Beynəlxalq ekspert: “Azərbaycanda heç vaxt antisemitizm olmayıb”
Bizi izləyin

Digər

Beynəlxalq ekspert: “Azərbaycanda heç vaxt antisemitizm olmayıb”

Beynəlxalq ekspert: “Azərbaycanda heç vaxt antisemitizm olmayıb”

Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut ABŞ-ın Antidiffamasiya Liqası (ADL) ictimai hüquq mühafizə təşkilatının Azərbaycanda antisemitizm faktları haqqında məruzəsini şərh edib.

Publika.az – ın verdiyi xəbərə görə, israilli ekspert məruzənin provokasiya xarakteri daşığını, Azərbaycan və yəhudi xalqlarının möhkəm dostluğu və qarşılıqlı ehtiram hisslərini sarsıtdığını bildirib.

A.Qut qeyd edib ki, yəhudilərin Azərbaycanda özlərini heç vaxt əcnəbi kimi hiss etmədiyini hamı yaxşı bilir:

“Yəhudilər Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir. İsrailin xarici işlər naziri Aviqdor Liberman bu yaxınlarda Bakıda olarkən də deyib ki, özünü evdəki kimi hiss edir. Bu, yəhudi xalqına xüsusi və səmimi münasibət faktını təsdiq edir. Mən ABŞ-ın ADL ictimai hüquq mühafizə təşkilatının antisemitizmin heç vaxt olmadığı bir ölkənin - Azərbaycanın antisemitizm ruhunun daim mövcud olduğu Baltik ölkələrini və Rusiyanı nə üçün və hansı faktlar əsasında geridə qoyması qərarına gəldiyini bilmirəm”.

A.Qutun fikrincə, Ermənistan ayrı məsələdir: “Bu ölkə antisemitizmin səviyyəsinə görə MDB ölkələri arasında “liderdir”. Ermənistanda antisemitizm və ksenofobiya, eləcə də “ari ermənilərin” türk və semit xalqlarının nümayəndələri üzərində irqi üstünlüyü ideyası mif deyildir. Məhz bu səbəbdən müasir Ermənistan praktiki olaraq monoetnik dövlətdir. Burada yəhudilər daim azalaraq mikroskopik səviyyəyə çatmış azlıqdır və bu azlıq yaxın gələcəkdə, sadəcə, bu ölkənin etnik xəritəsindən silinəcəkdir. Ermənistandakı etnik millətçilik fonunda Azərbaycanda yəhudi cəmiyyətinin, onun mədəni və dini həyatının dirçəlməsi və inkişafı prosesi müşahidə olunur”.

O, vurğulayıb ki, Ermənistanla silahlı münaqişədə olmasına və ərazilərinin 20 faizinin işğal edilməsinə baxmayaraq, Odlar Yurdu dünyanın ən tolerant ölkəsi və həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi olaraq qalır: “İsrail Dövlətinin vətəndaşı və İsraildəki Azərbaycan diasporunun nümayəndəsi kimi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə qayğıkeşlik və mehribanlıqla yanaşır. Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə və unikal bir yerdir. Bura Azərbaycanın əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Burada onları ümumi tale birləşdirir və təsadüfi deyildir ki, erməni daşnakları 1918-1919-cu illərin faciəli hadisələri zamanı Azərbaycanın şəhərlərində qanlı qırğın törətdikləri bir vaxtda azərbaycanlılarla bərabər, 3 mindən çox yəhudi həlak olub”.

A.Gut İsrailin müasir Azərbaycanın rəhbərliyinin 20 minlik yəhudi icmasına səmimi və mehriban münasibətini yüksək qiymətləndirdiyini bildirib: “Unutmayaq ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və ölkənin hər yeddi sakinindən biri qaçqındır. Azərbaycanda antisemitizm heç vaxt olmayıb və biz - İsraildə yaşayan Azərbaycan diasporu kimi bununla qürur duyuruq. Azərbaycan həqiqi sivilizasiyalararası dialoq nümunəsidir. Mənə elə bir müsəlman və xristian ölkəsi göstərin ki, orada ölkə Prezidentinin və birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilsin. Zənnimcə, ikinci belə bir ölkəni, sadəcə, tapmayacaqsınız”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm