Bu gün “Yeni SSRİ”yə imzalar atılır, Ermənistan isə…- (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Bu gün “Yeni SSRİ”yə imzalar atılır, Ermənistan isə…- (YENİLƏNDİ)

Bu gün “Yeni SSRİ”yə imzalar atılır, Ermənistan isə…

14:11

Bu gün Astanada dövlət başçıları səviyyəsində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə imzalanıb.

Publika.az - ın “RİA-Novosti” saytına istinadən verdiyi məlumata görə, müqaviləyə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev imza atıb.

İmzalama mərasimindən sonra N.Nazarbayev müqavilə iqtisadi xarakter daşıdığını və müstəqillik məsələlərinə toxunmadığını vurğulayıb. Müqavilə iki hissədən ibarətdir. Sənədin birinci hissəsində strateji hədəflər və Avrasiya inteqrasiyası məsələləri yer alıb.

İkinci hissədə isə qarşılıqlı iqtisadi münasibətlərin təsir mexanizmləri tənzimlənir. Bunların arasında nəqliyyat və sənaye sahəsində vahid siyasət, kənd təsərrüfatı siyasətinin koordinasiyası və kənd təsərrüfatı məhsullarının ixracı məsələləri var. Sənədin ikinci hissəsində həmçinin əsas prinsiplər, rəqabət və antiinhisar siyasəti qaydaları, energetika bazarlarının mərhələli inteqrasiyası və elektroenergetika, qaz, neft və neft məhsulları sahəsində fəaliyyətin koordinasiyası yer alıb.

11:41

Bu gün Astanada dövlət başçıları səviyyəsində Gömrük İttifaqının əsas orqanı olan Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

Publika.az - ın “RİA-Novosti” saytına istinadən verdiyi məlumata görə, iclasda Rusiya, Belorus və Qazaxıstan prezidentləri tərəfindən Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilə imzalanacaq.

Sənəd ilin sonuna kimi Rusiya, Belorus və Qazaxıstanın parlamentləri tərəfindən təsdiqlənməli və 2015-ci il 1 Yanvar tarixindən Avrasiya İttifaqı fəaliyyətə başlamalıdır. Müqaviləyə görə, hər üç dövlət öz üzərinə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin olunması ilə bağlı öhdəlik götürür. Həmçinin iqtisadiyyatın ən vacib sahələri olan enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyatda razılaşdırılmış siyasət yürüdəcəklərini bəyan edirlər. Bununla da MDB məkanında nəhəng ümumi bazarın formalaşdırılması başa çatacaq.

Ermənistanın isə bu prosesdə iştirakı ləngiyir. Ermənistanın Gömrük İttifaqı və Vahid İqtisadi Məkana birləşməsi haqqında müqavilə layihəsi 1 iyun 2014-cü il tarixinə qədər hazırlanacaq. İTAR-TASS xəbər agentliyinin yazdığına görə, Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Viktor Xristenko bu barədə qərarın Avrasiya Ali İqtisadi Şurasının ötən ayın 29-da Minskdə keçirilən iclasında qəbul edildiyini deyib.

Qeyd edək ki, Rusiya, Belorus və Qazaxıstan dövlət başçılarının iştirak etdiyi Minsk toplantısında Ermənistanın Gömrük İttifaqı və Vahid İqtisadi Məkana birləşməsi üzrə “Yol xəritəsi”nin reallaşdırılması üzrə sənəd bəyənilib. “Yol xəritəsi”nin 126 bəndindən artıq 111-i yerinə yetirilib.

Ermənistan iqtisadiyyat nazirinin müavini, Gömrük İttifaqına üzvlüyə hazırlıq üzrə işçi qrupunun rəhbəri Karine Minansyan da bildirmişdi ki, Ermənistanın quruma üzvlüyü ilə bağlı “Yol xəritəsi”ndə nəzərdə tutulan məsələlərin əksəriyyəti artıq həyata keçirilib. Nazir müavini qalan məsələlərin prezidentlərin görüşündə razılaşdırılacağını demişdi.

Xatırladaq ki, Gömrük İttifaqına üzv ölkələr Ermənistanın bu quruma üzvlüyü ilə bağlı “Yol xəritəsi”ni ötən ilin dekabr ayında Avrasiya Ali İqtisadi Şurasının iclasında imzalayıblar. “Yol xəritəsi”ndə mübahisə doğuran və Ermənistanı da narahat edən əsas məsələ Gömrük Şurasının sərhədləridir. Bu, Ermənistan və işğal olunmuş Azərbaycan torpaqları arasında gömrük məntəqələrinin olub-olmaması ilə bağlıdır. Ekspertlər də hesab edir ki, “Yol xəritəsi”nin razılaşdırılmayan 15 bəndindən biri böyük ehtimalla Dağlıq Qarabağ məsələsidir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev sözügedən “Yol xəritəsi”nin imzalandığı iclasda sənədi xüsusi rəylə imzalayacaqlarını bildirmişdi: “Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük Şurasının sərhədləri məsələsinə dair izahat istəyirik. Gömrük Şurasının sərhədləri məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu sərhədlərin Ermənistanda haradan keçəcəyi açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə “yol xəritəsi”ni xüsusi rəylə imzalayacağıq”.

Ermənistan Gömrük İttifaqina qoşulmaq barədə qərarı 2013-cü ilin sentyabrında qəbul edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm