Mirqədirovun vəkili: “Avropa Məhkəməsinə müraciət edəcəyik”
Bizi izləyin

Digər

Mirqədirovun vəkili: “Avropa Məhkəməsinə müraciət edəcəyik”

Mirqədirovun vəkili: “Avropa Məhkəməsinə müraciət edəcəyik”

“Rauf Mirqədirova qoyulan məhdudiyyətlərlə bağlı qərarı alan kimi Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Bu barədə dövlətə xəyanətdə ittiham olunan “Ayna-Zerkola” qəzetinin jurnalisti Rauf Mirqədirovun vəkili Elmar Süleymanov Publika.az-a açıqlamasında deyib. Vəkil bildirib ki, apellyasiya məhkəməsində Mirqədirova qoyulan qadağalarla bağlı məsələyə baxılanda maraqlı məqamlar ortaya çıxdı: “Biz müstəntiq Ləmbəranskinin adından verilən qadağa sənədində imzanın ona məxsus olmadığını göstərdik. Söhbət Ləmbəranskinin adından qoyulan məhdudiyyət qərarından gedir. Yəni həmin qərara qoyulan imzanı digər sənədlərdəki imzalarla tutuşduranda onun Ləmbəranskiyə məxsus olmadığı məlum oldu. Biz məhkəməyə bir neçə qərarın surətlərin təqdim etdik. Açıq-aydın imzanın İbrahim Ləmbəranskiyə məxsus olmadığı görünürdü.

Məhkəmədən xəttşünaslıq ekspertizasını keçirib imzanın ona məxsus olub-olmadığını müəyyənləşdirməsini istədik. Amma müşavirə keçirildi və vəsatət təmin olunmadı. Müstəntiq əsas gətirir ki, Mirqədirov yaxınları ilə görüşsə, istintaq sirrini yaya bilər. Qadağalar buna görə qoyulub. Biz bildirdik ki, atasının yas mərasimində Mirqədirov müxtəlif insanlarla təmasda oldu, lakin heç bir sirr yaymadı, istintaqın gedişinə mane olan açıqlamalar vermədi. İndi isə o, 75 yaşlı anası ilə görüşmək istəyir. Hətta bu görüş təcridxana əməkdaşlarının nümayəndələrinin iştirakı ilə ola bilər. Lakin bu da təmin olunmadı. Bu gün saat 14:30-da Nəsimi məhkəməsində bu məsələlərə baxılacaq. Orada Mirqədirovun bəyanatı da yayılacaq”.

E. Süleymanov qeyd edib ki, bu cür qərarlardan Ali Məhkəməyə şikayət etmək mümkün olmadığı üçün onlar Avropaya üz tutacaqlar.

“Azərbaycan məhkəmələrində bu işlə bağlı müsbət qərar veriləcəyinə ehtimalımız azdır. Lakin yenə də ümid edirik. Ümumilikdə isə biz işimizi görürük və qərarı əlimizə alan kimi ədalətin bərpa olunacağı ümidi ilə Avropa Məhkəməsinə müraciətimizi hazırlayacağıq”,– deyə vəkil bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm