirmişdir. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi 6 ay müddətində Azərbaycan korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçməklə yanaşı, demokratiya, insan hüquqları, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə də geniş diqqət ayırmış, bir sıra səmərəli təşəbbüslərlə çıxış etmişdir.

Azərbaycanın korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi institusional islahatlara nümunə olaraq “ASAN xidmət” mərkəzlərini göstərə bilərik. Hazırda “ASAN xidmət” mərkəzlərində 30 növ hüquqi, 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Ümumilikdə fəaliyyətə başladığı 2012-ci il dekabrın 29-dan bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub. Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunması, Azərbaycanın haqq səsinin Avropa ictimaiyyətinə daha dolğun çatdırılması ölkəmizin bu nüfuzlu qurumun ali orqanına rəhbərliyi dövründə əldə edilmiş uğurlardır. 2014-cü ilin iyununda ATƏT Parlament Assambleyasının Bakıda keçirilmiş sessiyasında qəbul olunmuş Bəyannamədə ölkələrin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi bir daha vurğulanmışdır.

Azərbaycan tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanmışdır. 2012-ci ildə Azərbaycan Meksikada “Böyük iyirmiliyin” sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olmuşdur. 2011-ci ildə seçkilərdə 155 dövlətin dəstəyini qazanmış ölkəmiz iki il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş və iki ay həmin ali quruma sədrlik etmişdir. Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək “Böyük iyirmilik” sammitinə də dəvət almışdır.

Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilir. Qarşıdan gələn dövrdə biz düşünülmüş xarici siyasət kursumuzu davam etdirəcəyik, Azərbaycanın suveren hüquqlarının, milli maraqlarının təmin edilməsi, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həlli, bütün regionumuz, Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng transmilli enerji layihələrinin davam etdirilməsi və digər əhəmiyyətli məsələlər qarşıdan gələn dövrdə də diqqət mərkəzində olacaqdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR