Nida Təhlil
İlham Əliyev və Trampın Ər-Riyad səfərinin şifrələri - TƏHLİL
ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə
Ərəbistanına etdi. “Ərəb NATO-su” planının ilk konturlarının
hazırlanması müzakirə edildi. Ər-Riyadda Ərəb-İslam-Amerika sammiti
keçirildi. Və bütün bunların fonunda diqqət çəkən əsas məqam
Azərbaycan Prezidenti İlham Əliyevin də bu sammitdə iştirakı idi.
Geosiyasi mənzərədə yeni və qlobal proseslərə start verilir və
görünən budur ki, Bakı bu prosesin mərkəzində yer
alacaq.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfəri və
Ərəb-İslam-Amerika sammitində iştirakı coğrafi və strateji
mənzərədə Azərbaycanın əhəmiyyətini ortaya qoydu. Bu həm də
Azərbaycanın İslam dünyasındakı vacib faktorlardan biri olması
deməkdir. Lakin məlumdur ki, ciddi siyasi proseslər cərəyan edir,
hansı ki, baş verənlər regionun da mənzərəsini dəyişdirə bilər.
Burada Bakının manevrləri, eləcə də Azərbaycana ehtiyacın artması
amilləri də aydın görünməkdədir.
Əslində Trampın Səudiyyəyə səfəri ilə Azərbaycanın
Ərəb-İslam-Amerika sammitinə dəvəti təsadüfi deyil. Hər şey ABŞ
prezidentinin ilk xarici səfərini məhz Səudiyyə Ərəbistanına
etməsində gizlənib.
Trampın Ər-Riyada gəlişində Vaşinqtonun iki faktor ön
plandadır.
Silah: Səudiyyə Ərəbistan Amerika hərbi sənayesi
üçün həmişə gəlirli bazarlardan olub. Ər-Riyad-Vaşinqton
münasibətlərinin soyuduğu Obama dövründə belə ABŞ ərəblərə 60
milyard dollarlıq silah sata bilmişdi. Trampın gəlişi ilə iki ölkə
arasında yaranmağa başlayan buzlar da əriyir. Artıq ABŞ
prezidentinin Ər-Riyad səfərində 10 il müddətini əhatə edən 480
milyard dollarlıq silah müqaviləsinin imzalandığı haqda məlumatlar
var. Bu, Amerika hərbi sənayesi üçün böyük rəqəmdir. Burada bir
məqamı xüsusi vurğulamaq lazımdır: ABŞ-la Səudiyyə
Ərəbistanı arasında 350 milyard dollarlıq silah müqaviləsi
imzalanırsa, Ər-Riyadıın yaxın gələcəkdə qarşıdurmada olduğu bir
“xarici düşmən” mütləq olacaq və bu, heç şübhəsiz ki, İrandır. Və o
da diqqətdən yayınmamalıdır ki, İran-Səudiyyə qarşıdurmasında daim
maraqlı olan ABŞ bununla İslam dünyasının sünni-şiə cəbhəsinin
müharibəsi ilə yorğun salmaqla yanaşı, Ər-Riyada öz silahını satmaq
hədəfi də güdür.
İran: Tramp prezident seçilən kimi Obama
Administrasiyasının İranla nüvə danışıqlarını kənara qoydu və
Tehrana qarşı sanksiyaların tətbiqini yenidən gündəmə gətirdi.
Bununla Vaşinqton iki hədəfə eyni həmlə ilə nail olmaq istəyir.
Birinci: İsrail-İran qarşıdurmasında Təl-Əvivin
yanında olmaq və yəhudilərin İranla bağlı planlarını həyata
keçirmək. Trampın Ər-Riyaddan sonra İsrailə səfər etməsi də bu
prosesin davamıdır.
İkinci: Yaxın Şərq strategiyasına
maneə olan İranı blokadaya almaq.
Suriyada Rusiya-İran, həm də dolayısı ilə Çinlə qarşılaşan
Vaşinqton bu qüvvələrin hər hansı biri ilə ittifaqa getmək siyasəti
yürütmədi, əksinə ənənəvi “parçala və hökm et” prinsipini qlobal
müstəviyə daşıdı: Koreya yarımadasında gərginliyi artıraraq Çinin
diqqətini öz sərhədlərinə yönəltdi; Şərqi Avropada NATO cəbhəsini
gücləndirməklə ruslara da eyni ssenarini tətbiq edir; Hətta
“müttəfiq” adlandırdığı Türkiyəni də YPG-yə (PKK-nın Suriya qolu
olan PYD-nin silahlı qanadı) silah verməklə cənub sərhədlərindən
vurmaq niyyətindədir; İranla nüvə danışıqlarını ləğv edir,
sanksiyaların tətbiqini önə çəkir və ona qarşı sünni ittifaqı
qurur.
Beləliklə, Suriyada əsas oyunçu olan Rusiya və İran sıxışdırılır,
Türkiyə YPG problemi ilə əlləşir, Çinin başı öz sərhədlərində
müharibə təhlükəsinə qarışır və Suriya, həm də Yaxın Şərq
amerikalılara qalır.
Amerika Trampın Ər-Riyada gəlişi İrana qarşı böyük həmləsinə start
verdi: “Ərəb NATO-su”.
Sünni ölkələrdən yaradılan hərbi ittifaq ABŞ-ın bölgədə gücünü
artıracaq; Əsas hədəf olan İran və onun dəstəklədiyi şiə
hakimiyyətlər – Suriyada, Bəhreyndə, eləcə də İraqda – olacaq; Ən
maraqlısı odur ki, bu ittifaqın bütün maliyyə məsələlərini üzv
ölkələr həll edəcək, yəni Amerika bir sent belə xərcləmədən bölgəni
ələ alır. Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-Amerika
sammiti bu prosesin başlanğıcı oldu.
Və Azərbaycan prezidentinin bu sammitdə iştirakı belə təəssürat
yaradır ki, Bakı İrana qarşı cəbhədə yer alır.
Amerika Azərbaycanın İrana hücumda yer almasının çox istəyir.
Trampın Ağ Evə gəlişindən sonra regionda ABŞ-İsrail-Azərbaycan
üçbucağının yaranacağı haqda ehtimallar gündəmə gəldi. Belə bir
üçbucağın yaranması, Vaşinqton və Təl-Əviv üçün Tehranı
sərhədlərindən vurmaq planının bir hissəsi hesab oluna bilər.
Azərbaycan liderinin Ərəb-İslam-Amerika sammitə dəvətinin də
dolayısı ilə buna hesablandığını düşünmək olar. Lakin rəsmi Bakı
Tehranın “vurulmasında” müstəvi olacaqmı? Bu sualın cavabı konkret
deyil.
Oğul Buşun dövründə İran-Amerika qarşıdurması ən pik həddə idi,
lakin Tehranın bütün iddialarına rəğmən, Bakı qonşusuna qarşı
hücumda platforma olmadı. Bu baxımdan, Azərbaycanın yenə eyni
siyasi xətti davam edəcəyi şübhəsizdir. Lakin Azərbaycanın
Ərəb-İslam-Amerika sammitinə dəvəti qəbul etməsinin əsas səbəbi
balanslı və müstəqil siyasət prinsipidir. Bakı İranla yanaşı,
Səudiyyə Ərəbistanı ilə də münasibətləri saxlayır, Rusiya ilə
yanaşı, Amerika ilə də əlaqələrə malikdir.
İndiki məqamda Bakının bu gedişinin arxasında isə
bir sıra səbəblər var:
a) Səudiyyə Ərəbistanından fərqli olaraq İran işğalçı Ermənistana
açıq dəstək verir. Bakı Tehrana məhz işğalçıya dəstək verməyin həm
də öz maraqlarına uyğun olmadığı mesajını verir.
b) Amerikanın təşkilatçısı olduğu platformada iştirak həm də
Rusiyaya “müstəqil siyasət” mesajıdır.
c) Burada işğalçı Ermənistanla heç bir diplomatik əlaqə saxlamayan
Səudiyyə Ərəbistanına dəstək faktoru də rol oynayır.
Bakının Ər-Riyaddakı sammitdə iştirakı və perspektivdə “Ərəb
NATO-su”nda (buna həm də “İslam NATO-su” da deyilə bilər. Çünki
ərəb ölkələri ilə yanaşı sammitə Azərbaycan, Qazaxıstan və Pakistan
da dəvət olunmuşdu) yer alması imkanlarını saxlaması Azərbaycanın
strateji maraqlarına uyğun addım hesab oluna bilər:
1. Bakı böyük ehtimalla bu gedişi Ankara ilə konsultativ şəkildə
edib. Çünki Ərdoğanın Vaşinqton səfəri ABŞ-ın YPG-yə dəstəyi
dayandırması ilə yekunlaşmadı. Hazırda ABŞ-Türkiyə münasibətləri
gərgindir və bu gərginlik fonunda Azərbaycanın qardaşının əleyhinə
getməyəcəyi də şübhəsizdir. Deməli, Bakı bu prosesdə həm də
Ankaranı təmsil edəcək.
2. Amerikanın təşkilatçısı olduğu platformada iştirak Azərbaycanın
əhəmiyyətini Rusiya üçün daha da artıracaq. Bu isə rusların işğalçı
siyasətə son qoyması üçün Ermənistana təzyiqini artıra bilər.
3. Bu, həmçinin, İrana da işğalçıya dəstək verməyin nəticələrini
anlamağa imkan verəcək.
4. “Ərəb (İslam) NATO-su”nun ilkin hədəfi İran olsa da, bu
gələcəkdə ittifaqa üzv dövlətlərin təhlükəsizliyində də mühüm rol
oynaya bilər. Azərbaycan bu ittifaqda yer alarsa, hərbi ittifaqın
işğalçı Ermənistana müdaxilə imkanı da yaranacaq. Bu ittifaqın
memarının Amerika ilə yanaşı, Azərbaycanla sıx əlaqələrə malik
İsrailin də olduğunu nəzərə alsaq, hesab etmək olar ki, Bakı bu
prosesdən uduşlu çıxacaq.
Asif Nərimanlı
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR