Meyxanaçılar arasında pul “razborkası” - VİDEO
Bizi izləyin

Digər

Meyxanaçılar arasında pul “razborkası” - VİDEO

Həmsöhbətim meyxana sahəsində öz sözünü demiş Vüqar Qobuludur. Daha çox satirik meyxanaları ilə tanınan Qobulu sən demə, uşaqlıqdan satiraya meylli olubmuş. Hətta buna görə başı da çox ağrıyıb. Orta məktəbdə oxuyan zaman Leninə qoşduğu meyxanalara görə, m

Həmsöhbətim meyxana sahəsində öz sözünü demiş Vüqar Qobuludur. Daha çox satirik meyxanaları ilə tanınan Qobulu sən demə, uşaqlıqdan satiraya meylli olubmuş. Hətta buna görə başı da çox ağrıyıb. Orta məktəbdə oxuyan zaman Leninə qoşduğu meyxanalara görə, məktəb direktorunun düşməninə çevrilən Qobulunun gözünü heç kim qorxuda bilməyib…

Məktəb direktorunun kürkünə düşən birə

- Qobu kəndindənəm, uşaqlıqdan atamın halal çörəyini yemişəm. Meyxanaya da elə uşaqlıqdan maraq göstərmişəm. Qohumum vardı, Yaşar Ağamirzəoğlu adında, onun yanına gedib, hazırlaşırdım. Mənə tapşırıqlar verirdi, meyxananın sirlərini öyrədirdi. Mən meyxanaları bədahətən deyirdim, yəni sinədən. Qarabağ döyüşlərində Yaşar vuruşub, şəhid oldu. Bundan sonra mən tək qaldım. Başladım toylara, el şənliklərinə getməyə. Ustadlarla bərabər meyxanalar deyirdim, amma çox sıxılırdım. Həmin vaxtlarda ANS telekanalında “De gəlsin” yarışması başlamışdı. Meyxana ustadı Mehman Əhmədli məni həmin yarışmada özümü sınamağa çağırdı. 14-15 adam yığıldıq və yarışmada satira ilə çıxış etdim. Ümumiyyətlə, mən meyxanaya satira ilə başlamışam. Bunun da ağırlığını daşımışam. Çünki çox vaxt satirik meyxanalardan sonra mənə naməlum yerlərdən zənglər edir, təzyiqlər göstərirdilər. İlk dəfə oxuduğum kənd məktəbimizə meyxana qoşub tənqid etmişəm. Məktəbin zirzəmisinə su dolmuşdu, bu hadisə balaca olsam da məni təsirləndirmişdi. Onda da dəb idi, bütün qafiyələr “Ay can”la başlanırdı. Yadımda qalan budur:

Məktəbimiz bizim gəlməyir hala,

Bərbadlıqla baş alır, bala-bala,

Yağış yağır, sular dolur “podval”a,

Gör necə okeandır məktəbimizdə

Ay can alan candı məktəbimizdə…

Bu meyxana məktəb direktorunun da qulağına gedib çatdı. O, təbii ki, bundan xoşlanmamışdı və məni çağırıb, danladı. Qorxuya düşdülər ki, birdən bu xəbər Komsomal Komitəsinə gedib çıxa bilər. Onda da Komsomolun qüvvəsi böyük idi axı.

Leninə qoşulan meyxana, verilən cəza

Bunun ardınca, Leninə meyxana qoşdum. O vaxt “VLKSM” sözü vardı, yəni Komsomol…

Deyirlər bu VLKSM sözü bir dənə aləmdir,

Vallah Leninin kəlləsi sümükdən möhkəmdir.

Bu meyxananı yazdığım kağızı aparıb məktəb direktoruna vermişdilər. O da hirslənmişdi ki, bu hələ pionerə keçməyib, amma görün, dahi rəhbərimiz haqqında nələr yazıb. Başım elə parta arxasından bəla çəkib e mənim. Bu dəfə atamı məktəbə çağırıb danladılar. Atam da qayıtdı ki, uşağı evdə tənbeh edib, başa salaram. Amma əksinə, atam evə gələndə mənə dedi ki, əcəb eləyib Leninə meyxana qoşmusan. Çünki atamın Lenindən zəhləsi gedirdi. Sonradan öyrənib bildim ki, atamın atası 1937-ci il repressiya qurbanlarından olub. Babam İmamcan Gülməmmədli türk ordusunun zabiti olub, Sarıqamış müharibəsində iştirak edib. Türklər rus əsgərlərinin dilini bilmədiyi üçün babam tərcüməçi olub onların arasında. Bunu sonradan KKB bilib öyrənmişdi və babamı Nargin adasına sürgün etmişdilər. O-bu atam sovet hökumətinə nifrət etmişdi. Həmişə bizə deyərdi ki, babanızı Stalin, Mircəfər Bağırov aparıb. Atam mənə həmişə onu da deyirdi ki, meyxana deyəndə, yaltaqlıq etmə, tərifə uyma.

Nə isə, danlanmaqla da işim bitmədi. Satirik meyxanam mənə baha başa gəldi, demək olar ki, əksər qiymətlərim 2 yazıldı. Hətta ən yaxşı bildiyim fənlərdən belə qiymətimi kəsdilər. Belə olan halda, dərsə marağım itdi və məktəbdən uzaqlaşmağa başladım. Artıq fikrim qəti idi; meyxana ilə məşğul olmalıyam. Həmin vaxtlarda elə bilirdim ki, meyxana elmdən uzaq düşmək deməkdir, amma meyxananın içinə daxil olduqca gördüm ki, əksinə meyxana elmin içinə daxil olmaq deməkdir.

Davakar uşaq olmamışam. Qiymətlərim də demək olar ki, hamısı beş idi. Ədəbiyyat və tarixi beşbarmağım kimi bilirdim. Uğurlarım yeddinci sinfə qədər davam elədi. Ondan sonra meyxana deməyim o beşləri ikiyə endirdi və mən ruhdan düşdüm. Zaman elə gətirdi ki, mənə dediyim meyxanaya görə 2 yazan müləlimlər məni öz nəvələrinin toyuna çağırdılar. Utana-utana dedilər ki, o vaxt qorxumuzdan sənə 2 yazırdıq, indiki kimi müstəqillik olsaydı, beş yazardıq.

“Brejnevi qəbirə qoyanda ip qırıldı”

Çox kövrək idim uşaqlıqda. Yanımda birinin haqqının tapdalandığını görəndə gözüm dolurdu. Uşaq vaxtından hiss edirdim ki, Azərbaycan demokratik ölkəyə çevriləcək. Brejnevin Bakıya gəlməsi, onun ölüm xəbəri hamısı bircə-bircə yadımdadır. Uşaq olanda Brejnevin ölümü hər yerə səs çalmışdı. Yadımdadır ki, onu necə qəbirə sallamaları, ipin qırılması və tabutun gübbultuyla qəbirə tullanması barədə hər yanda danışırdılar. Mənə də çox təəccüblü gəlmişdi, o hadisə. Gördüklərim, rastlaşdıqlarım hamısı sonradan satirik meyxanaya çevrilirdi. Bir dəfə adını çəkməyəcəyəm, yüksək rütbəli bir məmur mənə zəng edib, hədələdi ki, “bu nə meyxanadır qoşmusan, niyə bizə problem yaradırsan?”. Çox olub belə zənglər. Hətta rayonlardan belə məmurlar zəng edib mənə hədə-qorxu gəliblər.

Anam mən uşaqkən toylara gedəndə çox nigaran qalardı. Meyxana məclislərində bəzən dava-dalaşlar da olur axı. Fikirləşirdi ki, birdən dava-şava olar, mənə xətər yetirərlər. Elə gün olurdu ki, mən evdə yemək yeməmişdən qabaq meyxana deyərdim, sonra çörək yeyərdim. Sanki meyxana yeməyimə səpilən duz idi. Dəfələrlə olub ki, anam məni yuxudan oyadıb. Sən demə yuxuda meyxanalar deyirmişəm. Özü də yuxuda dediyim meyxanalar daha sərrast olur.

Toyda düşən pul “razborkası”

Bir dəfə toya getmişdim, o biri meyxana deyənlər gəlib çatmamışdılar. Elə toyu mən yola verib pulları yığdım. Bu meyxanaçılar o vaxt gəlib çıxdılar ki, toy qurtarmışdı. Başladılar məndən pul istəməyə. Mən də dedim ki, xeyir ola, bəyəm mənimlə meyxana demişiniz ki, indi pul davası edirsiniz? Onda da sovetin pulları idi; göy iyirmibeşliklər, qırmızı onluqlar… Mobil telefon zad yox idi onda. Bu meyxanaçı dostlarım da hər gün pulun dalınca gəlib-gedirlər. Anam bir gün qayıtdı ki, ay bala, sən nə hörmətli şairsən ki, bu uşaqlar gecə-gündüz sənin yanına gəlib-gedirlər. Dedim ay ana, onlar mənim dalımca gəlib-getmirlər e, onlar qırmızı onluqların dalınca gəlib-gedirlər”.

Bizə də qafiyə tutdu...

Qobulu bizi də unutmadı, qafiyə tutdu.

Sevimlidir o Mirzə Sabir mənə,

O çatdırıb ləli-cəvahir mənə.

Heyran olan çoxdur mənim sözümə,

Qatlaşıram hər əzaba, dözümə,

Şair adın verməmişəm özümə,

Millət verib şair adını mənə,

Sevimlidir o Mirzə Sabir mənə,

O çatdırıb ləli-cəvahir mənə.

Xoşuma gəldi hər bir sözün-söhbətin,

Kollektivdə yəqin vardır hörmətin,

Şair kimi nə çox imiş qiymətin,

Deyirdi jurnalist Cəvahir mənə

O çatdırıb ləli-cəvahir mənə.

Sevimlidir o Mirzə Sabir mənə,

Heyran olanların yoluna heyranam,

Mənə xiridar qurban olsa, qurbanam,

Əzəl günümdən mən dindar insanam,

Çox yaxındır ocaq mənə, pir mənə

Sevimlidir o Mirzə Sabir mənə,

O çatdırıb ləli-cəvahir mənə.

Bunu deyirəm sizə Cəvahir xanım,

Sizi də sevir doğma Azərbaycanım.

Əgər varsa sözümdə bir nöqsanım,

Xəlvət deyərsən onu bir-bir mənə,

Sevimlidir o Mirzə Sabir mənə,

O çatdırıb ləli-cəvahir mənə.

Cəvahir Səlimqızı

FOTO: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm