Dünyanın “demokratiya elçiləri” – FOTOLAR
Bizi izləyin

Nida.az

Dünyanın “demokratiya elçiləri” – FOTOLAR

İndi Azərbaycan dövləti tarixinin ən önəmli dövründən birini yaşayır. Bakı dünya tarixində ilk dəfə olaraq I Avropa Oyunlarına ev sahibliyi edir. Müstəqillik qazanandan sonra Azərbaycanın bu cür mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi birinci hal deyil. Bu gün isə Azərbaycan tarixin ən yadda qalacaq idman tədbirinə ev sahibliyi edərək, çox dövlətin bacara bilmədiyi işlərin öhdəsindən layiqlə gəldiyini ortaya qoydu.

Şübhəsiz ki, buna sevinənlərlə yanaşı, sevinməyənlər tapıldı. İndi idmanı siyasiləşdirən bu cür qüvvələr Azərbaycanda insan haqları, müstəqil seçim və iradədən bəhs edir, ancaq eyni zamanda bütün haqlarımıza müdaxilə edir. Ən əsası, yaşamaq haqqımız olmaqla, müdafiə, tarix, siyasət və mədəniyyət haqlarımız əlimizdən almağa çalışılır. Bütün bunları isə “azad iradə” adı ilə həyata keçirirlər.

Dünyanı idarə etməyə çalışan bəzi dairələr hər ölkədən özləri üçün əlaltı qruplar formalaşdırıb, məzlum millətləri ölümə, münaqişələrə cəlb edirlər. Bu gün Qərbin dünyada yaratmaq istədiyi real vəziyyət məhz belədir. Sadəcə Azərbaycan deyil, bizim kimi bir çox ölkələr oxşar taleyi yaşayır.

Qərbin demokratiya meyarı...

Bu gün Qərbin dünyada “azad iradə”, “demokratiya”, “insan haqları” adı ilə hansı fırıldaqlıqdan çıxdığını izah etməyə o qədər də ehtiyac yoxdur. Çünki bu artıq açıq-aşkar müşahidə edilir.

Azadlıq və demokratiya – ABŞ və Avropa özünü dünyada bu iki anlayışın “elçisi” hesab edir. Sanki, Qərbin əlində hər hansı demokratiya ölçən alət var imiş.

Əslində, Qərb üçün demokratiya nədir? Yeni dünyada hədəf ölkələrə bomba yağdırmaq, işğal etmək və yaxud da öz kölələrini hakimiyyətə gətirmək. Onların düşüncəsində, əgər bir ölkə müstəqil siyasət yürüdürsə və onlara itaət etmirsə, o zaman həmin ölkə ya xaosa sürüklənib bombalanmalı, ya da çevrilişlərlə xalqın seçdiyi rəhbər iqtidardan salınmalıdır. Sanki, NATO qüvvələri işğal etdikləri ölkələri hər dəfə bombalayan zaman həm də “demokratiya mərmisi” səpələyir. Onların demokratiyası məhz budur.

CİA-nın təqaüddə olan əməkdaşı ABŞ-ı necə ifşa edir...

Diqqətlə oxuyub görün ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq əməkdaşı (1957-1968-ci illərdə) Filip Age Qərbin dünyaya sırımaq istədiyi “demokratiyanı” necə ifşa edir: “CİA üçün demokratiyanın heç bir mənası yoxdur. Əgər hər hansı ölkədə seçilmiş bir hökumət varsa və bizimlə əməkdaşlıq edirsə, onların demokratik vəziyyəti bizim üçün məqbuldur və bu, bizi narahat etməz. Əgər bizimlə əməkdaşlığı rədd edərsə, bax o zaman həmin ölkələrdə demokratiya lazımı səviyyədə deyil”.

Digər bir ifşaedici çıxış. Böyük Britaniyanın baş naziri Devid Kameron tonlarla bombanı hədəf ölkənin üzərinə boşaldandan sonra belə demişdi: “Sivil vətəndaşların təhlükəsizliyinin təmin olunması bizim üçün hər zaman birinci vəzifədir...”

İqtisadi işğal...

Bu gün dünyanın hər yerində “iqtisadiyyat nişançıları” müxtəlif formada “bombardmanlar” hazırlayır. İndi dünyaya ağalıq edən “güc dövlətləri” Azərbaycan kimi kiçik dövlətlərə iqtisadi yatırımlar qoyan zaman heç də yalnız biznes maraqlını düşünmürlər. Onlar vəsait yatırdıqları kiçik ölkələrdə “kök” atdıqdan sonra, tədricən başqa maraqları da üzə çıxır. Bununla bağlı ABŞ-ın tanınmış politoloq və keçmiş dövlət xadimi Zbiqnev Bjezinski belə deyirdi: “Bu gün “güc dövlətlərinin” yeni müstəqillik qazanan ölkələrə qarşı siyasəti artıq dəyişib. İndi qlobal iqtisadiyyatı daha çox beynəlxalq inhisarçı şirkətlər və banklar idarə edir...”

Qərb üçün belə idarəetmə forması “demokratiya” hesab olunur.

Hələ ötən əsrin sonlarında tanınmış amerikalı bankir və iş adamı David Rockefeller deyirdi ki, dünya bankirləri və qlobal elita dünya xalqlarını müstəqilləşdirəcək. Biz bu “müstəqilləşmə” siyasətini Əfqanıstan, Pakistan, Kosovo, Bosniya və Hersoqovina, İraq, Misir, Liviya, Suriya və digər dövlətlərin timsalında gördük. Bu gün həmin dövlətlərin vəziyyətinə baxın. Qərbin təqdim etdiyi “azadlıq və demokratiya” ilə bu ölkələr nəyi qazanıblar, nəyi itiriblər?

Şübhəsiz ki, 21-ci əsrdə “azadlıq və demokratiya” anlayışı Qərbin silah şirkətlərinin əsas gəlir mənbəyinə çevrilib. Çünki qlobal güclər bu silahlarla həm yeni-yeni ölkələri işğal edirlər, həm də milyardlarla vəsait qazanırlar.

Bu gün İraqda bir tərəfdə “demokratik seçkilər” keçirilir, digər tərəfdə isə ölkə qan gölünə çevrilib. Hər gün kütləvi dağıntılar və münaqişə. Qərbin gətirdiyi faciələr insanları nəyin mübarizəsini apardığını belə unutdurub. Onlar üçün seçkinin heç bir əhəmiyyəti qalmayıb. Elə Filip Agenin dediyi kimi, ABŞ üçün də.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm