Azərbaycanlı qız alman kişinin qoynunda -Bir qadının etirafları
Bizi izləyin

Digər

Azərbaycanlı qız alman kişinin qoynunda -Bir qadının etirafları

"Məni bu alman kişinin qucağına atam-anam atıb"

“Məni bu alman kişinin qucağına atam-anam atıb. Bu, onların həm mənə, həm də özlərinə çəkdirdikləri cəzadır. Xoşbəxtəm deyə bilmərəm, ancaq özümü bədbəxt də hesab eləmirəm. Bu dili dilimdən, dini dinimdən olmayan yad adamın qucağında özümü sadəcə rahat, hüzurda hiss edirəm. O, məni sevir, bütün istəklərim onun üçün önəmldir. Bacardığı qədər məni sevindirməyə çalışır, anlayışlıdır, mədənidir. İstədiyim vaxt vətənə gedirəm, ailəmi görürəm, əslində, onları görməyə getmirəm. İşlərimi yoluna qoymağa, haqq-hesabımı edib, müştərilərdən alacağımı alıb yenə də Almaniyaya qayıdıram.

Doğulub-böyüdüyüm, təhsil aldığım bu şəhərdə mənim arzularım ölüb. İlk və son sevgim bu şəhərdə qəzaya uğradı.

***

Biz eyni ali məktəbdə, eyni qrupda təhsil almışdıq. Birinci kursdan da bir-birimizi sevmişdik. Orxan kasıb ailənin oğlu idi, bunu lap əvvəldən bilirdim. Özüm zəngin ailədə doğulmuşam, “yox” nə olduğunu bilmirdim, ancaq bu fərqin bizim hisslərimizə və münasibətlərimizə heç bir maneçiliyi yox idi. Dörd ildə bu münasibətlər daha da möhkəmləndi. Səhərləri intizarla gözləyir, gecələri zorla başa vururduq. Gecədən-gecəyə ayrı qalırdıq, o da zorla.

Ali məktəbi bitirdik. Orxanın hərbi xidmət vaxtı çatanda qərara aldıq ki, nişanlanaq, əsgərliyini başa vurub gələndən sonra da toyumuzu edək. İkimiz də işləyib özümüzü dolandıra bilərdik. Mən də ondan qır-qızıl, pal-paltar, ayrıca ev-eşik istəmirdim. Elə onun ailəsilə birlikdə yaşayacaqdıq. Orxan evin tək oğlu idi. Onun istəkləri ailəsi üçün çox dəyərli idi. Ona görə bizim bu arzumuza qarşı çıxan olmadı, daha doğrusu, onların ailəsindən qarşı çıxan olmadı.

Mənim ailəm bu münasibəti bilən gündən bizə qarşı idi. Qardaşlarım qarışmırdı, hərəsinin öz ailəsi, uşağı. Ancaq ata-anam daş atıb başlarını tuturdu. Atam: “Yer üzündə bir o qala, bir qızım, qoymaram evlənsinlər!”-, deyib dad döyürdü. Doğrusu, bütün bunlar mənim vecimə də deyildi. Nə deyirdilər desinlər, nə sevgimdən, nə sözümdən dönəndim.

Orxanın ailəsi bizə elçi gəldi. Hər şeyi ikimiz bir yerdə hazırlamışdıq; bir dəstə gül, tort, nişan üzüyü. Bizim üçün heç bunlar da vacib deyildi, ancaq ailəmin gözündən pərdə asırdıq.

Elçiləri anam ədəb-ərkanla qarşıladı. Canını dişinə tutub “xoş gəldin” elədi. Mənim razılığım öncədən məlum olduğuna görə, danışmışdıq ki, kənar adam lazım deyil. Elə Orxnanın öz ata-anası gəlsin, yetər. Ailələrimiz arasında söz kəsilər, şirin çay içilər, sonra da nişanla toy bir yerdə olar.

Atam ağzını açıb bir kəlmə danışmırdı. Gözlərini bir nöqtəyə dikib, qaşqabağını sallayıb oturmuşdu. Anamın da gözü atamın ağzında idi. Orxanın anası ordan-burdan söhbət etdikdən sonra, mətləbə gəldi.

- Allahdan gizli deyil, sizdən nə gizləyək, gəlişimizin məqsədi məlumdur. Övladlarımız bir-birini sevir. Dörd il az müddət deyil, bir yerdə oxuyublar, bir-birini tanıyırlar. Onlara xoş bizə də xoş. Etiraz etməsəydiniz, onların ailə qurmasına sizli-bizli yardım edərdik, balalarımızın xoşbəxt olmasına...

- Onlar evlənə bilməz! - atam heç kimin gözləmədiyi anda dilləndi.

- Necə yəni evlənə bilməz? - Orxanın atası soruşdu.

- Mən belə istəyirəm!

Mən atamın kobud adam olduğunu gözəl bilirdim, ancaq onun bu kasıb, lakin sadə, tərbiyəli adamların qəlbini qıra biləcəyini düşünmürdüm. Düşünürdüm ki, özünü birtəhər ələ alıb “yox” desə də, bu qədər kobudluq etməz.

- Mənim sizə veriləsi qızım yoxdur! Çox da ki, qızım sizin oğlunuzu sevir, uşaqdır, zaman keçər, unudar, ağlı başına gələr, bizim onun xeyrinə qərar verdiyimizi anlayar.

- Axı onun ziyanına olan nədir, deyin biz də bilək?

- Sizin itiyiniz bizim qapıda tapılmaz. Cah-cəlal içində böyüyən, yoxun nə olduğunu bilməyən qız sizin o komada necə xoşbəxt ola bilər? Hansı xoşbəxtlikdən danışırsınız? Onlar uşaqdır, qanmırlar, siz də qanmırsınız?

- Biz bu qapıya övladımızın arzusudur deyə gəlmişik, indi ki belə oldu, mənim oğlumun dərmanı sənin qapında ola, biləm ki, gəlib götürməsəm, ölər, yenə bura ayaq basmaram. Dur ayağa, getdik! - Orxanın atası üzünü həyat yoldaşına tutdu.

Və o gedən getdilər. Ancaq bu hadisə bizim münasibətlərimizə təsir etmədi. Əksinə, əvvəlkindən də daha möhkəm bağlandıq bir-birimizə. Hərçənd atamın hərəkəti Orxanın qüruruna bərk toxunmuşdu, ancaq məndən vaz keçməməkdə israrlı idi. Qərara aldıq ki, nə mən ailə qurum, nə o evlənsin. Gedib hərbi xidmətini başa vurub gəlsin, ailələrimiz vəziyyətin bu qədər ciddi olduğunu görüb, yəqin ki, gec-tez bizimlə razılaşacaqlar.

Orxan hərbi xidmətə getdi. Mən də elə bitirdiyim ali məktəbdə işə durdum. Valideynlərimlə münasibətlərimdə soyuqluq vardı, rola girib özümü heç nə olmamış kimi apara bilmirdim. Ancaq bu, onları qətiyyən narahat etmirdi. Yəqin düşünürdülər ki, nə vaxtsa zəngin birilə ailə qurub, özləri demiş, cah-cəlal içində yaşayanda onlara haqq verəcəyəm.

Vaxt keçdi, Orxan qayıtdı. Qayıdan kimi görüşdük. Bir-birimizdən ötrü dəli kimi darıxmışdıq. İndi evlənməyimizə heç kim mane ola bilməzdi. Bir müddət beləcə keçdi.

Yenə də həmişə görüşdüyümüz kafedə görüşdük. Çox həyəcanlı idim. Orxan zəng vurub məni görmək istədiyini, vacib sözü olduğunu deyəndə az qala sevincimdən qanad açam. Görüşdük, birlikdə nahar elədik. Nəsə mənə elə gəldi ki, narahatdır, gözlərini də məndən qaçırırdı. Elə bil nəsə demək istəyir, ancaq deyə bilmirdi.

- Sənə nə olub, Orxan?

- Biz danışmalıyıq.

- Danışaq da.

- Lamiyə, mən evlənirəm.

- Doğrudan? Nə gözəl! Bunu bayaqdan niyə demirsən?

- Yox, sən başa düşmədin, mən başqası ilə evlənirəm...

Elə bildim kafenin tavanı qopub başıma töküldü. Yaşla dolmuş gözlərimi qırpmağa qorxurdum ki, ağladığımı görməsin, qürurum yenməsin. Zatən, kifayət qədər acıya dözmüşdüm. Bunu necə qaldıracağımı təxmin edə bilmirdim. Heç nə soruşmadım, heç bir izahat tələb etmədim. “Sən bilərsən” deyib sağollaşdım. Adi tanışlar kimi, dost kimi də yox. Nömrəsini telefonumdan, telefon kitabçamdan sildim. Şəkillərimizi yığıb yandırdım. Münsibətimizə nöqtə qoydum, əzablarıma start verdim. Həyatım alt-üst oldu.

Orxan evləndi. Mən ona verdiyim sözü tutub ailə qurmadım. Bir neçə il universitetdə işlədim, şəhər məni hər gün daha artıq boğurdu. Artıq yaşaya bilmirdim, hər addımda onun surəti gözlərim önünə gəlir, hər kölgədə onu görürdüm. Xatirələr məni öldürürdü. Bu şəhərin havası da Orxan qoxurdu. Haqqında heç nə eşitmək istəməsəm də, eşidəsi olurdum. Daha bacarmırdım. Ərizəmi yazıb işdən çıxdım. Rəfiqəmin ata-anası Almaniyada yaşayırdı, özlərinin biznesləri vardı. Onlarla əlaqə qurdum. Baş götürüb getdim. Atamın şəhərin mərkəzində böyük ticarət mərkəzi olmasına baxmayaraq, Almaniyadan gətirdiyim bahalı qab-qacağı satmaq üçün ora vermirdim. Ayrı-ayrı mağazalarla iş qurdum.

İndi arabir alverlə bağlı Bakıya gəlib, pullarımı toplayır, mağazalara mal verirəm. Necə deyərlər, əlim pulla oynayır. Birlikdə yaşadığım iş adamını özümlə Bakıya gətirdim, heç kəsin fikirini öyrənmədən birbaşa onunla yaşadığımı elan etdim. Nigah kəsdirdik. Heç kim heç nə deyə bilmədi. Çünki bir ömür başlarına vura biləcəyim səadətimi əlimdən alan, təməlini qoymağa cəhd etdiyim ailəmi dağıdan valideynlərim etdiklərindən çoxdan peşman idilər, üzə vurmasalar da. Məni dəlicəsinə sevən, özümdən on yaş böyük, olduqca zəngin bu alman kişinin qucağına düşməyimə səbəb olan doğmalarım indi bu adamdan daha çox yaddır...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm