• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qlobal düşüncə mifləri alt-üst etdi...

  • Digər
  • 27 İyun 2014 00:15
  • 5 167 Baxış
Qlobal düşüncə mifləri alt-üst etdi...

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı çıxışı mediamızın gündəmində baş mövzudur.

“Strasburqda möhtəşəm çıxış”- “Gündəlik Teleqraf” qəzetinin dünənki sayı məhz bu manşetlə işıq üzü görüb və düşünürəm ki, reallığı bütün aydınlığı ilə göstərmək üçün bu üç kəlmədən daha uğurlusunu seçmək mümkünsüzdür...

Müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasi və iqtisadi islahatlar, güclü iqtisadi inkişaf, demokratik cəmiyyət quruculuğu yönündə əldə olunan mühüm uğurlar, Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili və xarici siyasətinin prioritetləri və Qarabağ münaqişəsi barədə Avropada bu vaxtadək bəyan edilməyən həqiqətlər...

İlham Əliyevin çıxışı bu həqiqətlər üzərində qurulmuşdu. O, xüsusi ustalıqla, əzmkarlıqla, inamla, peşəkarlıqla öz qlobal düşüncə tərzini və dəmir məntiqini bir daha nümayiş etdirdi.

Azərbaycan Prezidentinin mühüm mesajlar üzərində qurulmuş bu çıxışı, mənim fikrimcə, Azərbaycan dövlətinin bu vaxtadək gördüyü və görüləcək işlərlə bağlı ən mötəbər mənbədən Avropa parlamentarilərinin bilgiləndirilməsi idi.

Mən həmçinin, bunu çağdaş Azərbaycan tarixində çox önəmli bir hadisə adlandırıram! Çünki, həqiqətən, Strasburqda - Avropa Şurasının paytaxtında Müasir Azərbaycan Tarixinə gözəl bir gün yazıldı! Bunu mübaliğəsiz deyirəm. Çünki Cənab İlham Əliyev o tribunada Prezident olmaqdan daha çox bir azərbaycanlıydı, Azərbaycan Vətəndaşıydı və Azərbaycan gerçəklərini özünəməxsus müdrikliklə, dəmir iradə və məntiqi ardıcıllıqla bəyan edirdi.

Avropalı ilə danışmaq əslində asan olduğu qədər də qəlizdir. Elə danışmalısan ki, səni dinləsinlər, inansınlar və qəbul etsinlər. Soyuqbaşlı avropalı emosional ritorikanı sevmir. Azərbaycan Prezidenti isə elə bir üslub seçmişdi ki, auditoriyanı dinləməyə və qəbul etməyə sövq edirdi...

Bəli, Azərbaycan Prezidenti AŞPA tribunasından bir daha sərgilədi ki, o məhz qlobal düşüncə tərzi ilə siyasi, iqtisadi və humanitar sahələrdə regionda və dünyada cərəyan edən prosesləri yaxından izləməklə yanaşı, onlar arasındakı bağlılıqları və ayrıntıları da aydın görür, öz fəaliyyətində bunları nəzərə alır.

Bu amil Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun uğurla reallaşdırılmasında, beynəlxalq aləmlə əlaqə və münasibətlərdə, ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır. Həmişə olduğu kimi, Prezident İlham Əliyevin çıxışının ana xətti Qarabağ məsələsiydi. Prezident yenə də Azərbaycanın milli maraqlarını yüksək prinsipiallıqla sonadək müdafiə etdi. Bu çıxışla Avropanın mötəbər tribunasından “Ermənistan dövləti” mifi tamamilə darmadağın edildi!

Prezident İlham Əliyev bildirdi ki, ermənilər Dağlıq Qarabağda avtoxon deyillər və hazırkı Ermənistan Azərbaycan torpağında yaradılıb: “1918-ci ildə yaranan Azərbaycan dövlətinin qərarı ilə İrəvan Ermənistana verilib”.

Azərbaycan torpaqlarında artıq bir dəfə öz müqəddəratını təyin etmiş ermənilərlə bağlı ortaya çaxan haqlı sualı da Prezident avropalılara ünvanladı: “Ermənilər neçə erməni dövləti yaratmağı düşünürlər?”... Prezidentin bu qəbildən olan açıqlamalarının Ermənistanda ciddi rahatsızlıq yaratdığını düşmən ölkənin xəbər saytlarından aydın müşahidə etmək mümkündür.

İlham Əliyev Qarabağ konflikti ilə bağlı BMT-nin məlum qətnamələrinin hələ də həyata keçirilməməsini, AŞPA-nın qəbul etdiyi sənədlərin hələ də kağız üzərində qalmasını xatırladaraq mövcud durumdan çıxış yollarını göstərdi: “Beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə tərtib etməliyik. Beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin olunmalıdır”.

Nəhayət, Cənab İlham Əliyev AŞPA deputatlarının suallarını cavablandırarkən bir daha onu da təsdiq etdi ki, Azərbaycan Prezidenti tənqidə açıq, lakin istənilən haqsızlığı öz dəmir iradəsi və məntiqi ilə neytrallaşdırmağı bacaran, müstəqil və analitik mühakimə qabiliyyətinə malik, prinsipial siyasi xadimdir.

Azərbaycan Prezidenti öz güclü arqumentləri ilə bir daha nümayiş etdirdi ki, sifarişli iddialarla ölkəmizi gözdən salmaq, ona ləkə yaxmaq cəhdləri baş tutmayacaq və subyektiv mülahizələrin müəllifləri obyektiv reallıq qarşısında acizdirlər. O, açıq şəkildə bəyan etdi ki, bu hücumlar heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitika məsələləri ilə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Bu əsassız iddialar, mənasız hücumlar onun dəmir iradəsini sarsıda, Azərbaycan xalqının maraqlarına xidmət yolundan döndərə bilməz.

Prezident İlham Əliyevin mövqeyini həm də Azərbaycanı sevməyən müəyyən xarici dairələrə, onların sifarişlərini yerinə yetirən bəzi beynəlxalq hüquq-müdafiə təşkilatlarına tutarlı cavab da saymaq olar. İlham Əliyev həmin qüvvələrə göstərdi ki, heç kim müstəqil Azərbaycan dövlətinin siyasətinə təsir edə bilməz. Bu cəhdi göstərənlər öz qarşılarında Azərbaycan dövlətinin qətiyyətli iradəsini, sarsılmaz gücünü görəcəklər və... bütün çabalar iflasa uğrayacaq. Azərbaycan öz ideallarına doğru sürətlə irəliləyir və bu tabloda Qənimət Zahid, Leyla Yunus, Həbib Müntəzir... kimilərinə yer yoxdur.

AŞPA tribunasında çıxış edən insanın Azərbaycan Prezidenti olduğunu belə rahatca “unudan”ların Azərbaycandan danışmağa və özünü azərbaycanlı adlandırmağa haqqı qalmayıb. Onlar hər nədirlərsə, hər kimdirlərsə, Azərbaycana dəxli olmayan kəmfürsətlərdir.

Yazar: Aynur Camalqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR