“Bakı 2015 müstəqillik dövrümüzün ən böyük tədbiri idi” - Əli Əliyev
Bizi izləyin

Nida.az

“Bakı 2015 müstəqillik dövrümüzün ən böyük tədbiri idi” - Əli Əliyev

“Birinci Avropa Oyunları Azərbaycanın müstəqillik tarixində ölkəmizdə keçirilmiş ən irimiqyaslı tədbir idi. Biz indiyə qədər respublikamızda müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirmişik. Lakin profilindən, ixtisaslaşmasından, təmsilçilik baxımından ən böyük rəsmi tədbir məhz birinci Avropa Oyunları idi”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Publika.az-a açıqlamasında ölkəmizdə keçirilmiş ilk qitə oyunlarının tarixi əhəmiyyətindən danışarkən belə deyib.

O bildirib ki, Avropa dövlətlərinin rəsmiləri, idmançılar, turistlər, mətbuat nümayəndələri ilk qitə oyunlarına hədsiz marağın göstəricisi idi: “Mənə elə gəlir ki, bu, ilk növbədə Azərbaycanın təbliğatı üçün faydalı olan tədbir idi. Həm açılış, həm də bağlanış mərasimlərində Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, coğrafiyası, ənənələri, tətbiqi xalq sənətkarlığı nümayəndələri və digər dəyərlərimizi, milli sərvətlərimizi dünyaya təqdim etdik. Hər iki tədbiri ayrı-ayrılıqda bir milyarda yaxın insan izləyirdi”.

Bu, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə müsbət rəyin formalaşmasına səbəb oldu: “Düşmən ölkə Ermənistan hər vəchlə bu oyunları gözdən salmağa çalışdı. Habelə bəzi xarici qüvvələr anti-Azərbaycan kampaniyasına başladılar. Daxildə də buna qarşı çıxanlar vardı. Tərəflərin hamısı bu tədbirə öz maraqlarına uyğun şəkildə yanaşırdı. Lakin paytaxt əhalisinin mütəşəkkilliyi, könüllülərin təmənnasız fəaliyyəti, müvafiq qurumların yüksək təşkilatçılıq qabiliyyəti, ölkəmizin ictimai fəal çevrəsinin bu prosesə göstərdiyi layiqli mövqe çox mühüm idi. Bütün bunlar ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına, keçirilməsinə əlverişli şərait yaratdı. Sadalananlar Azərbaycan cəmiyyətinin yetkinliyindən xəbər verir”.

Bu cür vahid mövqe oyunların təşkilində, bütün işlərin uğurla nəticələnməsində həlledici amillərdəndir: “Bir sıra mətbu orqanları oyunların ikinci yarısında artıq susmuşdular. Bu, cəmiyyətin layiqli mövqe nümayişinin nəticəsi idi. Bu həm də gələcəkdə Qarabağ probleminin həlli üçün çox böyük addım idi”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm