Prezidentdən dünyaya ədalət dərsi və BMT-yə MESAJI - Hikmət Babaoğlu ŞƏRH EDİR
Bizi izləyin

Nida Xəbər

Prezidentdən dünyaya ədalət dərsi və BMT-yə MESAJI - Hikmət Babaoğlu ŞƏRH EDİR

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış həm Azərbaycan həqiqətlərinin nüfuzlu beynəlxalq aktorlara çatdırılması, həm də despotik erməni rejiminin yalanlarının ifşa edilməsi ilə səciyyəvi oldu”.

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

“Prezidentin təklifi BMT üçün olduqca aktualdır”

Onun sözlərinə görə, Prezident İlham Əliyev ilk növbədə orta əsr təfəkkürü ilə yaşayan despotik və korrupsiyaya uğramış hərbi xunta rejiminin hələ də Azərbaycan torpaqlarını işğal altında saxladığını diqqətə çatdıraraq, bunun yolverilməz olduğunu bildirdi: “Bu işğalda azərbaycanlılara qarşı soyqırımı törədənlərdən birinin elə Ermənistan prezidenti olduğunu söyləyərək, bu vaxta qədər problemin həll edilmədiyinin səbəbi kimi dünyada mövcud olan ikili standartları göstərdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan Prezident İlham Əliyevin artıq belə məsələlərin öz həllini tapması üçün BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını bildirdi. Bu təklif hazırda islahatların aparılmasının zəruri olduğu bildirilən ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin yenidən təşkilatlanaraq, daha effektiv fəaliyyət göstərməsi baxımından olduqca aktual idi. Çünki beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində BMT üzvü olan çoxsaylı dövlətlərin ərazi bütövlüyü pozulur, beynəlxalq hüququn tələbləri yerinə gətirilmir, BMT tərəfindən tanınmış sərhədlər siyasi xəritədən silinir. BMT isə bunların qarşısını almaq üçün müvafiq struktura malik deyil. Belə olan halda isə dünyanı xaos bürüyür, etnik separatçılıq baş alıb gedir, milli dövlətlər dağılır ki, bu da beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir”.

“Bu cəsarətli fikirlər Ermənistana və havadarlarına mesaj idi

H.Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev məhz bu kontekstdə bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini diqqətə çatdıraraq, hazırkı mərhələdə Ermənistana beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacib olduğunu bildirdi.

“Eyni zamanda qeyd etdi ki, BMT üzvü olan ölkələr işğalçı Ermənistanla münasibətlərə məhdudiyyətlər qoymalıdırlar. Bu fikirlər təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil, həm də istər postsovet məkanında, istərsə də Yaxın Şərqdə bənzər problemlərin həlli yollarının tapılması baxımından olduqca rasional və düzgün fikirlər idi. Əgər BMT doğurdan da öz nizamnamə tələblərinin və beynəlxalq hüququn yerinə gətirilməsini istəyirsə, mümkün islahatlar prosesində mütləq bunları nəzərə almalıdır. Prezident İlham Əliyev işğalçı Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, aprel döyüşləri təkrarlana bilər. Ona görə də beynəlxalq birlik Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymalıdır. Yüksək tribunadan səsləndirlən bu cəsarətli fikir əslində Ermənistanla bərabər, həm də onun işğalçılıq siyasətinə bu və ya digər səviyyədə dəstək verən ölkələrə ünvanlanmış mesaj idi”, - deyə o vurğulayıb.

“Prezidentin bu çıxışı Azərbaycanın ən yaxşı təqdimatı idi”

Prezident İlham Əliyevin Azərbaycanın inkişaf edən, hüquqi demokratik dövlət olması haqda fikirlərini şərh edən H.Babaoğlu bildirib ki, ölkəmizdə ksenofobiya, etnik və dini ayrı-seçkilik yoxdur: “Azərbaycan çox böyük regional və beynəlxalq layihələr həyata keçirir. Bu layihələr ətrafında olduqca geniş əməkdaşlıq platforması yaranıb. Ölkəmiz beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilib. Azərbaycanın beynəlxalq nüfuzu daima artır. Həyata keçirilən bu siyasət sayəsində regionumuzda sabitlik hökm sürür. Ona görə də Ermənistan Azərbaycan Dağlıq Qarabağ problemi beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Prezident İlham Əliyevin BMT Baş Asambleyasındakı çıxışı ən aktual beynəlxalq və regional problemlərin həlli ilə bağlı irəli sürülən rasional təkliflərlə yadda qalmaqla, həm də Azərbaycanın mühüm və nüfuzlu tədbirdə ən yaxşı təqdimatı kimi səciyyəvi oldu”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm